Məlum olduğu kimi, ötən gün “Taxıl sazişi”nin müddəti başa çatıb. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Taxıl sazişi” anlaşmasının dayandığını, sazişin Rusiya hissəsi yerinə yetiriləndən sonra bu sövdələşmənin icrasına qayıdacaqlarını bildirib.
Birləşmiş Millətlər Təşkilatından (BMT) isə bildirilib ki, “Taxıl sazişi”nin tərəfləri onun uzadılması ilə bağlı BMT-ni xəbərdar etməyiblər və razılaşmaların uzadılması üçün sonuncu gün başa çatıb.
“Taxıl sazişi” nədir?
Məlumat üçün qeyd edək ki, Ukraynadan ərzaq ixracına dair saziş 2022-ci il iyulun 22-də Türkiyənin təşəbbüsü ilə İstanbulda 120 gün müddətinə bağlanıb. Sazişin vaxtı həmin müddətdən sonra üç dəfə - ötən ilin noyabrında, daha sonra isə bu ilin mart və may aylarında uzadılıb. Saziş Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Sənəddə həmçinin Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çıxışını təmin etmək nəzərdə tutulur.Rusiya tərəfi paketin həmin hissəsinin indiyədək yerinə yetirilmədiyini iddia edir.

Sazişdə iştirak edən tərəflərin (Rusiya, Ukrayna, Türkiyə, BMT) məsələ ilə bağlı mövqeləri isə bir-birindən fərqlənir. Bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın bu mexanizm üzrə bütün öhdəliklər yerinə yetirilənədək taxıl sazişində iştirakını dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə sazişin müddətinin uzadılması ilə bağlı nikbin fikirdədir. O hesab edir ki, bu məsələdə rusiyalı həmkarı ilə ortaq məxrəcə gələ biləcək. Verilən açıqlamalara əsasən, sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Ankaranın və Moskvanın fikirləri üst-üstə düşür. Üstəlik, Türkiyə hakimiyyət orqanları Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükünə necə başlamaq barədə fikirlər irəli sürüblər.
Qərb ölkələri və ABŞ isə israrla Rusiyanın bu müqiviləyə qayıtmasıyla bağlı çağırışlar edirlər.
“Taxıl sazişi”ndən ən çox kimlər faydalanıb?
Məlumata görə, taxıl dəhlizi ilə üç qitənin 45 ölkəsinə taxıl və digər ərzaq məhsulları ixrac edilib. Onun 46 faizi Asiyaya, 40 faizi Qərbi Avropaya, yalnız 12 faizi Afrikaya çatdırılıb. BMT-nin məlumatında isə bildirilir ki, “Taxıl sazişi” çərçivəsində Ukrayna bu vaxtadək 32,9 milyon ton taxıl və digər məhsullar ixrac edib. Gəmilər Ukraynanın üç əsas – Odessa, Çernomorsk və Pivdennyi limanlarından yola düşüblər.

“Taxıl sazişi” çərçivəsində Qara dəniz vasitəsilə daşınan yüklərin ən kiçik payını təşkil edən dünyanın ən kasıb ölkələri müqavilənin son iki ayında Ukraynadan yalnız bir partiya taxıl alıblar. Həmin Afrika ölkələrinə bu müddət ərzində Ukraynadan dəniz yolu ilə cəmi 0,7% yük ixrac olunub. Sözügedən ixrac zamanı bir gəmi ilə Efiopiyaya 20 min tondan bir qədər çox günəbaxan yağı çatdırılıb...
Son ik ay ərzində isə yüksək gəlirli ölkələr, əsasən Qərbi Avropa ölkələri yüklərin 36 faizini, yuxarı-orta gəlirli ölkələr yüklərin 42 faizini əldə edib.
BMT-nin statistikasına görə, saziş çərçivəsində Ukraynadan ən çox məhsul idxal edən ölkələr aşağıdakılardır:
1. Çin – 8 milyon ton;
2. İspaniya – 6 milyon ton;
3. Türkiyə - 3,2 milyon ton;
4. İtaliya – 2,1 milyon ton;
5. Niderland – 2 milyon ton;
Statistikaya görə, ixrac edilən məhsulun 51%-ni qarğıdalı, 27%-ni taxıl, 6%-ni günəbaxan yemi, 5%-ni günəbaxan yağı, 11%-ni isə digər məhsullar təşkil edib.
Qeyd edək ki, Rusiyanın Qara Dəniz Donanmasının Ukraynanı blokadaya alması səbəbi ilə dünyada ərzağın qiymətinin artdığı müşahidə edilir. Dünyanın ən yoxsul bölgələrinin qida tədarükü Qara Dənizi vasitəsilə həyata keçirildiyindən “taxıl sazişi”nin ləğvinin həmin bölgələrdə aclıq böhranına səbəb ola biləcəyi bildirilir.
Bəs “Taxıl sazişi”nin başa çatması növbəti ərzaq böhranına səbəb ola bilərmi?
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyanın “Taxıl sazişi”ndən çıxacağına dair gözləntilər böyük idi: “Türkiyə ilə Ukrayna rəhbərlərinin sonuncu görüşündə Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, o, avqust ayında Rusiya lideri Vladimir Putini Türkiyəyə dəvət edəcək və birlikdə taxıl koridoru məsələsini müzakirə edəcəklər. Əslində bu, Rusiyanın iyul ayında müqaviləni uzatmayacağının anonsu idi. Rusiyanın “Taxıl sazişi” ilə bağlı müəyyən tələbləri var idi. Həmin tələblərə görə, bundan sonra Rusiyanın aqrar sektoruna heç bir sanksiya tətbiq edilməməli, bu sahədəki sanksiyalar isə aradan qaldırılmalı idi”.

“Son 1 ildir taxılın qiymətində ucuzlaşma müşahidə edilirdi. Qiymətlər ortalama 30 faizə qədər ucuzlaşmışdı. Dünya Ərzaq Təşkilatının hesabatına görə, təkcə ötən ay iki faizlik ucuzlaşma qeydə alınmışdı. Amma taxıl koridorunun işləməməsi ilə birlikdə bu tendensiya dayanacaq. Məsələn, Rusiyanın "Taxıl sazişini" uzatmayacağına dair qərarından sonra artıq birjalarda taxılın qiyməti üç faiz bahalaşıb. Üstəlik müqavilənin başa çatması təkcə taxıl qiymətlərinə təsir etməyəcək. Bildiyimiz kimi, Ukrayna dünya bazarında əsas duru yağ ixracatçılarından biridir. Ona görə də, dünya bazarında duru yağ qiymətlərində də artım gözləniləndir”,-ekspert əlavə edib.
Ekspert qeyd edir ki, “Taxıl sazişi” dayansa da, ötən ilki gərginlik müşahidə olunmayacaq:“Keçən ildən fərqli olaraq qiymətlər kəskin bahalaşmayacaq. Burada bir neçə məqam var. Birincisi, ötən il hesab edirdilər ki, Ukraynadakı müharibəyə görə, bu ölkədən taxıl ixracıyla bağlı roblemlər yaranacaq. Amma indi bilirik ki, Ukrayna, Polşa və Rumıniya üzərindən Avropaya taxıl ixrac edir. İkincisi, keçən ildən fərqli olaraq bu il Rusiya, Braziliya və ABŞ dünya bazarına daha çox taxıl çıxarırlar. Bu ölkələrdə əkin yerlərinin sahəsi və məhsuldarlıq artıb. Bundan əlavə, Rusiya bu ildən taxıl ixracıyla bağlı rüsumu azaldıb. Bütün bu faktorlar taxıl qiymətlərinin kəskin bahalaşmasının qarşısını alacaq. Burada əsas narahatedici nüans Polşa və Rumıniya fermerləri ilə bağlıdır. Ötən ilin sonlarında Polşadan olan fermerlər Ukraynadan ucuz taxıl ixracına etiraz etmişdilər. Fermerlər ucuz Ukrayna taxılına görə, öz məhsullarını sata bilmədiklərini bildirdilər. Amma düşünürəm ki, bu narazılqlara baxmayaraq Ukrayanadan Avropaya taxıl ixracı davam edəcək”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər