Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda keçirdiyi uğurlu əməliyyatla PKK terror təşkilatının sözdə Türkiyə üzrə məsul şəxsini zərərsizləşdirib.

“AzPolitika.info” xəbər verir ki, məhv edilən terrorçunun “Özgür Şoreş” kod adlı Özgür Alparslan olduğu bildirilir.

2019-cu ildən PKK-nın Türkiyə üzrə məsul şəxsi olan Alparslanın Türkiyədə mülki əhali arasında təxribat törətmək və xaos yaratmaq kimi aksiyalar planladığı məlum olub. Onun şəxsən rəhbərlik edəcəyi aksiya üçün partlayıcı maddə axtarışında olduğu, həmçinin terror qruplaşmasının digər üzvlərini Türkiyəyə gətirməyə hazırlaşdığı bildirilir.

Eyni zamanda, o da müəyyən olunub ki, 28 iyul 2021-ci ildə Antalyanın Manavgat şəhərində başlayan və Muğla, Mersin və Hatayda 150 min hektardan çox meşə sahəsinin yanmasına səbəb olan aksiya məhz Alparslan tərəfindən planlanıb.

“AzPolitika.info”