Son günlər Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında maraqlı kitab təqdimatları edir. Dediyinə görə, məqsəd vətəndaşlar arasında kitaba marağın yüksəldilməsidir. Etibar Əliyevin başlatdığı kampaniya təhsil və elm ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir. Bəs cəmiyyətin kitaba münasibəti necədir?
Deputat Etibar Əliyev "modern.az"-a müsahibəsində bildirib ki, ölkəmizdə kitaba marağı yaş səviyyələrinə görə müəyyənləşdirmək olar. O deyib ki, gənclərin kitaba olan marağı təqdirəlayiqdir. Həmin müsahibəni təqdim edirik:
- Kitab mağazalarında kitab alan gənclərə rast gəlmək olur. Müşahidələrim göstərir ki, orta və yaşlı nəslin kitaba marağı azdır. Xüsusilə orta və ali məktəb məllimlərinin kitaba marağı üstünlük təşkil etməlidir. Onlar tədrislə məşğul olduqları üçün daha çox oxumalıdırlar.
-Bəzən deyirlər ki, “X” nəsli oxumur, əksinə elə oxuyan “X” nəslidir. Ancaq müasir gənclik nəyi oxuyur? Vaxtlarını nəyə sərf edirlər?
Onlara istiqamət vermək vacib məsələdir. Ölkə əhalisinin sayına görə kitab mağazalarının və kitabxanaların sayı çox azdır. Digər tərəfdən dilimizdə bütün sahələr üzrə ədəbiyyatların tərcüməsində kəmiyyət və keyfiyyət problemi var. Bunlar da oxucu kütləsinə təsir edən ciddi amillərdir. Vaxtilə “Kitab evi” və “Kitab passajı” kimi geniş kitab məkanları var idi. İndi onlar yoxdur. Buna baxmayaraq, “Əli və Nino”, “Libraff” kitab şəbəkələri, həmçinin “Bakı Kitab mərkəzi” kimi elitar kitab məkanları cəmiyyətimizdə öz yerlərini tutublar. Kitab çeşidi də normaldır, lakin buna mütənasib oxucu kütləsinin olması vacibdir.
- Sizcə, kitab oxuyanların sayının az olmasına səbəb nədir?
- Bəzən deyirlər ki, elektron vasitələr ənənəvi kitabı üstələyib. Bu səbəbdən kitab oxuyanların sayı azdır. Bu keçici bir dövr oldu. İndi kitaba böyük qayıdış var. Böyük filosof və yazıçı Umberto Ekonun maraqlı bir fikri var: “Don Kixotu ekrandan oxumağa çalışsanız gözləriniz tenis şarına çevrilər”.
Kitab hər zaman insanın yanında ola bilir. Kitabxanada oxuduğun kitaba zaman keçdikcə hər dəfə rast gələndə sənə doğma gəlir. Kitabların təşviqi çox vacibdir. Çox vaxt insanlar yeni çap olunan müxtəlif sahələr üzrə ədəbiyyatlardan xəbərsiz olurlar.
Ali məktəb müəllimləri dərs dedikləri fənlərdən tələbələri müxtəlif ədəbiyyatlarla tanış etməlidirlər ki, onlar müqayisə apara bilsinlər. Tələbələrin tədqiqata cəlb olunması üçün bu vacib amildir. Biz ali məktəbdə oxuyan vaxtı “Kvant fizikası”ndan bir müəllimimiz var idi. Bədii ədəbiyyatı da dərindən bilirdi. Mən Markesin, Kortasarın, Heminqueyin adını ondan eşitdim. Həmin kitabları axtardım, lakin onların yalnız kiçik hekayələri dilimizə çevrilmişdi. Buna baxmayaraq, müəllimimiz bizə ipucu vermişdi.
Böyük ingilis riyaziyyatçısı və filosofu Bertran Rasselin maraqlı bir fikri var: “tək kitablı adamdan qorxun”. Kitabxana quran adamlar nə qədər kitab toplayırlarsa buna qane olmurlar. Düşünürlər ki, yenə də nəsə çatmır. Kitab kitabı çağırmalıdır. Kitab özü ilə iki məşhur obraz yaradıb: Bibliofil və bibliomaniya.
Bibliofil- kitabın məzmununa baxmadan kitabı sevir. Əlbəttə, elə bibliofillər var ki, kitabları tematika üzrə toplayır, hətta onları oxuyurlar. Kitab oxumağı sevənlər və alimlər çox vaxt oxuduqları kitablarda onların marağını cəlb edən fikirlərin altından xətt çəkir, yaxud onları işarələyirlər. Belə kitablar başqalarının əlinə düşəndə özündən əvvəlki oxucunun zövqünə bələd olur.
- Bibliofillə biblioamaniyanın fərqi nədədir?
- Fərz edək ki, Qutenberqin Bibliyasını bir milyonçu çox baha qiymətə alıb. Biblioman olaraq o, bu kitabı sirli şəkildə saxlayacaq, onu heç kimə göstərməyəcək, təklikdə götürüb vərəqləyəcək və özünü xoşbəxt hiss edəcək. Bibliofil isə istəyir ki, onun kitabxanasını çox adam görsün. Mən kitab təqdimatı ilə məşğulam və maraqlananların sayının çox olmasına sevinirəm. Bu işi bir neçə il davam etdirəcəyəm. Kitabxanam hamı üçün açıqdır.
- Normal halda insan nə qədər kitab oxumalıdır?
- Sualınız maraqlıdır. Hər kəs ixtisası üzrə ən maraqlı kitabları tapıb oxumalıdır. Sonra həmin kitabları təşviq etməlidir. Əlavə ədəbiyyatların oxunması insanın erudisiyasını genişləndirir. Onun intellektual səviyyəsini yüksəldir. İnsanlar yalnız biliklərinə görə bir-birilərindən fərqlənməlidirlər. Nəhəng intellektualların yeganə silahı kitab olub, yenə də kitabdır. Bunun üçün dil bilgisi olduqca vacibdir. Daha çox kitab oxumuş və kitabları anlayan şəxslər həm də həddindən artıq maraqlı adamlar olurlar. Bu baxımdan intellektualların dialoquna diqqət edəndə yorulmursan, qibtə edirsən.
Təəssüflər olsun ki, bizim cəmiyyətdə belə dialoqlara az rast gəlmək olur. Cəmiyyətimizdə belə insanların sayı az deyil, sadəcə təqdimat və layihələr yetərli deyil. Kitab oxumaq insanın beyninin qidasıdır. Yaddaşı qoruyub saxlayır.
Bizim nümunəmizdə, məsələn, Azad Mirzəcanzadə və Cəmil Əhmədli ömürlərinin sonuna qədər oxudular və yazdılar. Lakin doymadılar. Nəhəng intellektuallar sırasında professor Qorxmaz Quliyevin və professor Rəhman Bədəlovun da adlarını iftixarla çəkmək olar. Gənclərdən isə Qismət Rüstəmov, Aqşin Yenisey və Fəxri Uğurlunun adını çəkə bilərəm.
Mən çox nəhəng bir intellektual tanıyırdım. Söhbət Dönməz Məcidovdan gedir. O, deyirdi ki, sənə lazım olan kitabı almağa pulun çatmasa evindən hansısa əşyanı satıb, onu əldə etmək lazımdır. Nəhəng kitabxanası var idi. Allah rəhmət eləsin!
- Ölkəmizdə kitaba marağı artırmaq üçün nə etməliyik?
- Kitaba maraq artmalıdır. Xüsusilə uşaqlar və gənclər arasında. Bu, ən çox valideynlərdən asılıdır. Oxuyan valideynin övladları da mütaliəyə həvəsli olur. Uşaqlara kiçik də olsa kitabxana qurmaq lazımdır. Ali məktəb tələbələri ilə kitabxanalarda tez-tez görüşlər keçirmək lazımdır. Ölkəmizdə keçirilən bir neçə kitab sərgisinin mütaliəyə təsiri oldu. Lakin bu cür tədbirlər kütləvi xarakter almalıdır.
Televiziyalar mütaliə mədəniyyətinin genişlənməsi üçün işlər aparmalıdır. Təəsüflər olsun ki, televiziyalar bu işdə çox passivdirlər. Kitabxanası olan şəxslər kitablarını cəmiyyətə təqdim etməlidirlər.
Kitab çapının tarixinə diqqət edək, elə bədii əsər, yaxud elmin populyarlaşdırılmasına dair əsər var ki, bir neçə milyon tirajla çap olunub. Hələ də çap olunur. Azərbaycanın böyük fikir adamlarının əsərləri çox az oxunur. Səbəb həmin şəxslərin cəmiyyətimizə təqdimatındakı problemlə bağlıdır.
Böyük yazıçılar və elm adamları ən çox sevdikləri kitabların siyahısını tərtib edib, cəmiyyətə çatdırırlar. Bunun özü də kitaba marağı artırır.
- Kitab oxuyanların sayının az olması cəmiyyətə necə təsir edir? Bunun gələcək üçün hansı fəsadları ola bilər?
- Cəmiyyətə təsiri böyükdür. Kitabın kütləvi çapı maarifçilik hərəkatı yaratdı. Məhz maarifçilik kitabla bağlıdır. Bizdə bütün elm sahələri üzrə bədii ədəbiyyat da daxil olmaqla kitab çapında geriləmələr mövcuddur. Tərcümələrdə ciddi qüsurlarla rastlaşırıq. Siz təsəvvür edin, Ədəbiyyat üzrə Nobel mükafatçıları seriyasında bir tərcüməçi həm yapon yazıçısı Kendzaburo Oeni, həm amerika yazıçısı Toni Morrisonu, həm portuqliya yazıçısı Joze Saramaqonu, həm də alman yazıçısı Tomas Mannı tərcümə edib. Özü də hamısını rus dilindən. Bu, oxucuya hörmətsizliklidir. Dünyanın heç bir ölkəsində belə tərcümə mədəniyyətinə rast gələ bilməzsən. Elmin popularlaşdırılması istiqamətində tərcümələr yox səviyyəsindədir.
İki cür təfəkkür forması var. Elmi və humanitar. Bir də hər ikisini birləşdirən sinergetik təfəkkür forması. İnsanda 3-cü inkişaf edərsə, o, daha çox fayda gətirə bilər. Təbiət elmlərinin nümayəndələri kitabxanalarında bədii ədəbiyyata yer ayırır, lakin humanitar sahənin nümayəndələri elmin popularlaşdırılmasına dair kitablara yer ayırmırlar.
Kitabxana bütöv və sonsuz olmalıdır. Belə kitabxanalardan biri kimi deputat həmkarım Fazil Mustafanın möhtəşəm kitabxanasını misal çəkə bilərəm. Kitab köməyimiz olsun!

Şərhlər
Etibar bəy yerə enin və Azərbaycan reallığından danışın.Azəraycanda bütün (98 faiz ) vəzifələrə təyin edilənlər milli qarışıqlar olduğu sirr deyiı.Hələ bura 1993-cü il ad-soyad dəyişmə fərmanından sonra azəraycanlaşdırılan erməni və kürdləri nəzərəalsanız daha dəhşətli səhnənin şahidi olarsınız.Belə bir anormal şəraitdə nəslən azəraycanlı olanların kənarda qalması halında Sizin bu yazınızın mahiyyəti anlaşılmaz deyilmi?Misal:hazirlər,İcra başçıları.deputatlar,hüquq mühafizə orqanları və sair.Görün bu sahələrdə nə sayda Naxçıvandan ,Ermənistandan gəlmişvətəndşlarf yüksək vəzifədədirlər.Sanki Azərbaycanın başqa rayon və şəhərlərində adam tapılmır.Bu reallığı unutma.
.En gozel istirahet kitab oxumaqdir ...Kitaba sevgi usaq yaslarindan baslayir evveler biz mektebde oxuyanda muellimlerimiz bize tetil zamani oxunacaq usaq edebiyyatlarinin adlarini yazib vererdi ..
Bizdə bu mümkün deyil,çünki bizdə insanlar qəti olaraq doğulduqları bölgəyə və gepard kimi sürətli qaçmağına görə fərqlənirlər.
Öz timsalımda deyə bilərəm ki, qiraətlə məşğul olmaq üçün təkcə sırf çap şəklində kitab və nəşrlərdən deyil, hımçinin elektron kitabdan da istifafə edirəm. Son zamanlar yalnız elektron kitabdan. Etibar müəllimin qaldirdığı məsələlər bu gün və gələcəyimiz üçün çox vacibdir.
BƏS İNSANLARIN BİLİKLƏRİNİ YOXLAYNLARIN ÖZ BİLİK DƏRƏCƏLƏRİ NƏ HALDADIR?
BİLİK YOXLANILIR,SUALLAR CAVABLANDIRILIR.BAL YIĞILIR AMMA ƏLABƏ SÖHBƏT ZAMANI MƏSƏLƏ BAŞQA CÜR HƏLL EDİLİR.BƏS BU NECƏ OLUR?SÖHBƏT ZAMANI VERİLƏN SUALLAR İSƏ BİLİK DƏRƏCƏSİNƏ AİD OLMAYAN,SƏVİYYƏSİZ VƏ YARASIZ SUALLAR OLUR VƏ BELƏLİKLƏ YAINIZ TAPŞIRILAN VƏ YA RÜŞVƏT VERƏNLƏR KEŞİR.BƏS BUNA NƏ DEYİRSƏN? BU SÖHBƏTİN MƏNASI VƏ MƏQSƏDİ YANLIŞ OLMQLA LAZIMSIZ DEYİL?