“Bir neçə ildən sonra deyəcəklər ki, “rus dili ikinci dövlət dili olsun”

Dövlət müstəqilliyimizin bərpasından 30 ildən artıq vaxt keçsə də, kinoteatrlarımız sanki hələ də sovet illərində ilişib qalıblar. Sovet dönəmindən fərqli olaraq, indi daha yeni və müasir tipli kinozalları yaradılsa da, həmin dönəmi xatırladan abu-hava, bəzi anti-milli ənənələr bu günə kimi qorunub saxlanılıb.

Ölkədəki kinoteatrlara daxil olarkən, insan bir anlığına Azərbaycanda yox, Rusiya Federasiyasında olduğunu düşünür. Bizi bu cür düşünməyə vadar edən səbəb isə kinoteatrların ağırlıqlı olaraq rus dilində yayımlanan filmlərə yer verməsidir.

Vəziyyət o qədər acınacaqlıdır ki, bu gün Azərbaycan vətəndaşı öz ölkəsində, ana dilində yayımlanan film tapa bilmir ki, izləsin. Əvəzində kinoteatrlarda izləyiciyə bütün kateqoriyalar üzrə, geniş çeşiddə rus dilində yayımlanan filmlər təklif olunur.

Yerli kinoteatrların uzun illərdir rus dilini təbliğ edən vasitəyə çevrilməsi, ana dilimizə qarşı edilən hörmətsizlik zaman-zaman kino həvəsakarlarının haqlı narazılığına səbəb olsa da, bu, heç bir nəticə verməyib. Təəssüf ki, aidiyyatı qurumların səriştəsizliyi və qanunvericilikdəki boşluqlar bu gün rus dilini kinotetarlarımızın “ana dili”nə çevirib. Bu məsələ mətbuat və ictimaiyyət tərəfindən dəfələrlə gündəmə gətirilsə də, problem öz həllini tapmayıb.

Bu barədə səlahiyyətli qurumların bildirdiyinə görə, xarici filmlərin Azərbaycan dilində dublyajı üçün mövcud şərait yoxdur və bu, baha başa gələn bir prosesdir. Kinoteatrlar isə rus dilində yayımlanan filmlərin çoxluq təşkil etməsinin onlardan qaynaqlanmadığını iddia edirlər. Cəmiyyətin bəzi kəsimində isə belə bir fikir formalaşıb ki, filmlə maraqlanan insanların əksəriyyəti rus dilli olduğu üçün kinoteatrlar yayımların məhz bu dildə aparılmasına çalışırlar.

Kinoteatrların rəsmi internet resurlarında yer alan kino afişalarını gözdən keçirərkən də bu qənatə gəlmək olur. Məsələn, ölkənin qabaqcıl kinoteatr şəbəkələrindən olan “CinemaPlus” 27 iyul tarixində kino həvəskarları üçün 206 film təqdim edir. Bu filmlərin 22-si ingilis dilində, 56-sı türk dilində, 128-i isə rus dilində yayımlanır. Azərbaycan dilində isə bir dənə də olsun film yoxdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, rus və ingilis dilində yayımlanan bəzi filmlərdə altyazılar Azərbaycan dilində yox, türk dilində təqdim edilir. 

Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunda kinoteatrlarla bağlı xüsusi bir norma olmasa da, Mədəniyyət Nazirliyinin 2011-ci ilin 15 iyul tarixli qərarına görə, ölkədə fəaliyyət göstərən kinoteatrlarda xarici filmlər Azərbaycan dilinə tərcümə edilərək (subtitrlərlə və ya dublyaj olunaraq) nümayiş etdirilməlidir.

İkinci ən böyük kino mərkəzi olan “ParkCinema”-da isə vəziyyət daha acınacaqlıdır. Belə ki, “ParkCinema”-da 27 iyul tarixində (Məqalə 27 iyul tarixində hazırlanıb-red.) yayımlanan 158 filmin 6-sı yapon, 9-u ingilis, 18- i türk, 125- i isə rus dilindədir. Bu kino mərkəzində də Azərbaycan dilində film yayımlanmır. Qeyd edək ki, digər kinoteatrlarda da vəziyyət aşağı-yuxarı bu formadadır...

Kinoteatrlar filmlərin daha çox rus dilində yayımlanmasını nə ilə izah edirlər?


Bu barədə “ParkCinema”nın Marketinq departamentinin rəhbəri Üzeyir Abdullayev “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, kinoteatrlar dublyajla məşğul olmurlar:“Kinoteatrlar müxtəlif xarici studiyalarla əməkdaşlıq edərək, onlardan film alırlar. Bu studiyalar isə Azərbaycana film verdikdə onu dublyaj etmirlər. Azərbaycan balaca bazar olduğundan, bu, biznes baxımından onlara sərf etmir. Bu səbəbdən də rusdilli filmlər Azərbaycan subtitrləri (alt yazı-red.) ilə verilir. Kinoteatrlarda əsasən rus dilli filmlərin yayımlanması isə regionla bağlı olan məsələdir. Bizim regiona təqdim olunan kontentlər rus dilində olur”.

Ü. Abdullayev subtitrlərlə bağlı da problemin olduğunu deyir: “Subtitrlərlə verilən filmlərdə çox vaxt sözlər düzgün tərcümə olunmur və ya düzgün sözlərdən istifadə olunmur. Bunları da studiya özü edir. Yəni, bu da bizim öhdəliyimizdə olan məsələ deyil. Əlbəttə, biz də istəyirik ki, filmlər Azərbaycan dilində yayımlansın və hər kəs tərəfindən izlənilə bilinsin. Amma təəssüf ki, bizim əlimizdə belə bir imkan yoxdur. Həmçinin studiyaların dublyajla bağlı öz qaydaları var. Məsələn, biz hər hansı bir filmi dublyaj etmək istəsək, mütləq bu qaydalara əməl etməliyik. Belə olan halda isə həmin dublyaj çox baha qiymətə başa gəlir. Digər tərəfdən, biz əmin deyilik ki, xərc çəkdiyimiz həmin film bazarda uğurlu olacaq, ya yox”.

“Ölkədəki müstəqil studiyaların heç birinin beynəlxalq standartlara cavab verən göstəriciləri yoxdur”

Aktyor Kamal Yaşar “AzPolitika.info”-ya şərhində bildirib ki, filmlərin dublyajı kinoteatrlar üçün o qədər də maraqlı deyil: Əgər kinoteatrlar bu problemi aradan qaldırmağa cəhd etsələr, bunun üçün xərc çəkməli olacaqlar. Kinoteatrlar bunun üçün hər hansı müstəqil dublyaj studiyası ilə müqavilə bağlamalı, ya da özü studiya yaratmalıdır. Yəni, məsələnin maliyyə tərəfini nəzərə alsaq, özəl kinoteatrlar bunu etmək istəməyədə bilərlər. Amma biz də özəl kinoteatrlarla yanaşı, dövlət kinotetarları da var. Məsələn, "Nizami" kinoteatrı dövlətə məxsusdur və onlar bunu etməlidirlər”.

K. Yaşar qeyd edir ki, bu məsələdə Mədəniyyət Nazirliyi və Audiovizual Şura müştərək şəkildə çalışmalıdır:“Hər hansı filmi alarkən həmin filmi istehsal edən xarici şirkət dublyaj üçün ayrıca hüquq verir. Bu hüququ ona görə verir ki, film lisenziyalı, beynəlxalq standartlara cavab verən bir studiyada dublyaj olunsun. Bu gün ölkədəki müstəqil studiyaların heç birinin beynəlxalq standartlara cavab verən göstəriciləri yoxdur. Deməli, burada həm də studiyanın qurulması məsələsi var və bu məsələdə dövlət dəstəyi olduqca vacibdir. Filmi istehsal edən tərəfi qane etmək üçün belə bir studiya yaradılmalıdır.

Bu studiyanın qurulması üçün iki münbit şərait var. Bunlardan biri “Azərbaycanfilm” Kinostudiyasının nəzdində olan səsyazma studiyasıdır. Hansı ki, ölkədəki ən yaxşı studiya hesab olunur. Sadəcə Sovet dönəmində tikildiyi üçün restavrasiya olunmalıdır.

Digəri isə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasıdır. Sovet dönəmində bizim bütün filmlərimiz burada dublyaj olunurdu. Bu studiya hələ də var, sadəcə yenilənməlidir. Həmçinin müstəqil şirkət olan Bakı Media Mərkəzinin də nəzdində belə bir lisenziyalı dublyaj studiyası qurmaq olar. Sadaladığımız obyektləri dövlət dəstəyi ilə kinoteatrlar üçün filmlər dublyaj edən bir mərkəzə çevirmək olar”.

“Müəyyən qüvvələr rus dilini yenidən Azərbaycana qaytarmaq istəyirlər”

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı isə “AzPolitika.info”-ya şərhində bildirib ki, kinoteatrlarımızda yayımlanan bütün filmlər Azərbaycan dilində olmalıdır:“Bunun üçün xüsusi bir qanuna ehtiyac yoxdur. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Deməli, kinoteatrlarda bütün filmlər Azərbaycan dilində olmalıdır. Xarici dillərin subtitrləri qala bilər amma dublyaj ana dilində verilməlidir. Əgər buna əməl olunmursa, bu, “Dövlət dili haqqında” Qanuna və konstitusiyaya ziddir. Bunun qarşısı dərhal alınmalıdır”.

“Təəssüf ki, bizim bütün işlərimiz tərsinədir. Bu gün hamının başa düşdüyü Anadolu türkcəsində buraxılan tarixi filmləri çox biabırçı şəkildə Azərbaycan dilinə tərcümə edirlər. Və bunu televiziya vasitəsilə bu formada da yayımlayırlar. Halbu ki, orta əsrlərin və ya qədim dövrün türkcəsi ilə Azərbaycan dili arasında heç bir fərq yoxdur”,-deputat əlavə edib.

S. Rüstəmxanlının sözlərinə görə, müəyyən qüvvələr rus dilini yenidən Azərbaycana qaytarmaq istəyirlər:“Rus dili əvvəlki kimi populyar deyil. İndi çox adam bu dili başa düşümür. Ölkədə rus dilində məktəblərin çoxaldılması, bu dilin kinoteatrlarımıza ayaq açması, yavaş-yavaş şəhərin ümumi həyatına soxulması o anlama gəlir ki, müəyyən qüvvələr rus dilini yenidən Azərbaycana qaytarmaq istəyirlər. Bir də görəcəkəsiniz ki, bir neçə ildən sonra deyəcəklər ki, "rus dili ikinci dövlət dili olsun". Bu, çox təhlükəli bir tendensiyadır və bunun qarşısı dərhal alınmalıdır”.

Qeyd edək ki, mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə üvanladığımız sorğu cavabsız qalıb.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi mövzusunda hazırlanmışdır.