“Azərbaycanda mövcud olan 1.4 milyon ədəd minik avtomobilinin 45%-inin (təxminən hər 2 avtomobildən birinin) "yaşı" 20 il və daha çoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev ölkənin avtomobil parkının vəziyyətilə bağlı rəsmi statistikaya istinad edərək yazıb. Onun sözlərinə görə, avtobus parkının vəziyyəti daha pisdir - 63% avtobusun istismar müddəti 20 ilin üzərindədir.

İqtisadçı əlavə edib ki, Azərbaycandakı bahalı maşın markaları ilə də bağlı ilk dəfə daha detallı məlumat açıqlanıb: “Ölkədə 63 ədəd “Rolls Roys” var. İstismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymətinin 500 min - 1 milyon manat aralığında dəyişir.

327 ədəd “Bentley” var. İstismar müddəti 10 ildən az olanların qiyməti 170 - 500 min manat intervalında dəyişir. Bunlardan 1 pillə aşağı sinifə aid olan “Lincoln” və “Alfa Romeo” kimi markaların sayı 424 ədəddir - ilindən asılı olaraq onların qiyməti 50-200 min intervalında dəyişir.

Bahalı markalar içərisində ən geniş yayılanı “Land Rover”dir: avtomobil parkında bu maşınlardan 8661 ədəddir. İstismar müddəti 10 il və daha az olanların qiyməti 100-450 min manat arasında dəyişir”.

R.Ağayev hesab edir ki, bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90% riyazi dəqiqliklə informasiya verir. Onun sözlərinə görə, maşın parkının "yaşı" isə ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır.

“Əgər bir ölkədə hər 2 avtomobildən 1-nin istismar müddəti 20 ildən çoxdursa, bu, yoxsulların mütləq üstünlüyü barədə fikir söyləməyə imkan verir. Zatən ölkədə az qala hər 3 ailədən 1-nin minik maşını var, onların da yarısı artıq "metalloma" gedəsidir”, - iqtisadçı əlavə edib.

Rasim

“AzPolitika.info”