Rusiya Müdafiə Nazirliyi avqustun 23-də üç pilotsuz təyyarənin Moskvaya hücum etdiyini bildirib. Onlardan ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları ərazisi üzərində hava hücumundan müdafiə sistemlərini vurub. Digəri isə elektron müharibə vasitəsi ilə düşürülüb, onun qalıqları Moskva şəhərində tikilməkdə olan binaya çırpılıb.

Rəsmi məlumata görə, hücum zamanı itki yoxdur. TASS-ın məlumatına görə, zərbədən binanın şüşələri sınıb.

“Mash” teleqram kanalı pilotsuz təyyarənin Moskva şəhərində göydələni vurmasını və müşahidə kamerasına düşən partlayışın videosunu yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarə tikintisi başa çatmamış “One Tower” yaşayış binasına dəyib və fasadın təxminən 100 kvadratmetr sahəsinə ziyan vurub. Dronlarla bağlı xəbərlər fonunda Moskva hava limanları növbəti dəfə təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.

Dronlar ardıcıl üçüncü gündür Moskvaya hücum edir və “Moskva Siti” biznes dairəsi hücum obyektinə çevrilib. İyulun 30-u və avqustun 1-də dronlar Rəqəmsal İnkişaf Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin yerləşdiyi göydələni vurub. Avqustun 18-də “Moskva Siti” qüllələri yaxınlığındakı “Expocentre”in ərazisinə pilotsuz təyyarənin fraqmentləri düşüb.

Rusiya hakimiyyəti hücumlarda Kiyevi günahlandırır. Ukrayna tərəfi isə bir qayda olaraq, şərh vermir.

“AzPolitika.info”


***

Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Moskvanın sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat verirlər.

"Xüsusən, Moskva şəhəri ərazisində, Vorotinskaya, Anqarskaya küçələrində, həmçinin Ximkidə və Mitinoda partlayışlar barədə məlumatlar var", - agentliyin həmsöhbəti bildirib.

Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.

“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, - mer bildirib.

Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

"Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - mənbə bildirib.