44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin ardından ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də, Qarabağ regionunun dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin yenidən qurulması və insanlarımızın öz ata-baba yurdlarına köçürülməsidir.
Bu mühüm məsələ ilə bağlı ölkə başçısının 16 dekabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Prezidentin fərmanına uyğun olaraq artıq iki ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, “Böyük Qayıdış” planının gerçəkləşməsi üçün dövlətin bütün imkanları səfərbər edilir.
Əhalinin qayıdışını təmin etmək üçn işğaldan azad olunan ərazilərimizdə tikiniti-quruculuq işləri sürətlə davam etdirilir. Hazırda erməni quldurları tərəfindən dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.

Qeyd edək ki, 19 iyul 2022ci il tarixdə Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün də sürətlə davam etdirilir. Birinci mərhələdə Ağalı kənidinə 10 məcburi köçkün ailəsi köçürülsə də, növbəti mərhələlərdə bu say get-gedə artır. Belə ki, artıq Ağalı inzibati ərazisində 108 ailə (526 nəfər) məskunlaşıb.
Xatırladaq ki, işğaldan əvvək Ağalı inzibati ərazisi özündə 3 kəndi birləşdirirdi. Həmin vaxt Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) məskunlaşmışdı.

Zəngilandan əlavə Laçın şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 29-da Laçına növbəti köç prosessi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən daha 13 ailə (52 nəfər) Laçın şəhərinə yola salınıb. Otuz bir ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub.

Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri Laçının gözəl mənzərəsini seyr ediblər. Bununla da Laçın şəhərində 247 ailə, yəni, 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

İndiyə qədər “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağa nə qədər əhali köçürülüb?
19 iyul 2022-ci il tarixdən bu günə qədər işğaldan azad edilən ərazilərə ümumilikdə 452 ailə (1855 nəfər) köçürülüb.
Bölgələr üzrə köç nisbəti aşağıdakı formadadır:
- Füzuli şəhəri - 70 ailə (247 nəfər)
- Laçın şəhəri - 234 ailə (904 nəfər)
- Ağalı kəndi - 108 ailə (526 nəfər)
- Talış kəndi - 20 ailə (90 nəfər)
- Zabux kəndi - 20 ailə (88 nəfər)
Məlumat üçün qeyd edək ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı nəzərdə tutulub. Bu ilin sonunadək Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı planlaşdırılıb.
Həmçinin bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıdışını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.


Şərhlər