Dövlət Miqrasiya Xidməti 2013-cü ilin iyun ayından bu günə qədər 100-dək britaniyalı mühəndisə Azərbaycanda yaşamaq və işləmək üçün müvafiq icazə verməkdən imtina edib
Dünən “Fairmont Baku” otelində Azərbaycan hökuməti ilə Böyük Britaniyanın BP neft şirkəti arasında müqavilələrin imzalanması mərasimində qalmaqal yaranıb.
Hərçənd rəsmi mənbələrin məlumatına görə, BP ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında əməkdaşlıq haqda üç müqavilə, o cümlədən “BP-nin layihələrindəki kadrların milliləşdirilməsi sahəsində ARDNŞ-lə BP arasında əməkdaşlıq haqqında protokol”, “Yerli kadrların təhsili sahəsində qarşılıqlı anlaşma haqqında memorandum” və “Bakı Ali Neft Məktəbində təhsil sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında memorandum” imzalanıb.
Virtualaz.org saytı isə xəbər verir ki, rəsmi mənbələr tərəflər arasında müzakirə mövzusu, daha sonra da ixtilaf predmeti olan dördüncü və daha vacib sənəd barədəki məlumatı ictimaiyyətdən gizlədiblər. Əldə etdiyimiz məlumata görə, Azərbaycan hökumətinin nümayəndələri məhz bu sənədi imzalamaqdan ən son anda imtina ediblər.
Mötəbər mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, bugünkü mərasimdə Azərbaycan tərəfi ilə BP arasında dördüncü sənəd də imzalanmalı imiş, amma Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi onu imzalamaqdan son anda imtina edib. Həmin sənəd belə adlanırmış: “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə BP arasında miqrasiya sahəsində qarşılıqlı anlaşmaya dair memorandum”.
Sənədlərin imzalanması mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev və BP-nin regional prezidenti Qordon Birrel iştirak ediblər.
Xəbərdə deyilir ki, R.Abdullayev lap əvvəldən, imzalama mərasiminin açılışı zamanı britaniyalı mütəxəssislərin Azərbaycanın neft sektoruna işə cəlb olunması sahəsində çətinlik və problemlərin olmasına eyham vurub. O, açıq şəkildə deyib ki, yerli miqrasiya qanunvericiliyinin tələblərinə əməl etmək Azərbaycanın neft-qaz sənayesi sahəsində işləyən xarici şirkətlərdən ötrü məcburi şərtdir. Onun sözlərinə görə, ARDNŞ neft-qaz sektorunda çalışan kontingentin milliləşdirilməsi və bütün lazımlı mütəxəssislərin yerli kadrların gücü ilə hazırlanması vəzifəsini öz üzərinə götürüb.
Qeyd edək ki, ARDNŞ-lə Dövlət Miqrasiya Xidməti xarici vətəndaşların ölkənin neft-qaz sənayesi sahəsinə cəlb olunması məsələsinə nəzarəti son vaxtlar öz əlinə alıb. Onlar bu sahədə daha çox yerli resurslardan istifadə etməyə çalışırlar.
Beləliklə, belə aydın olur ki, ARDNŞ neft-qaz sənayesi sahəsində özünün avtomatlaşdırılmış kadr bazasını yaradıb və xarici şirkətlərə də həmin bazadan birgə istifadə variantını təklif edir. Yəni əgər hansısa xarici neft şirkətinə mütəxəssis lazımdırsa, həmin şirkət o kadrı ilk növbədə ARDNŞ-in məlumat bazasında axtarmalıdır. Əgər bəlli olsa ki lazımi mütəxəssis bu məlumat bazasında yoxdur, onda ARDNŞ Dövlət Miqrasiya Xidmətinə müvafiq məzmunda məktub göndərir. Dövlət Miqrasiya Xidməti isə öz növbəsində həmin xarici şirkətə başqa ölkədən əcnəbi işçi gətirmək icazəsi verir...
Azərbaycan hökumətinin miqrasiya məsələsindəki tələbi budur. Xarici şirkətlər bundan sonra məhz bu qaydalar əsasında işləməyə məcburdurlar.
Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfinin bu qərarı BP-ni qətiyyən razı salmayıb. Belə ki, Dövlət Miqrasiya Xidməti 2013-cü ilin iyun ayından bu günə qədər 100-dək britaniyalı mühəndisə Azərbaycanda yaşamaq və işləmək üçün müvafiq icazə verməkdən imtina edib.
Mənbəmiz deyir ki, Azərbaycan hökumətinin bu sərt addımının nəticələri çox ağır olub. Britaniyalı mühəndislərin Azərbaycandan faktiki olaraq deportasiya edilməsi yeni “Qərbi Çıraq” platformasında neft hasilatı işlərinə başlamağı xeyli - təxminən 70 gün ləngidib.
Mənbəmiz onu da bildirir ki, Azərbaycan tərəfi “BP-Azerbaijan” şirkəti rəhbərliyinə daxil şəxslərin istefaya göndərilməsi məsələsini də birmənalı şəkildə qaldırıb. Burada söhbət şirkətin prezidentindən və vitse-prezidentindən gedir.
Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban bu qalmaqalı virtualaz.org saytına şərh edib. Bu məsələdə heç bir siyasi məna çaları görmədiyini deyən eskpertin sözlərinə görə, Azərbaycan tərəfi bu yolla çalışır ki, xarici mütəxəssislərin Azərbaycanın neft-qaz sənayesinə cəlb olunması prosesini tamamilə öz nəzarətinə alsın: “Əgər Qərbin indiki hakimiyyəti dəyişmək arzusu olsaydı, onda Azərbaycan hökumətinin bu həyəcanını başa düşmək olardı. Onda demək olardı ki, Qərb neft mütəxəssisləri adı ilə bura öz casuslarını yerləşdirir. Amma belə deyil. Seçkilər arxada qalıb. Qərb onun nəticələrini tanıyıb. Mən Azərbaycan hökumətinin bu hərəkətinin səbəblərini anlaya bilmirəm. Görünür, hakimiyyət xarici neft şirkətlərinə yalnız bir məqsədlə - onların üzərində nəzarət qoymaq məqsədilə təzyiq göstərir”.
İ.Şaban bizim “Dövlət Miqrasiya Xidməti 100-dək britaniyalı mütəxəssisə burada yaşamaq və işləmək icazəsi verməkdən niyə imtina etdi” sualımıza belə cavab verdi: “Bu da təzyiqin bir formasıdır. Azərbaycanda hətta normal qaynaqçı da yoxdur. Anlaya bilmirəm ki, yüksək ixtisaslı əcnəbi mütəxəssisləri faktiki olaraq ölkədən qovan bizim hökumət nəyə arxayındır. Azərbaycanda onlar səviyyəsində peşəkarlar yoxdur. Varsa da onların çoxu artıq çıxıb gediblər və xaricdə işləyirlər. Mənə də çox maraqlıdır ki, ARDNŞ belə mütəxəssisləri haradan tapıb işlədəcək...”


Şərhlər