Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov “RTV” internet kanalına müsahibə verib.

“AzPolitika.info” xəbər verir ki, sabiq Baş nazir müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

N.Məmmədov qeyd edib ki, onun fəaliyyəti dövründə şəxsi xahişlər çox olmasa da, başqa yollarla məqsədini həyata keçirənlər var idi: “Şəxsi xahişlər çox olmazdı. Məsələn, bir-iki nəfər var idi ki, mən onları heç yaxınıma buraxmırdım. Siz bura gəlməyin demişdim. Xahiş eliyənlər də bilirdilər ki, mən bunu edən deyiləm. Başqa yollarla edirdilər bunu. Mənim müavinlərim var idi... Hər halda, xahişlərini edə bilərdilər”.

Bu mövzudan danışarkən sabiq Baş nazir sensasiyalı bir məsələni açıqlayıb, vurğulayıb ki, onun baş nazirliyi dövründə bütün nazirlərdən aylıq haqq alan bir neçə nəfərin işinə son verilib: “Bu cür işlərnən məşğul olan adamlardan bəzilərini işdən çıxartmışam. Aylıq bütün nazirlərdən haqq alan var idi. Nazirlərin hamısına haqq qoymuşdu ki, “mənə verməlisən”. O vaxt bilirdim ki, belə şeylər var. Əvvəlcə də var idi. Mən gələndən sonra onu yanıma çağırdım və hamısını özünə dedim. Dedim ki, ya özün ərizəni yaz, ya da özüm səni işdən çıxardacağam. Sakitcə öz ərizəsini yazıb gətirdi. Bir-iki nəfər idilər. Amma biri əsas güclü idi”.

Xatırladaq ki, N.Məmmədov Baş nazir təyin olunduqdan sonra Nazirlər Kabinetində o qədər də ciddi kadr dəyişiklikləri etməmişdi. Onun işdən çıxardığı ən böyük fiqur Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev idi. N.Məmmədov vəzifəyə təyin olunduqdan bir neçə ay sonra onu istefaya göndərmişdi. Ağa-Bala Hacıyev 2003-cü ildən, yəni 15 il idi ki, bu vəzifədə çalışırdı...

“AzPolitika.info”