Hərbi ekspert: “Qarabağdakı tərk-silah prosesi bir çox silah tüccarlarının ifşasına rəvac verəcək”

Azərbaycan torpaqlarının Ermənistan işğalında olduğu 30 il ərzində, bu ərazilər bir çox cinayətkar şəbəkələrin, o cümlədən, beynəlxalq silah tüccarlarının “oylağına” çevrilmişdi.

Bu sözləri “AzPolitika.info”-ya müsahibəsində hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Ekspert qeyd edir ki, bu günə kimi təslim edilən və ya Azərbaycan silahlı qüvvələrinin özünün aşkarladığı, əməliyyat zamanı ələ keçirdiyi silahlar və texnika Qarabağda olan silah-sursatın sadəcə bir qismidir.

“Tərk-silah prosesi hələ davam edir və bu proses taburlardan diviziyaya doğru tədricən aparılırr. Qarabağda müxtəlif kənd və qəsəbələrdə illər boyu onlarla silah deposu yaradılıb. Son videolardan da görünür ki, bu depoların çoxu mülki obyektlərdə, fermalarda qurulub. Təbii ki, mülki əhaliyə də paylanılan silahlar var. Bu və digər silahların təhvil alınması prosesi müəyyən zaman alacaq. Düzdür, bəzi qruplar silahlı mübarizəni davam edəcəklərini bəyan ediblər. Amma onların bölgədə nə siyasi, nə də hərbi gücü Azərbaycan üçün təhlükə yaratmağa qadir deyil. Düşünürəm ki, bölgədəki antiterror tədbirləri kiçik miqyasda, ayrı-ayrı yerlərdə bir müddət davam edəcək.

Silahlı qüvvələrimizin qısa müddət ərzində separatçı rejimin güclərini və Ermənistan ordusunun qalıqlarını darmadağın etməsi onu göstərdi ki, birliklərimizin lokal şərtlərdə hazırlıq səviyyəsi yetərincədir. Sonrakı aylarda terrorçu qrupların bölgədən təmizlənmə prosesi Azərbaycan Silahlı Qüvvələri üçün ciddi problemlər olmadan keçəcək. Hazırda tərk-silah prosesi ilə paralel olaraq, ərazilərin minalardan təmizlənmə prosesi də gedir. Bildiyimiz kimi, bu ərazilərdə minlərlə mina basdırılıb. Ona görə də, bu minaların təmizlənməsi bir qədər zaman tələb edir, - deyə hərbi ekspert vurğulayıb.

Elxan Şıxəliyev əlavə edib ki, tərk-silah prosesi bir sıra beynəlxalq cinayətkar qrupların ifşası üçün də imkanlar yaradır: “Müdafiə Nazirliyinin paylaşdığı videolardan da görünür ki, separatçı qüvvələr yalnız SSRİ və Rusiya istehsalı olan silahlardan istifadə etməyiblər. Hərbi qənimətlərə baxarkən, Çexiya, Slovakiya, Hindistan, İran və Serbiya kimi ölkələrdən də gətirilmiş silah və sursatlarla rast gələ bilərik. Düşünürəm ki, Azərbaycan Müdafiə Nazirliyi hər şeyi sənədləşdirir, həmin silah və sursatların Azərbaycan torpaqlarına gətirilməsi məsələsi, onların mənşəyi və bu prosesdə yer alan şəxslərlə bağlı da ciddi araşdırma başlayacaq”.

Ekspert hesab edir ki, Qarabağa silah daşıyan silah tüccarlarının ifşası, habelə, silahların mənşəyi və tranzit prosesinin araşdırılmasında xarici dövlətlər də maraqlı olmalıdır.

“Beynəlxalq silah tüccarların bölgədəki fəaliyyəti, hətta, onların müxtəlif dövlətlərin yüksək rütbəli zabir və məmurları ilə işbirliyi, korrupsiya mexanizmlərində iştirakı heç kimə sirr deyil. Lakin ordumuzun Qarabağda ələ keçirdiyi silah və sursatlar daha geniş, daha detallı araşdırmalar üçün yeni imkanlar açır. Qarabağın ermənilər yaşayan əraziləri  30 il boyunca silah və narkotik ticarətindən milyonlar qazanan cinayətkar şəbəkələrin “oylağı” olub. Düşünürəm ki, tərk-silah prosesi ayrı-ayrı cinayətlər faktlarının üzə çıxması, xarici dövlətlərin hərbi-siyasi dairələrində olan korrupsiya əməllərinin də ifşası üçün rəvac verəcək”, - deyə Elxan Şıxəliyev fikrini yekunlaşdırıb.

Rüfət Əhmədzadə

AzPolitika.info