Dünyanın aparıcı media orqanlarından olan “CNN” nəşri ABŞ kəşfiyyatındakı mənbələrinə istinadla məlumat yayıb ki, İran qarşıdakı saatlarda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə hücum edəcək.
Məlumata görə, İranın dəstəklədiyi proksi qüvvələrin ABŞ qüvvələrinə qarşı hücumu artırmağı planlaşdırdığına dair kəşfiyyat məlumatları mövcuddur.
“Bu qruplar artıq İraq və Suriyada ABŞ qüvvələrinə qarşı bir neçə pilotsuz təyyarə hücumu həyata keçirib. Lakin indi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində məlumat var ki, İsrail və HƏMAS arasında müharibənin getdiyi vaxt belə hücumlar arta bilər”, - CNN yazır.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirir ki, İran bölgədəki silahlı qruplarına ABŞ və İsrail hədəflərinə hücum etmək təlimatı verib. Bu hücumun yaxın saatlarda baş verə biləcəyi gözlənilir.
Vaşinqton müxtəlif səviyyələrdə İrana xəbərdarlıqlar edib. Dövlət katibi Entoni Blinken də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, İranla hərbi qarşıdurmanın baş verməsini istəmirlər, lakin ABŞ qüvvələrinə hücum edilərsə, cavab veriləcək. Beynəlxalq mütəxəssislər hesab edirlər ki, mövcud situasiyada Yaxın Şərqdə ABŞ qüvvələrinə hücum olarsa, bu, genişmiqyaslı hərbi toqquşmaya səbəb olacaq və bu halda İsrail-HƏMAS müharibəsinin yaxın perspektivdə regional müstəviyə keçə biləcəyi istisna edilmir.
Bəs İran birbaşa və ya bölgədəki proksi qüvvələrindən istifadə edərək ABŞ-a hücum edə bilərmi?

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz “AzPolitika.info”-ya şərhində bildirib ki, belə bir ehtimal az olsa da, var:“Açığı İranın özünə qarşı hər hansı bir hücum olmadan belə bir addım atacağını düşünmürəm. Amma fikir versək görərik ki, bu günə qədər düşünmədiyimiz, olmaz dediyimiz nə qədər hadisə baş verib. Deməli, bu da ola bilər. Çox az ehtimal olsa da, belə bir hadisə baş verə bilər”.
“Yaxın Şərqdəki bu müharibə axır-əvvəl İrana çatacaq. Çünki bu müharibə başlayan gündən “Yaxın Şərqi yenidən dizayn edəcəyik”, “Bütün təhdid ünsürlərini ortadan qaldıracağıq” kimi ifadələr işlədilir. Burada əsas hədəf İrandır. Amma hazırda bunun nə zaman və necə baş verəcəyini demək çətindir”,-deyə o, bildirib.
Y. Karauz qeyd edib ki, İranın heç bir səbəb olmadan ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinə qarşı hücumu intihar aktı olar:“İranın belə bir addım atması bir dövlət kimi məhv olması deməkdir. Əgər onlar belə bir addım atsalar bu zaman İran ərazisindəki nüvə proqramı mərkəzləri, dəniz və hava limanları məhv ediləcək. Onsuz da hazırda ABŞ-ın təyyarə daşıyan gəmiləri Yaxın Şərqdə yerləşib. ABŞ qitələrarası balistik raketlərindən də istifadə edərək havadan, qurudan və dənizdən İranın bütün hədəflərini məhv edə bilər”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər