2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində Kreml ölkə üzrə “Bu, bizim ailədədir” müsabiqəsi keçirəcək.
“AzPolitika.info” “Meduza”ya istinadla xəbər verir ki, iştirakçılar arasında beş milyon rubl dəyərində 30 mənzil sertifikatı, Rusiyaya 300 səyahət və digər hədiyyələr oynanılacaq.
Müsabiqə hazırkı çətin anlarda baş tutacaq seçki kampaniyası üçün müsbət fon yaratmaq məqsədi daşıyır.
Formal olaraq müsabiqənin seçkilərlə heç bir əlaqəsi yoxdur, lakin onun əsas mərhələləri Vladimir Putinin prezidentlik kampaniyası ilə üst-üstə düşəcək. Mənbələrə görə, bu, “bir bayram əhval-ruhiyyəsi” yaratmalıdır.
Federal mediaya müsabiqəni geniş işıqlandırmaq tapşırılıb. Nəşr qeyd edir ki, vilayət administrasiyaları və media hələlik müsabiqə ilə bağlı məlumat yaymayıb.
Müsabiqənin təşkilat komitəsinə Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko rəhbərlik edir. Tədbirin müşahidə şurasına estrada ifaçıları Dmitri Malikov və Sergey Jukov, saksafonçu İqor Butman, “Black Star Inc.” etiketinin baş direktoru daxildir. Müsabiqənin tərəfdaşları arasında “Rosatom”, “Roskosmos” və “RusHydro” dövlət korporasiyaları var.
Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməlidir. Onun tarixi hələ təyin edilməyib. Putin daha bir müddətə namizəd olub-olmayacağını hələ təsdiqləməyib. Digər mümkün namizədlər də niyyətlərini açıqlamayıblar.
“AzPolitika.info”


Şərhlər