Məlum olduğu kimi, Ermənistan hökumətinin dünən keçirilən iclasında Qarabağı tərk edən n ermənilərə “qaçqın” statusu verilməsinə dair qərar qəbul edilib.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu qərarın Qarabağı tərk edənlər tərəfindən birmənalı qarşılanmadığını yazıb.

Qəzet bildirir ki, sözügedən ermənilərin bir qismi hökumətin bu qərarını müsbət qarşılayıb: “Onların bir hissəsi bu qərarı səbirsizliklə gözləyirdi. Çünki Ermənistan hökumətilə bağlı onların heç bir ümidi yoxdur. Bu status isə onlara istənilən ölkədə siyasi sığınacaq almaq üçün müraciət etmək imkanı yaradır”.

Lakin qəzetin yazdığına görə, hökumətin bu qərarına üzülən ermənilər də var: “Digərləri, “artsax”ın gələcəyinə ümid bəsləyənlər isə ümidsizliyə qapılırlar. Onlar düşünürlər ki, Nikol Paşinyan yaxın zamanda “artsax”-ın statusu və onların öz vətənlərinə qaytarılması ilə məşğul olmaq barədə fikirləşmir. Bunun əvəzinə, Paşinyan bu “baş ağrısı”ndan qurtulmağa cəhd edir və Qarabağı tərk edənlərə bu statusu verməklə yaxın gələcəkdə Ermənistanı “artsaxlılar”dan azad görməyə ümid edir. Hansı ki, onlar artıq bu statusla başqa ölkələrdə məskunlaşacaqlar. Deməli, insan yoxdursa, problem də yoxdur”.

“AzPolitika.info”