“İsrail işğal altında olan Qəzza bölgəsinə apardığı PKK terrorçularına 2200 dollar ödəyəcək. “Peşmərgə” isə hazırda İsrail tərəfdən vuruşmaq üçün hərbçi toplamaqla məşğuldur”.

“AzPolitika.info” xəbər verir ki, belə bir iddia ilə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi” çıxış edib.

Nəşr öz mənbələrinə istinadla yazır ki, İsrail müharibə zamanı ölən və yaralanan PKK terorçularının hər birinə 25 min dollar təzminat ödəyəcək.

Məlumata görə, HƏMAS-ın tunellərinə girib çıxa bilməyəcəyini anlayan İsrail Qəzzaya mümkün quru hücumunda PKK terrorçularından istifadə etməyi planlaşdırır. Bu plan çərçivəsində Avropa, İraq, Suriya və ABŞ-dan 2000-ə yaxın terrorçu və muzdlu əsgərin 3 təyyarə reysi ilə İsrailə köçürüldüyü bildirilir.

“Şimali İraqdakı “Peşmərgə” qüvvələrinin də İsrail tərəfdən vuruşacağı öyrənilib. Sahə mənbələrindən verilən məlumata görə, İsrail təşkilatları 1958-ci ildən bəri Tel-Əviv rejiminin verdiyi dəstəyi xatırladaraq Şimali İraqdakı kürdlərə yeni hərbçilər göndərməklə bağlı tapşırıq verib. Hazırda Ayn əl-Ərəb düşərgəsində israilli bir polkovnik və 7 hərbçi şəhər müharibəsində təcrübəli insanları orduya cəlb etməyə çalışır. İraq və Suriyadan cəlb edilən yaraqlılara İsrail vətəndaşlığı verilir. Bunlar üç təyyarə ilə İsrailə aparılıb. Son uçuş oktyabrın 29-da həyata keçirilib. İsrailin cəbhəyə göndərdiyi şəxslərdən 8-i artıq qarşıdurmalar zamanı həlak olub”,-deyə nəşr qeyd edib.

Türkiyə nəşri yazır ki, müəyyən qüvvələr kürdlərin İsraillə ortaq olduğunu göstərməyə çalışır.

“100 il əvvəl erməniləri şirnikləndirən qüvvələr indi kürdləri hədəf alıblar. Bu qəddar bir tələdir. Məlum məsələdir ki, bu müharibədə kürdlər Qəzza xalqının və Fələstin müqavimətinin tərəfindədir. Güclülərin yanında qalmaqla qazana biləcəyini düşünənlər tarixi xəyanətə imza atırlar. İsrailin tərəfində olan kürdlər İsraillə birlikdə İslam dünyasının yeni tənqid hədəfinə çevriləcəklər. İsraillə əməkdaşlıq kürdlərə heç bir üstünlük verməyəcək. İsrail üçün kürdlərin həyatı, sivilizasiyası, torpağı və tarixi fələstinlilərin həyatından daha dəyərli deyil. Kürdlər yalnız doğru yerdə dayanmaqla tarixi qazanc əldə edə bilərlər. O yer İsrailin yanında deyil. İsrail artıq bu müharibənin mütləq uduzan tərəfdir. Sadəcə olaraq, güc və qırğın yolu ilə prosesi uzatmağa çalışır. ABŞ, Rusiya və ya hər hansı digər qlobal güclə, xüsusən də İsraillə əməkdaşlıq tarixi fəlakətdir”,-deyə nəşr qeyd edib.

“AzPolitika.info”