“Ermənistanda Nikol Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub:“İlk Prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və Baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 11 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib”.

Ekspert iki gün əvvəl Milli Təhlükəsizliyi Xidmətinin aşkara çıxardığı "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılmasınə təsadüf hesab etmədiyini deyir.

“Həbs olunanların mənzillərində Rusiya Federasiyasına məxsus olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanmasının, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir”, - o vurğulayıb.

İlham İsmayıl Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə bağlı məlumatını iki aspektdə təhlil edir: “Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb. İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və bu, Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “Severnıy listopad” əməliyyatı... Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişinə hazırlaşdığını xüsusi qeyd etmişdi. Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur. Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir...

İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərbin qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda, əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayı yolla bağlı olmasın”.

Təhlilçi hesab edir ki, Roma Statusunu qəbul etdikdən sonra Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi demək mümkündür.

“Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilər. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur”, - o qeyd edib.

Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqtidarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər?

İ.İsmayıl suala cavabında deyir ki, hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. “Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər”, - o vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”