“Gələcəkdə Yazıçılar Birliyinin sədri kim olacaqsa, o, mütləq deputat olmalıdır. Deputat nüfuzdur, deputat(lıq) imkandır ki, orada öz sözünü desin...” Bunu Yazıçılar Birliyinin(YB) sədri Anar “Reaksiya.tv”-yə müsahibəsində deyib.
Anar həmin müsahibədə hələ 1995-ci ildə “Prezident Aparatının çox məsul bir işçisinin” zəngindən və onun “namizədliyinizi Göyçaydan verməlisiniz” tapşırığından sonra öz namizədliyini verdiyini və deputat olduğunu etiraf edib. Lakin 2005-ci ildə növbəti dəfə deputat ola bilməməsindən gileylənən Anar ona qarşı Göyçayda “oyun qurulduğunu”, səslərinin azaldıldığını iddia edib, hətta göyçaylılardan incikliyini də gizlətməyib. Baxmayaraq ki, əslində, göyçaylıların Anardan deputat kimi inciməyə daha çox haqqı var...
Bütün bunların “bir nəfərin” onun deputat olmasını istəməməsilə əlaqələndirən yazıçı həmin “bir nəfərin” ad çəkmədən Ramiz Mehdiyev olduğuna eyham vurub. Həmçinin baş verənləri özünə qarşı “ədalətsizlik” adlandıran Anar “ədalətin(özünə qarşı-C.M.) bərpa olunması üçün yenə deputat olmaq istəyərəm”, - deyə bildirib.
Burada yəqin ki, 85 yaşlı YB sədrini deputat olmaq istədiyinə görə qınayacaq bir şey yoxdur. Anar yaşının çoxluğuna baxmayaraq, hazırda Milli Məclisdəki deputatların heç birindən nə əskikdir, nə də artıq. Parlamentdə Anardan yaşca iki-üç dəfə(!) kiçik olan “lal deputatlar” var. Digər yandan, bu xalq çoxdan parlament institutundan əlini üzüb, Anar orada olsa nə olacaq, olmasa nə...
Lakin məsələ Anarın özünəməxsus “ədalət axtarışına” çıxmasındadır. Deputat “seçilmədiyi” üçün özünə qarşı böyük ədalətsizlik edildiyini bildirən Anarın onu “öz seçiciləri” də daxil omaqla, bu məmləkətdəki sıravi vətəndaşlara qarşı məmurların, nazirlərin, hüquq-mühafizə orqanlarının və s. aydın, gözlə görünən ədalətsizliklərinə etiraz etdiyini bir dəfə də olsa, görən olubmu?
Elə təkcə YB-dəki son ev bölgüsünə diqqət yetirmək kifayətdir ki, Anarın “ədalət kriteriyaları”nı anlayasan. Öz sürücüsünə, texniki işçilərinə ev payladığı, eləcə də eyni adamlara ikinci dəfə ev verdiyi halda, mənzilə gerçək ehtiyacı olan evsiz-eşiksiz yazıçılar, şairlər kənarda qalıb. Belə bir qısır ədalət anlayışı olan şəxsin yenidən deputat təyin olunmamasını ədalətsizlik kimi qələmə verməsi ikrah hissindən başqa heç nə doğurmur...

Yeri gəlmişkən, jurnalistlərin ev bölgüsündə yol verdiyi əməllərə görə hazırda həbsdə yatan keçmiş KİVDF sədri Vüqar Səfərli Anarla müqayisədə daha “şükürlü” görünür. Hər halda, Səfərlinin siyahısındakı adamların hamısı olmasa da, böyük hissəsi doğrudan da bu mənzillərə layiq olan jurnalistlər idi. İnsafən onu da nəzərə almaq lazımdır ki, jurnalistlər üçün ev bölgüsündə son söz Səfərlidən daha çox Əli Həsənova məxsus idi. Yazıçıların ev bölgüsündə isə Anara Prezident Administrasiyasından kimlərinsə göstəriş verməsi inandırıcı deyil. Deməli, bu “ədalətli bölgü” elə Anarın öz “əsəridir”. Belə bir bölgü və ədalət “prinsipləri” olan adamın deputat mandatsız qaldığına görə gileylənməyə mənəvi haqqı varmı?
Anar müsahibələrinin birində onu da deyb ki, “mənə dünya şöhrətli yazıçı deyəndə ətim tökülür”. Doğrusu, Anarla bağlı səslənən bu ifadədən təkcə onun özü yox, onun oxucuları və onu tanıyanlar da ət tökür. Ən azından ona görə ki, heç bir dünya şöhrətli yazıçı Prezident Administrasiyasının korrupsioner reputasiyalı başçısından gələn zənglə deputat olmağı özünə yaraşdırmazdı...
Təəssüf ki, Yazıçılar Birliyi hər nə qədər ictimai qurum statusu daşısa da, faktiki olaraq onun rəhbərliyi, Anar başda olmaqla, daha çox məmur statusunda görünür. Son və bundan əvvəlki ev bölgüləri, ümumilikdə YB rəhbərliyində baş verənlər, həmin şəxslərin bu və ya digər açıqalmaları onların “məmurlaşdıqlarına” dair qənaəti daha da gücləndirir.
Yaradıcı insan xüsusilə də Azərbaycan kimi ölkələrdə məmura çevriləndə istər-istəməz öz yaradıcılığını, yazıçılığını itirir. Anarın timsalında isə görünür ki, itirilən təkcə yaradıcılıq və yazıçılıq olmur...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
"Biz, sovetdən qalma yazıçılar,batmış sovet ədəbiyyatının üfüqlərində batmaqda olan günəşik.Günəş batanda necə saralarsa Günəşin batmağını ömrü boyu kabinetlərdən izləyən yazıçıların da rəngi əlbəttə eləcə saralar."
Düppədüz! Şərhə ehtiyac yoxdur. Müəllifə respekt.
Sade bir sual:Milli meclisde “oturan” deputatlardan neçesi Anardan seviyyeli ,savadlı ve tecrübelidir?İnsaflı olun haqqı danmayın bu Kişinin xidmetleri heç kimden az deyil.
Nədən jurnalistlərə,yazıçılara,şairlərə,manıslara və s. müftə evlər paylanılmalıdı.Jurnalistləri,yazıçıları və şairləri başa düşmək olar.Hakimiyyət onların ictimai-siyasi hadisələrə loyal qalmaları üçün belə edir.Bəs bu manıslar.
Müəllifə əhsən!
Anari Cingiz Abdullayev bu hala saldı
Bəyəm Anar müəllim Şəkinin deputatlarından əkskiçdir ? Şəkinin dərd səri ilə məşğul olmaq əvəzinə İcra Hakimiyyətinin və onun sözü ilə oturub durmağı hər şeydən üstün tuturlar ,...
Anarın ictimai fikir tariximizdə böyük xidmətləri var.Ancaq son dövrlər Cingiz Abdullayevə qoşulub cox cılızlaşıb.
ABŞ ya BBritaniya yazıçılar birliyinin sədrləri kimlərdir?Bu sovet quyruğu birliklər nəyə lazımdır? Sual belə qoyulmalıdır Yoxsa olmasin Anar ya başqa birisi heç nə dəyişməyəçək
Cəlal beyin obyektivliyi bəlli bir yerə qədərdi, bir mərtəbə qalxsa Elmar yolu gedər, onu da ki, heç fətulla eynulla da etmir, olmaz.
Deyirlər Anar indi məcnun olub
mandat adlanan gizli bir sevdası var..
AYIB-sədrinə şər atmayın ayıbdır .Namizədliyini versəydi « Beşmərtəbənin altıncı mərtəbəsindən» yüz faiz səs çoxluğu ilə qalib olardı ,çünki ,altıncı mərtəbədə Məzahirin MSK-sı yerləşir
Əhsən!!!!!!
Anar müəllim, sağ olsun ki, gec də olsa deputat olmama səbəbini dilə gətirdi, necə deyərlər, "çuxasının altından ala da çıxarıb"...çox "cəsarətli" sözlər deyib, gec də olsa...
Sağ olun Calal Məmmədov.
Bu kimi hərəkətlərlə hər kəs həqiqi simasını ətrafa nümayiş etdirir.
Hemişe obyektivliyi ike ferqlenen Celal bey be yazısında nedense realluqdan uzaq besit fikirler seslendirir.Azerbaycan edebiyyatı ve medeniyyetinde öz sözünü deyen Anarın xşdmetlerini danmaq en azı haqsızluqdur.Qaldı ev meselesine nence jurnalistlere yüzlerle menzil tikib veren dövlet ve hökumet yazıçılar birliyinin bu problemini hell etmek iqtidarındadur.Mence Anarı bu meseleni hell ede bilmemekde günahlandırmaq olar.Vessalam