Məlum olduğu kimi, Azərbaycan ötən həftə daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, 20-24 noyabr tarixlərində Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsi keçirildi. SPECA həftəsi çərçivəsində 20 noyabr tarixində Ticarət və Gender və DİM-lər üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində İqtisadi Forum, 23 noyabrda isə SPECA Rəhbər Şurasının 18-ci sessiyası və 24 noyabr tarixində SPECA Sammiti baş tutdu.
Məlumat üçün bildirək ki, 26 mart 1998-ci ildə təsis olunan SPECA BMT-nin bu ölkələrə iqtisadi inkişafda yardım göstərilməsi, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatına inteqrasiya üzrə xüsusi proqramı qismində çıxış edir. SPECA regional əməkdaşlıq yolu ilə dayanıqlı inkişafa nail olmaq üçün platforma təklif edir. Hazırda bu proqrama üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın başlıca məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyadır.
Qeyd edək ki, Azərbaycan SPECA platformasına üzv olan ölkələrlə ticarət sahəsindəki əməkdaşlığını getdikcə genişləndirir. Açıqlanan rəsmi məlumatlara görə, 2022-ci ildə Azərbaycan ilə SPECA ölkələri arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyard dollar təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə təxminən 3,6 faiz çoxdur. Digər tərəfdən, proqramda iştirak edən ölkələr həm Avropa, həm də Asiya ilə ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə çalışırlar.

SPECA platformasına üzvlük iqtisadi baxımdan Azərbayan və digər ölkələr üçün mühüm önəm kəsb edir. Burada tərəflərin qarşısında duran mühüm vəzifə səmərəliliyin artırılması, ötürücülük imkanlarının genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsidir. Bundan başqa, SPECA regionunda enerji sistemləri əhəmiyyətli dərəcədə istifadə olunmamış potensiala malikdir. Regional tərəfdaşlarla əməkdaşlıq edən SPECA üzv dövlətləri enerji mənbələrinin və enerji resurslarının dünya bazarlarına tədarük marşrutlarının şaxələndirilməsində fəal iştirak edir. Eyni zamanda, bu dövlətlər bərpa olunan enerji mənbələri sahəsində imkanların artırılmasına yönəlmiş iri layihələrə inteqrasiya üçün infrastruktur yaradırlar. Onlar həmçinin, regional enerji əlaqələrini genişləndirir və enerji sisteminin dayanıqlılığının və təhlükəsizliyinin artırılması üzrə birgə səylər vasitəsilə enerji resurslarının ticarətində iştirak edirlər. Bütün bu ümumi prioritetlər strateji sahələrdə uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndirilməsinə zəmin yaradır.
Azərbaycanla region dövlətləri arasında əməkdaşlığın daha bir istiqaməti isə qarşılıqlı ticarət və sərmayə qoyuluşlarıdır. Bu iki istiqamət üzrə göstəricilərdə davamlı artım müşahidə olunur. Belə ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Azərbaycanın SPECA Proqramının əhatə etdiyi ölkələrlə əlaqələrinə ayrı-ayrılıqda nəzər saldıqda görürük ki, burada da artım dinamikası müşahidə olunur.
Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi illik müqayisədə 32 faiz, Türkmənistanla 3,6 dəfə, Qırğızıstanla isə 4,8 dəfə artıb. Əfqanıstana gəldikdə isə Azərbaycan əvvəlki illərdə bu ölkənin təhlükəsizliyinə böyük töhfələr verib. Belə ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və 2021-ci il avqustun sonunda onu başa çatdırıb. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olublar.

Azərbaycan həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar sıfıra bərabərdir. Ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. Çünki Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçir. Hazırda Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın coğrafi mövqeyi bütün sahələrdə, həmçinin beynəlxalq yükdaşımalarda əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradır.
Həmçinin qeyd etməliyik ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri birgə sərmayə fondları yaradıblar, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bir sıra digər sahələrdə yeni sərmayə layihələrinin icrasına başlanılıb. Eyni zamanda, Mərkəzi Asiyadan olan şirkətlər Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər.
Bütün bu qeyd olunanları ümumiləşdirsək deyə bilərik ki, Azərbaycanın həm bu proqram əsasında, həm də ayrılıqda sözü gedən ölkələrlə qarşılıqlı iqtisadi, ticarət əlaqələri münasibətləri, siyasi yanaşmaları bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək və sözügedən ölkələrlə iki tərəfli münasibətlər bütün regionun inkişafına və hətta quruma üzv olmayan regionların da Avropanın Şərqi Asiyanın özünün də böyük mənfəət və səmərəli gəlir əldə etməsinə şərait yaranacaq.
Rasim Əliyev
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsii” mövzusunda hazırlanmışdır.


Şərhlər