Ötən gün - dekabrın 7-si Azərbaycan tarixində yəqin ki, bir təbii və iki siyasi zəlzələ ilə yadda qalacaq.

Eyni gündə səhər saatlarında Bakını “silkələyən” təbii zəlzələ baş verdi, ardınca ölkədə gözlənilmədən növbədənkənar Prezident seçkisi elan olundu, axşam saatlarında isə tarixdə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı: 

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür...

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir”.

Bu birgə bəyanatdan dərhal sonra yaxın zamanda, hətta ilin sonuna qədər iki ölıkə arasında sülh sazişinin imzalanacağına dair iddialar ortaya atılmağa başladı. Dərhal da ABŞ, Almaniya kimi ölkələr, eləcə də Avropa İttifaqının siyasi rəhbərliyi tərəfindən Azərbaycanla Ermənistanın bu addımına “alqış bəyanatları” səslənməyə başladı. Bu siyahıya sonradan Rusiya da qoşuldu…

Bütün bunların ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Bakıya səfərindən və Azərbaycan Prezidenti ilə görüşündən bir gün sonra baş verməsini təsadüf hesab etməyənlər kifayət qədər çoxdur. Onların fikrincə, həmin görüşlə sonrakı gün baş verənlərin birbaşa əlaqəsi var.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyətinin xüsusilə də Qarabağ və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası mövzusundakı siyasəti kifayət qədər ardıcıl, düşünülmüş və bir çox məqamları öncədən planlaşdırılmış şəkildə həyata keçirilir. Ona görə də ABŞ rəsmisi ilə keçirilən bir görüş taleyüklü və həlledici yox, aparılan ümumi işin müsbət gedişinə xidmət edən əhəmiyyətli hadisə, təkan kimi qəbul oluna bilər…

Əlbəttə, Azərbaycan və Ermənistan tərəfinin bu birgə bəyanatı və əsir mübadiləsi gələcək sülh müqaviləsi üçün böyük ümidlər doğurur. Yəqin ki, bununla bağlı artıq müəyyən ilkin razılaşmalar da var.

Əslində, Ermənistan rəhbərliyində Paşinyan və parlament sədri Alen Simonyan başda olmaqla, hakim qüvvəyə aid bir çox siyasətçilərin son açıqalma və bəyanatları hər addımını Qərbdəki himayədarları ilə razılaşdıran rəsmi İrəvanın yekun sülh sənədinin imzalanmasında maraqlı olduğunun təzahürü kimi qəbul edilə bilər. Lakin bütün bunları Erməınistan tərəfinin sadəcə, səmimi sülh istəyi, sülhsevərliyi, insanpərvərliyi və s. ilə əsaslandırmaq olmaz.

44 günlük müharibədən əvvəlki Paşinyan hakimiyyətini, onun Azərbaycana meydan oxuyan bəyanat və addımlarını unutmayaq. Nə bir hakimiyyət, nə bir toplum, nə də ayrıca götürülmüş bir lider iki-üç ilin içərisində irticaçıdan, işğalçıdan sülh göyərçininə çevrilə bilməz. Olsa-olsa onun reallıq hissi arta, yaranmış şərtlərlə barışmaq və öz siyasi maraqlarına uyğun addımları atmaq məcburiyyəti yarana bilər ki, bu da yaranıb.

Hazırda ən azından 32 nəfərin Ermənistana qaytarılmasını Paşinyan hakimiyyəti öz aktivinə yaza, əhəmiyyətli siyasi uğur kimi təqdim edə bilər və artıq edir də. Azərbaycanla münasibətlərin yumşaldılması, hətta qarşılıqlı sülhpərvər jestlərin edilməsi isə “Azərbaycan bu gün-sabah Zəngəzura girəcək” qorxusu altında yaşayan erməni toplumunu bir xeyli dərindən nəfəs alaraq, rahatlanmasına imkan yaradacaq.

Əlbəttə ki, bütün bunlar Paşinyanın işinə yarayır və dünənki Azərbaycan-Ermənistan birgə bəyanatının şokundan hələ ki ayıla bilməyən rusiyapərəst daxili müxalifətin önündə onun əlini xeyli gücləndirir.

Bəs bütün bunların fonunda iki dövlət və ən əsası, iki xalq arasında real, dayanıqlı sülh mükün olacaqmı?

Rusiya siyasətinin ən savadlı, təcrübəli və adekvat təmsilçilərindən olan Qriqori Yavlinski son müsahibələrinin birində bir daha bütün müharibələrin sülhlə yekunlaşdığını xatırladaraq, Rusiya ilə Ukrayna arasında barışığın əldə olunması üçün Fransa və Almaniya arasında uzun illər davam edən münaqişəni misal gətirmişdi:“Fransa və Almaniya nümunəsi var. Onlar Elzas və Lotaringiya uğrunda neçə il vuruşdular? Strasburq uğrunda nə qədər döyüşdülər? Lakin bu gün həmin ərazilərin kimə məxsus olması heç kimi maraqlandırmır”.

Onun sözlərinə görə, Avropa İttifaqının yaradılması dünyada sülhü saxlamağın mümkünlüyünü sübut edən nümunə və perspektivdir.

Maraqlıdır ki, Azərbaycan Prezidenti də “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı son çıxışında buna bənzər nümunəni səsləndirib və buraya Almaniya ilə SSRİ arasındakı tarixi hadisələri əlavə edib: “Fransa-Almaniya yaxınlaşması kimi bəzi tarixi paralellər artıq suallarda və ya şərhlərdə qeyd olunub. Demək istərdim ki, qanlı İkinci Dünya müharibəsindən sonra sovetlər və almanlar da barışığa getdilər. Beləliklə, iki onillikdən az müddətdə Sovet İttifaqı və Almaniya Federativ Respublikası sıx tərəfdaşa çevrildi. Mən hələ Almaniya Demokratik Respublikasını demirəm və orada yaşayan insanlar dərhal Sovet İttifaqında yaşayan insanlarla çox yaxın dosta çevrildilər. Bir sözlə, düşünürəm ki, Sovet İttifaqı və Almaniya arasında baş vermiş barışıq çox yaxşı nümunədir...”

Yavlinskinin nümunə gətirdiyi İkinci Dünya Müharibəsindən sonra Avropada dayanıqlı sülhü təmin edən Avropa İttifaqı modelini dünyanın ağır hərbi münaqişələrindən çıxmış bəzi digəır regionlarına, o cümlədən Cənubi Qafqaza da aid edənlər var. Üç Cənubi Qafqaz ölkəsi arasında sərhədlərin götürülməsi və Aİ-yə aid digər bir çox kriteriyaların tətbiqi utopik görünsə də, Azərbaycanın əsas hissəsindən Naxçıvana yol açılması da daxil olmaqla, nəqliyyat infrastrukturunun qarşılıqlı inteqrasiyası, iqtisadi, ticarət əlaqələrində hansısa qarşılıqlı güzəşt və imtiyazların razılaşdırılması, hətta bu prosesə regionumuzda əhəmiyyəti və təsiri durmadan artan Türkiyənin də qoşulması kimi perspektivlər elə də əlçatmaz deyil...

Yenə sülh müqaviləsi mövzusuna qayıtsaq, ölkə başçısı son çıxışında onun imzalanmasına mane olan əsas məsələni səsləndirdi və bunların demək olar ki, həll olunduğunu söylədi: “Sülh sazişinə gəldikdə, artıq qeyd etdiyim kimi, düşünürəm ki, hazırda biz buna yaxınıq, çünki prosesi başladığımız zaman narazılıq doğuran məsələlərdən biri erməni tərəfinin dırnaqarası “dağlıq qarabağ respublikası”na sülh sazişində istinad etmək cəhdləri ilə bağlı idi və bunu biz, əlbəttə ki, qəbul edə bilməzdik... Bizim yanaşmamız belədir ki, biz onu qeyd edə bilmərik və iki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Buna görə, əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır... Digər variant bu mövzunu ümumiyyətlə qeyd etməmək idi. Beləliklə, sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatından sonra görünür, bu maneə də aradan qalxdı. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur. Sülh sazişinin digər bəndləri və ya maddələri az problematikdir. Deməzdim ki, onların hamısı artıq razılaşdırılıb, lakin düşünürəm ki, bunları razılaşdırmaq olar...”

Bir sözlə, son zamanlar, xüsusilə də ötən gün baş verənlər Azərbaycan və Ermənistan rəhbərliyinin, bu iki dövlətin barışığa, sülhə hazır olduqlarının real təzahürü kimi qəbul edilə bilər. Bəs dövlətlər barışsa belə, xalqlar, toplumlar barışmağa hazırdırlarmı? Əlbəttə ki, siyasətçilər, dövlət başçıları barışıq bəyanatları verə, sülh müqavilələri imzalaya, hətta qarşılıqlı səfərlər də edə bilərlər. Lakin bütün bunlar yalnız xalqların, toplumların barışığı, birgəyaşayışa, qarşılıqlı kin və nifrətdən uzaqlaşmağa hazırlığı, yaxın qanlı keçmişin izlərini mümkün qədər silməyə çalışması fonunda dayanıqlı ola bilər. Bu isə təəssüf ki, hər zaman hansısa birgə bəyanatla, sülh müqaviləsi ilə həll olunmur.

Ancaq hər halda ümid edək ki, hər şey yaxşıya, sülhə, əminamanlığa doğru gedir, regionumuza kənar “şeytan barmaqları” nüfuz edə, yeni qanlı savaşlara bais ola bilməyəcəklər, dünən əldə edilən razılşama və birgə bəyanat isə doğrudan da sülhün ilk qaranquşu və işartısı kimi tarixə yazılacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”