Məlum olduğu kimi, nə Rusiya, nə də Ukrayna tərəfi hazırda davam edən müharibədə məruz qaldıqları canlı qüvvə itkisilə bağlı rəsmi açqlama vermirlər. Əvəzində, tərəflər özlərinin yox, qarşı tərəfin itkilərinə dair məlumatlar yayırlar ki, bunların da obyektivliyinə haqlı olaraq, şübhə ilə yanaşılır. Beynəxalq institutların və hərbi ekspert mərkəzlərinin hesabatlarında isə tərəflərin yüz minlərlə itki verdiyi barədə müxtəlif məlumatlar dərc edilir ki, həmin məlumatlarda da adətən Rusiyanın itkiləri daha çox göstərilir və əksər hallarda ölü və yaralı sayı ilə birgə 300 min nəfəri keçir.

“AzPolitika.info” xəbər verir ki, xarici KİV-lər və mütəxəssislər Rusiya Prezidenti Vladimir Putinin dünən keçirdiyi “İlin nəticələri” adlı böyük mətbuat konfransında səsləndirdiyi rəqəmlərə əsaslanaraq, Rusiyanın itkilərinin doğrudan da 300 min nəfəri keçdiyi qənaətinə gəliblər. Çünki Putin həmin mətbuat konfransında rəsmən hazırda Ukraynaya qarşı döyüşlərdə ümumilikdə 617 min rus əsgərinin iştirak etdiyini bildirib. Bu, o deməkdir ki, Rusiya ötən 21 ay ərzində 360 min nəfərdən artıq canlı qüvvə itirib. Bu barədə “The Independent” nəşri Putinin çıxışını təhlil edərək yazıb.
Belə ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya 250 min nəfərlik ordu ilə girib. Ötən ilki səfərbərlik nəticəsində orduya əlavə 244 min cəlb edilib. Eyni zamanda, Putinin özünün dediyi kimi, 486 min nəfər könüllü, yəni müqavilə əsasında Ukraynaya döyüşməyə gedib. Bunlar toplamda 980 min nəfər edir. Əlavə edək ki, Rusiyada hərbçilərin ailə üzvləri tez-tez açıq məktubla, şikayətlə müraciət edərək, əsgərlərin rotasiya edilməməsindən, evə buraxılmamasından gileylənirlər. Putin hazırda Ukraynada 617 min nəfərin qaldığını deyir. Aradakı fərq, yəni, 980 mindən 617 min çıxıldıqda, nəticə 363 min nəfər edir. Bu isə o deməkdir ki, Rusiya ölü və yaralı sayı birlikdə 363 min nəfərdən məhrum olub.
Əlbəttə ki, Putinin öz açıqlaması nəticəsində üzə çıxan bu obyektiv rəqəm və Rusiyanı başdan-başa bürümüş çoxsaylı kütləvi məzarlıqlardakı mənzərə ilə Rusiyanın rəsmi təbliğatının yaratdığı süni görüntü bir- birindən kəskin şəkildə fərqlənir. Ancaq buna baxmayaraq, Kreml öz siyasi ambisiyaları xatirinə rusiyalıları Ukraynadakı “ət maşınına” göndərməkdə davam edir...
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi məlumatına görə, 2023-cü il dekabrın 14-nə Rusiya işğalçılarının Ukraynada itkiləri təxminən 342,8 min nəfər təşkil edir...
Xatırladaq ki, Putin dünənki çıxışında Rusiya ordusuna müqaviləli əsgərlərin cəlb edilməsini davam etdirmək planlarını açıqlayıb və ölkədə səfərbərliyin nəzərdən keçirilmədiyini qeyd edib.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər