“Ermənistanın Baş naziri Nikol Paşinyanın 19 dekabrda Ermənistan İctimai telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinə verdiyi cavab Sankt-Peterburq görüşü öncəsi onun əvvəlki mövqeyindən geri çəkilmədiyinin göstəricisi kimi dəyərləndirilə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib. 

Xatırladaq ki, Paşinyan həmin müsahibədə Kreml rəhbərinin “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi Paşinyan tanıyıb” iddiasının yalan olduğunu, əksinə, Putinin 2020-ci ilin noyabr və dekabr aylarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dediyini, üstəlik Rusiyanın KTMT üzvü kimi heç bir öhdəliyini yerinə yetirmədiyini vurğulayıb.

İ.İsmayıl deyir ki, bu çıxışdan sonra Ermənistan Baş nazirinin Sankt – Peterburq görüşünə qatılacağı da artıq şübhə yaradır. Ekspertin sözlərinə görə, Paşinyan nə qədər Qərbə meylli olsa da, Rusiyadan qopmağın və Qərbin də tezliklə Rusiyanın yerini tutmasının asan olmadığını bilir və əks halda, çanağın onun hakimiyyətinin başında çatlayacağını şüuraltı dərk edir:

“Xüsusilə, parlamentdə təmsil olunan daşnak İşxan Saqatelyanın “müxalifət yalnız parlament səviyyəsində mübarizə aparmamalıdır, başqa metodlardan da istifadə etməliyik” açıqlaması göstərir ki, Paşinyanı sivil yollarla hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadığı üçün başqa vasitələrə əl atıla bilər və ehtiyatlı olmaq zərurəti yaranır. Eyni zamanda, Qərbin bu günlərdə Ukraynaya münasibəti, təhlükəsizlik zəmanətinin zəiflədiyi, son anda Ukraynanı meydanda təkbaşına buraxmağa yaxın olduğu Paşinyana aydın olan və təsir edən məsələdir. Əlbəttə, Ermənistan Baş nazirinin Putinlə görüşdə bir daha sevdiyi siyasi reveranslar, manevrlər nümayiş etdirməsi, vədlər verib geri dönəndə əks mövqelər ortaya qoyması da istisna deyil”.

Belə olduğu halda, dekabrın 26-da gözlənilən Sankt - Peterburq görüşündən sonra Paşinyanın indiyədək nümayiş etdirdiyi aqressivliyi davam etdirəcəyini söyləmək olarmı?

Ekspert qeyd edir ki, Paşinyan bununla Qərbdən üz döndərəsi deyil və İctimai TV-yə verdiyi müsahibədə yenə Rusiyanı Qarabağda öhdəliyini yerinə yetirməməkdə günahlandırmasını yalnız daxili auditoriyaya deyil, həm də Rusiyaya ünvanlandığını söyləmək olar:

“Gələn ilin yanvarında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin hələ tam razılaşdırılmamış, amma böyük ehtimalla baş tutacaq görüşü gözlənilir. Bu görüş sülhü yaxınlaşdıra bilərmi və müqavilənin yekun layihəsi məhz Vaşinqtonda razılaşdırılacaqmı? Belə olarsa, prosesin Brüsselə keçirilməsi gecikməyəcək, amma Kremlin də baş verənlərə seyrçi qalması inandırıcı görünmür. Bu mənada Sankt-Peterburq görüşünün kritik görüş olacağını bir daha qeyd etmək lazımdır, çünki Rusiyanın təzyiq mexanizminin haradan başlanacağını və harada bitəcəyini proqnozlaşdırmaq çətindir. Ən yaxşı halda sülh müqaviləsi Rusiyada prezident seçkilərindən sonra, ABŞ seçkilərindən əvvəl imzalanması mümkündür. Ona görə də, vasitəçisiz, bölgənin başqa bir dövlətində - Gürcüstanda sülh müqaviləsinin imzalanmasına qərar veriləcəyi getdikcə aktuallaşa bilər”.

Rasim Əliyev

“AzPolitika.info”