“İlham Əliyev Azərbaycan Ordusunun qələbəsini özəlləşdirmək istəyir və İlham Əliyev yaxşı Ali Baş Komandan olsaydı, Azərbaycan Ordusu bu qədər çox sayda şəhid verməzdi”.
Bunu AXCP sədri Əli Kərimli deyir. Ədalət hissi, vicdan, ləyaqət və s. bu kimi anlayışları bir kənara qoyaq, zatən təkcə Azərbaycanda deyil, bütün dünyada siyasətlə məşğul olanların əhəmiyyətli bir qismi üçün bu keyfiyyətlər heç üçüncü, beşinci dərəcəli də deyil. Lakin hər bir siyasətçini onun elektoratı(əgər varsa) üçün cəlbedici edən adi soyuq məntiq və düşüncə səviyyəsi kimi elementlər də var.
Təəssüf ki, özünü müxalifət liderliyinə iddialı və layiq bilən bu şəxsin yuxarıda qeyd edilən fikirləri həm məntiq, həm də səviyyə baxımından yumşaq desək, axsayır. Bu qədər primitiv yanaşma və ittihamları özünü “top siyasətçilər” sırasında görən heç bir normal şəxs özünə yaraşdırmazdı...
Azərbaycan ordusunun qələbəsi prezidentli, əsgərli, müəllimli, həkimli, fəhləli – bütün Azərbaycan xalqının qələbəsidir. Kərimlidən fərqli olaraq, nəinki Azərbaycanın dövlət başçısı, orta səviyyəli siyasət anlayışı olan hər kəs bilir ki, bu qələbəni öz adına yazmaq, “özəlləşdirmək” cəhdi istənilən parlaq simanı belə xalqın gözündən sala bilər.
Ona görə də hər hansı bir ölkə başçısı Kərimli ağılda olsaydı, bu cür axmaq iddialarla çoxdan xalqın etimad limitini xərcləyib tükəndirmişdi. Necə ki, Kərimli müxalif siyasətçi kimi bu limiti çoxdan bitirib...
Digər yandan, ölkə başçısı dəfələrlə öz çıxışlarında Qarabağdakı zəfərimizin başında Azərbaycan Ordusunun, əsgərinin, zabitinin durduğunu bəyan edib, şəhidlərimizin, qazilərimizin haqqını, yerini hər şeydən uca qiymətləndirib. Bunu hər kəs, elə Kərimlinin özü də görüb və eşidib.

Hansı ki, belə bir zəfəri qazanmış istənilən dövlət lideri Kərimli kimi siyasi populizm düşkünü olsaydı, ilk növbədə öz xidmətlərini önə çəkər, özünü öyərdi. Ancaq biz ölkə başçısında bunları görmədik və görmürük. Onu Kərimli və digər bu kimilərdən fərqləndirən cəhətlərdən biri də elə budur...
Vaxtilə Abdulla Gül Türkiyə Prezidenti qismində Ermənistana gələrək İrəvanda iki ölkənin yığmalarının futbol matçında iştirak etmişdi. “Futbol diplomatiyası” kimi xarakterizə olunan bu gedişin məqsədi hansısa idman yarışı vasitəsilə bütün dünyaya müəyyən siyasi siqnalların çatdırılması idi. Belə jestlər müasir dünya siyasətində tez-tez rast gəlinən addımlardır.
Xankəndi stadionunda ilk oyun olaraq “Qarabağ”-ın hansısa digər klub yox, məhz Azərbaycan ordusunu təmsil edən MOİK-lə matçının salınması və ölkə başçısının bu oyunu izləmək üçün Xankəndiyə getməsi də bu cür siyasi jestlərdəndir. Bu, Azərbaycan Ordusuna və Qarabağ zəfərimizə verilən dəyərin daha bir simvolik təzahürüdür.

Hətta “Qarabağ”ın adındakı möhtəşəm simvolikaya, bu klubun beynəlxalq arenadakı uğurlarına, ölkəmizi tanıtmasına baxmayaraq, Prezidentin oyunun açılışında topu “Qarabağ”-a yox, ordu klubuna verməsi də bu siyasi jestin, Azərbaycan Ordusuna olan sevgi və ehtiramın tərkib hissəsi, tərənnümüdür.
Bunları qətiyyən tərəfkeşlik, təəssübkeşlik olaraq qeyd etmirik. Sadəcə, heç də az olmayan bütün qüsur və çatışmazlıqlarla yanaşı, müsbət reallıqları, gerçəkləri də görmək, qeyd etmək lazımdır. Azərbaycan Ordusu heç zaman bugünkü qədər qüdrətli, güclü, əzəmətli, hörmətli olmayıb və dövlət də heç zaman bugünkü qədər ordunun arxasında durmayıb.
Onun bu səviyyəyə çatmasında isə sözsüz ki, bütün xalqımız kimi, ona rəhbərlik edən Ali Baş Komandanın da misilsiz əməyi, istedadı var...
Ordumuzun itkilərinə gəlincə, Kərimli bundan əvvəl də Azərbaycan Ordusunun 44 günlük müharibədə və 19-20 sentyabr əməliyyatlarındakı itkilərini hakimiyyətə qarşı siyasi təzyiq, ittiham aləti kimi istifadə etməyə çalışmışdı. Ancaq bu, kənardan çox eybəcər, çirkin arqument, siyasi riyakarlıq, Azərbaycanın tarixi uğuruna, qələbəsinə kölgə salmaq, sıravi azərbaycanlının ürəyinə şübhə toxumu səpmək, şəhidlərin qanı, onların valideynlərinin kədəri üzərində oyunlar qurmaq cəhdi kimi görünür.
Əlbəttə ki, hər bir Azərbaycan övladının şəhid olması, yaralanması millətimiz üçün böyük itki və kədərdir. Ancaq belə tarixi savaşlar itkisiz olmur. Bu gün də dünyanın ən tanınmış, təcrübəli, hətta bizi sevməyən hərbi mütəxəssisləri belə istər 44 günlük müharibəni, istərsə də 19-20 sentyabr əməliyyatını nümunə kimi göstərirlər, Azərbaycan Ordusunun mükəmməl, fantastik hərbi əməliyyat keçirdiyini etiraf edirlər.

Bu döyüşlərdə Azərbaycan Ordusunun qarşısında 30 il ərzində qurulmuş dərin, möhkəmləndirilmiş müdafiə istehkamları, sıx minalanmış sahələr və on minlərlə sayı olan, hər cür hərbi texnika, silah-sursatla silahlanmış, döyüş təcrübəsinə malik separatçı hərbi birləşmələr, Ermənistan ordusu dayanmışdı. Azərbayacn Ordusu isə əsasən hücum əməliyyatları həyata keçirirdi ki, bu da hərb elminə görə bizim itkilərin üçün birə nisbətində daha çox olmasını şərtləndirirdi.
Lakin biz bunun əksini ğördük, Ermənistan tərəfinin itkiləri bizimkindən daha çox oldu. Bütün bunları görə-görə həqiqəti danmaq, bu cür primitiv, əsassız ittihamlar irəli sürmək bir siyasi fiqurun arqumentlərinin tükənməsi, reallıq hissini itirməsi, düşüncə səviyyəsinin çökməsi və mənəvi aləminin çürüməsinin göstəricisidir...

Ə.Kərimli vaxtilə bu xalqın böyük ümid bəslədiyi, ancaq təəssüf ki, bu ümidləri qətiyyən doğrultmayan və öz naşılığı, bacarıqsızlığı, bəzənsə xəyanəti ilə bu xalqın bir çox faciələrinə bais olan, onu yumşaq desək məyus edən, dövlətçiliyin, dövlət ərkanının nə olduğunu anlaya bilməyən bir hakimiyyətdə yüksək post tutub. Bu günlərdə həmin hakimiyyətdə təmsil olunan digər bir şəxsin – hazırda xaricdə yaşayan Leyla Yunusun müsahibəsi yayımlanıb.
Ə.Kərimliyə həmin müsahibəyə dönə-dönə baxmağı və fərqi görməyi tövsiyyə edərdik. Yunus orada cəbhə hakimiyyəti dövründə ordudakı özbaşınalığı və hakimiyyətdəki əyyaşlıq səviyyəsinə enmiş acı mənzərəni tərənnüm edib: “Mən Müdafiə Nazirliyində İnformasiya-təhlil mərkəzinə rəhbərlik edirdim və özüm şəxsən cəbhədə, Müdafiə Nazirliyinin, DİN-in kabinetlərində baş verənlərin şahidi idim. Cəbhədə Milli Ordunun döyüşçülərilə yanaşı “omonçular” və könüllülər döyüşürdü. Cəbhədə vahid rəhbərlik lazım idi, ancaq bu, yox idi... hərbi vəziyyət elan olunmalıydı, hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıydı, amma olmadı. Vertolyotlarda gətirilən yaralıları daşıyan təcili tibbi yardım maşınları toy karteclərini yara bilmədikləri üçün yaralılar qan itirirdilər. Müharibə aparan dövlətdə vahid rəhbərlik, Ali Baş Komandan olmalı, hamı ona tabe olmalı idi, amma yox idi!... Həmin vaxt mən Prezident Administrasiyasına getmişdim. Prezidentlə görüşmək üçün böyük kabinetə daxil oldum və təmtəraqlı məclis gördüm. Masanın başında Prezident Əbülfəz Elçibəy oturmuşdu. Onu Pəhan Hüseynov, İsa Qəmbər, içki içməyən Rəhim Qazıyev, İskəndər Həmidov əhatə edirdi. Onlar məni görüb təəccübləndilər...”
R.Əliyev
“AzPolitika.info”

Şərhlər
BU kərimli kimdir AXI
HƏLƏ BİR ONUN ADI BURADA YAZILA
QƏLƏBƏYƏ GÖRƏ ALİ BAŞ KOMANDANI TƏBRİK ETMƏYƏN ÖLSÜN
Əli Kərimlinin dərsini əzbərləyən,amma predmetin nədən ibarət olmasını anlamayan şagirdə bənzəyir..
Başa düşmürəm, bu Kırimli kimı lazımdır axı?!
Əli Kərimlinin yanındakılara baxmaqla onun səviyyəsini müəyyənləşdirmək olar,Məsələn,Fuad Qəhrəmanlı...Belə bir isterik adamı partiyasında saxlmaqla Əli Kərimli nəyə qadir olduğunu göstərir..
Kerimli demagog .....Onunla XChabani zabt edib.Dovlat katini kimi butun maglubiyatlara 1992ilda mahsuliyat dashiyir.30il bu insan ishlamir!Oglu dezertirdi Londonda barlarda kef edir.Bununla shahidlardan danishir!Ermani amerika chasusi kimi dagidichi provocator rolu oynayir!Onun yeri thurmadi!
Ömründə bir dəfə haqqı yaz ,zatən müxalif fikirliləri söyənlər növbəyə düzülüb ,sənə növbə çatmayacaq