Sədərək döyüşçüləri 30 ildir veteran statusu alacaqları günü gözləyir

1990-1993-cü illlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda Sədərək rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş yüzlərlə vətəndaş bu günə qədər veteran statusu ala bilməyib.

Məlumat üçün bildirək ki, 19 yanvar 1990-cı ildə erməni hərbi birləşmələrinin Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etməsi ilə bölgədə başlayan qarşıdurma tarixə Sədərək döyüşləri kimi düşüb. Həmin ərəfələrdə ermənilər Sədərək istiqamətində 14 dəfə güclü hücuma keçsə də, bir nəticə əldə edə bilməyiblər. Rayon sakinləri, həmçinin Muxtar Respublikanın digər bölgələrindən olan insanlardan qurulan könüllü dəstələr hesabına düşmənə bir qarış belə torpaq verilməyib. Sədərək uğrunda gedən döyüşlərdə 109 nəfər şəhid olub, 500 nəfərdən çox insan isə yaralanıb.

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər veteran hesab olunurlar. Lakin qanunun tələbinə baxmayaraq, Sədərəyin müdafiəsində iştirak edən iki minə yaxın şəxs hələ də veteran statusu ala bilməyib.

Vətəndaşlar bu problemlə bağlı uzun illər Muxtar Respublikaya rəhbərlik etmiş Vasif Talıbovu günahlandırırlar. İddialara görə, uzun illər Sədərək rayon İcra Hakimiyyəti və digər qurumlar veteran statusunun təyinatı ilə bağlı vətəndaşlara müxtəlif suni manelər yaradıblar. Qeyd olunur ki, səlahiyyətli qurumlar müraciət üçün vətəndaşlara lazımi sənədləri təqdim etməyərək, yüzlərlə şəxsi bu statusdan və müxtəlif imtiyazlardan məhrum ediblər. Əvəzində rüşvət qarşılığında döyüş əməliyyatlarında iştirak etməyən şəxslərə veteran vəsiqələri paylanılıb. Həmin vaxt Muxtar Respublikada tüğyan edən özbaşınalıqlar, qanunsuzluqlar, repressiyalar fonunda qurumlara ünvanlanan şikayət məktubları da bir fayda verməyib.

Ötən ilin dekabrında Talıbovun istefaya göndərilməsi isə sözün əsl mənasında veteranların bu probleminə ümid işığı olub. Belə ki, bu il fevralın 22-də Sədərək rayonunda yerli sakinlərlə görüşən Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu məsələnin qısa zaman ərzində həll ediləcəyini bildirib. Həmin vaxt rayon İcra Hakimiyyətinə Sədərək döyüşlərində iştirak edən şəxslərin müvafiq sənədlərinin toplanmasıyla bağlı tapşırıq verilib. Bildirilib ki, Sədərək döyüşlərində iştirak edən vətəndaşlar hərbi biletlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinə təhvil verərək, müvafiq araşdırmadan sonra müharibə veteranı statusu və təqüdü ala biləcəklər.


Bu barədə mötəbər mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, artıq sözügedən araşdırma mərhələsi yekunlaşmaq üzrədir. Mənbə bildirib ki, seçki ərəfəsində Sədərək döyüşlərinin iştirakçılarına veteran statusunun verilməsi ilə bağlı müvafiq qərar açıqlana bilər.

“Təxminən iki minə yaxın şəxs müraciət edib. Vətəndaşlardan toplanılan müvafiq sənədlər yoxlanılması üçün Bakıya göndərilmişdi. Bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə müvafiq qərar verilə bilər”,-deyə mənbə bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”