(Prezidentliyə namizəd Zahid Orucun 10-cu çıxışı)

Əziz həmvətənlər, 1989-cu ilin 9 noyabrında Berlin divarı söküləndə Almaniyanın birləşməsinə violençeli ilə kömək edən məşhur azərbaycanlı Mstislav Rastropoviç sağ olsaydı, Ohanyan divarı yıxılanda doğma Azərbaycanının qələbəsinə ən böyük beynəlxalq musiqi festivalını təşkil edərdi. Çünki almanlardan fərqli olaraq, azərbaycanlılar Qələbəni silahla, qanı və canı hesabına qazandılar.

Beləliklə, Şuşa təkcə mədəniyyət mərkəzimiz deyil, həm də Zəfər paytaxtımızdır, çünki dövlətlər təkcə əraziləri və resursları ələ keçirməyə çalışmır, həm də bir xalqların dəyərlər sistemini, ənənələrini, inanclarını, ədəbiyyatını, mədəni sərvətlərini - bir sözlə, mədəniyyətini sıradan çıxarmağa, yaxud özününkü etməyə çalışır. Biz işğalçılıq mədəniyyəti, milli müstəsnalıq, özünəvurğunluq, başqasını aşağılamaq azarına tutulmuş, “qədim xalqıq və xristianlığın beşiyiyik” deyənlərlə üz-üzəydik. Bizim mədəniyyətsə xeyiri, birgəyaşayışı və humanizmi təmsil edirdi. Xeyir qazandı, biz düşmənin işğalçılıq mədəniyyətinə qalib gəldik. Ona görə də birinci şüarımız: ”Qalib mədəniyyətimizin coğrafiyasını genişləndirməliyik”!

Son bir əsrlik - yəni, istər Cümhuriyyət, istər sovet, istərsə də müstəqillik dövründə dövlətimizin mədəniyyət siyasətinə obyektiv qyimət verəndə tam əmin olursa ki, heç bir quruluş və dövrdə ideologiyasından asılı olmayaraq, xalqının mənəviyyatını, ədəbiyyatını, musiqisini, rəssamlığını, heykəltaraşlığını - milli mədəniyyətini Heydər Əliyev qədər yüksəldən olmayıb. Mən bunu hətta bir imperiya dövləti boyda işlər adlandırardım. Onlarla teatr binaları, kinoteatrlar və muzeylər, rəssamlıq emalatxanaları, sərgi salonları və bütün növ sənət nümunələrinin inkişafı hamısı bir millətin mədəni intibahı demək idi. Üzeyir Hacıbəyovdan Fikrət Əmirova, Müslümdən Rəşid Behbudovadək yüzlərlə mədəniyyət-incəsənət adamının dünyada tanıdılması millətimizin ucaldılması demək idi. Elə həmin Rastropoviçi də ölkəyə Ulu öndər qaytarmışdı.

İndi çoxları 2-ci dünya müharibəsində Stalinin böyük Nizaminin 800 illiyinin keçirilməsinə dair qərarından danışır. Bəs 90-cı illərin xaosunda Kitabi-Dədə Qorqudun 1300 illiyinin, Füzulinin 500 illiyinin keçirilməsi daha böyük mədəniyyət hadisəsi deyilmi?

Bu siyasət son 20 ildə dövlətimiz tərəfindən uğurla inkişaf etdirilib.

Ulu öndərin adını daşıyan Fondun dəstəyilə, qədim muğam sənətinin yaşadılması üçün regionlarda və Bakıda yaradılan mərkəzlər, mədəni irs nümunələrinin UNESKO-nun siyahılarına daxil edilməsi, minlərlə festival, sərgi, tədbirlərin hamısı qlobal mədəniyyət diplomatiyasının parlaq səhifələridir. İndi bizi erməni abidələrini dağıtmaqda ittiham edən, əvəzində 100 minlərlə evə və abidənin məhvinə göz yuman UNESCO humanitar deyil, xarici siyasət silahıdır. İrina Bokovanı-ölkəmizə ehtiramla yanaşan və onun dostu olan ləyaqətli beynəlxalq təmsilçini devirib onun yerinə gələn erməni şəbəkəsinin ən odioz fiquru Odri Azulayın 100 minlərlə evin və yüzlərlə-minlərlə tarixi abidənin dağılmasına görməyib, ölkəmizə qarşı sistemli hücumlar etməsinin qərarlarının arxasında Yelisey dayanır.

Azərbaycan müharibəni təkcə tank və toplarla qazana bilməzdi, əgər sivilizasiyalar-mədəniyyətlərarası dialoq paltformaları qurmasaydı, humanitar forumlar, böyük Nizami Gəncəvinin adına beynəlxalq tədbirlərlə savaşlar aparmasaydı. Bütün bunlar hərbi meydandakı müharibəzənin tərkib hissəsiydi.

İndi bizim mədəniyyət siyasətinin qarşısında iki vəzifə durur: Qələbəni millətimizin hard diskinə, yaddaş diskinə köçürmək və xarici mədəniyyətlərin hücumundan dövləti və xalqı qorumaq.

Baxın, deyirik ki, Rusiya 75 ildir İkinci Dünya müharibəsinin nəticələrini qlobal geosiyasi mənafeləri üçün istifadə edir, “Den pobedı” kimi mahnıları hələ də milyonlar dinləyir, Frenkelin “Juravli”si unudulmur. Bəs bizim “Zəfər marşları”mız nə vaxt yazılacaq, axı əsgər qəhrəmanlığını edib, onu yaddaşlara həkk etmək qələm adamlarının işidir.

Dünyanın harasında dövlət başçısı həm orduya rəhərlik edir, diplomatik-siyasi savaşları aparır, həm də Yazıçılar Birliyinə gedib qəhrəmanlıq povestləri, romanlarının süjetini verir, yaxud Bəstəkarlar İttifaqında Qələbə simfoniyaların eskizini hazırlayır, sonra rəssamların əvəzindən portret çəkir? Yoxdur, belə nümunə.

“Salam Fərmandeh”i dünya şiələrinin böyük bir hissəsi öz dini-milli himninə çeviriblər. Bizim öz fərmandehimiz var axı-bəs biz niyə etmirik? Bütün gənclərimizi bir Zəngəzur repinin və bir neçə həvəskar Zəfər mahnılarının ümidinə qoymalı deyilik. Sonra deyirik ki, əhalinin 80 faizi xarici musiqi və filmlərin təzyiqi altındadır. Axı bizim ‘yumşaq güc” siyasətimiz üçün Böyük qayıdışın hər fəslini götürüb əsərə çevirmək kifayətdir.

“Uzaq sahillərdə”ni çəkmək üçün İtaliyaya getməyə və Mixaylo olmağa ehtiyac yoxdur, 3000 şəhidin hər biri mixaylodur, qəhrəmandır.

Bir Nikita Mixalkovun Beseqonu özü boyda mədəniyyət ordusunun işidir. Qərbin “Oskar”ını, Qran-pri-lərini alan Mixalkovu dövlətinin yanında durduğu üçün sanksiyalara məruz qoyublar. Bəs bizim mədəniyyət xadimlərimiz sanksiyasız dövləti elə fədakarlıqla müdafiə edə bilərmi?

Bəlkə Əkrəm Əylisli məğlubiyyət dövründəki “Daş yuxuları” əvəzinə, indi gedib Şuşa dağlarında Qələbə gerçəyini görsün və bir əsər yaratsın. Millətindən aldığı təşəkkür və sevgi Nobel mükafatından üstün olar. Gərək dövlət mütləq müsabiqə keçirsin, mükafat fondu ayırsın?

Hamı deyir ki, Türkiyə imperiya keçmişini dirçəldir, ona görə “Diriliş Ərtoğrul”u, “Möhtəşəm Yüz il”i, “Paytaxt Əbdülhəmid”i, “Fateh-1453”-ü çəkir, Rusiya da geri qalmayıb “Matilda”, “Spyaşie, Xojdenie po mukam” və sairi dünyaya yayır. Bizdə hər şəhidin həyatı bir möhtəşəm və gerçək əsərdir. Onu çəkmək və tarixiləşdirmək üçün dövlət və pul gərək deyil. Onu biz hamımız birlikdə etməliyik.

100 minlərlə köçkünün öz evinə, yurduna qayıtması böyük hekəyadir, bənzərsiz dram hadisəsidir. Hamının kiçik bir telefonu kinokameradır. Kann festivalına göndərilən belə çoxlu əsər var. Qələbə yaddaşını, tarixi yaddaşı axı mədəniyyət formalaşdırır. Bəlkə biz də Stalin kimi, yazıçıları müharibəyə göndərməliydik ki, gedib elə qaynar savaşların içindən yazsınlar...

Adi bir kampaniya başladın - deyin ki, ey Azərbaycan xalqı, siz Şuşanı ziyarət edəndə, Zəngilana evinizin dağıdılmış yerinə gedəndə, ilk yaşadığınız hisləri videolentə çəkib bizə göndərin, ya da o ərazilərin girişində bir albom qoyaq, yüz minlərlə insanın ürək sözləri yazılsın ora. Olsun xalq kitabı, millətin birlikdə çəkdiyi əsər, tamaşa, rejissorluq.

Məgər Mədəniyyət Nazirliyi bir platforma yarada bilməz ki, 44 hekayə, 44 mahnı, 44 cizgi fliminin müsabiqəsi orada qalib gəlsin?

Rəhmətlik Vera Şirye sağ olsaydı, “Ana və poçtalyon” əvəzinə əsgərlərə yazılan 1 milyon mesaj aksiyasını keçirib onu şeirə, poemaya çevirib səhnədə səsləndirərdi. İndi bizə nə olub, Tolstoy kimi gərək 40 ildən sonra yazaq? Bizim yazıçı və şairlərimiz, bəstəkarlarımız, rəssamlarımız dövlət sifarişi və müsabiqəsi olmasa bu boyda böyük qələbəni əbədiləşdirməyəcəklər?

Hamımız “Ocaq”dan başlayan düşməniçliyin hansı fəlakətlərə yol açdığını yaxşı bilirik. İlahi ədalət Zori Balayanın sağ qalıb bizim qələbəmizi görməsini nəsib etdi. İndi biz “Ocağ”ı özümüz yazmalıyıq, ədəbiyyat adamlarımız dünyaya fərqli bir idealı təqdim etməyi bacarmalıdılar. Biz ermənilərdən fərqli olaraq, sülh və birgəyaşayışın “Ocağı”nı yaratmalıyıq.

Təkcə Xocalı dövlətçilik təqvimini yenidən başlamaq üçün misilsiz, bənzərsiz salnamədir. Çünki soyumuzu məhv edə bilmədilər və biz yaşayırıq, yaradırıq və doğma yurda qayıdıb o əraziləri cənnətə çevirəcəyik.

İndi bizə qalib dövlətin yeni milli ideologiyasını hazırlamaq gərəkdir. O bütün yazıçılarımız, sənət adamlarımızın ümumxalq müsabiqəsidir - buyurub təqdim etsinlər. Biz yeni milli kimlik - mədəni kimlik qazanmışıq. Onu yeni qalib yüz ilində davam etdirməliyik. Biz qəhrəmanlıq mədəniyyəti, ədəbiyyatı formalaşdırmalıyıq, nəinki artıq faciə dramları yazaq, soyqırım və rekviyemlər bəstələyək.

Bizim mədəniyyətimiz də xüsusi təyinatlı qüvvə olmalıdır. Onun bayraktlarını yaratmalıyıq ki, bizi öz əsarətinə almaq istəyən xarici axınların qarşısında tab gətirə bilək. Baxın, təkcə 10 noyabrda küçə və meydanlarda insanların sevinc selini disklərə köçürə bilsək, kataloqlaşdırsaq, özü bir mədəni xəzinə olar.

Ən qorxulu kütləvi qırğın silahı “F35”-lər deyil, mədəni irsi, milli-vətənpərvərlik dəyərlərini məhv edən təbliğatdır, NoWarçı-lardır, anarxistlərdir, nihilistlər, LGBT-lobbiçiləridir. Sosial layihələr adı altında Rotary-lər, Salam Sinemalar, iştirak evləri, ideaLablar-dır. Bunlar hamısı-mədəni işğal cəhdidir. Bir işğala son qoymuşuq, düşmənlər digərini daha da gücləndirib, səfərbər olunublar.

Təkcə ərazilərimizə deyil, mədəni varlığımıza hakim olmaq, bizi öz milli kimliyimizdən və identikliymizdən çıxarmaq istəyirlər. Milləti millət edən onun yaddaşıdır. Gərək Netflix, Hollivud ola? Kamera və çəkiiliş olmayanda min illərdir tarix “İliada”nı yaddaşında necə qoruyub saxlayıb?!

Bir azdan erməni vandalizminin qəddar və dağıdıcı izlərini ekskavatorlarla silib atacağıq. Bəs biz hansı tarixi yaddaşı necə qoruyub saxlayacağıq gənclərimiz üçün? Axı mədəniyyət dövlətin və millətin qoruyucu zirehi olmalıdır...

Bizim hamımızın uşaqlığı “Şərikli çörəy”in qarşısında keçib. Gəlin, indi şərikli Zəfər çörəyimizi birlikdə hazırlayaq! Zəfər paytaxtından Zəfər çörəyinə müqəddəs bir yoldur!

Beləliklə, Cıdır düzündə keçirilən Xari bülbül festivalı bütün mədəniyyət, ədəbiyyat və incəsənət əcdadlarımızın çoxəsrlik Qarabağ ideallarının Zəfər marşı və Sülh himnidir.

Biz “Sülh himni”nin yazılmasını təklif edirik, yalnız müharibə marşları yazmaq millətin idealı ola bilməz.

20 yanvar qərənfillərimizi də şəhid elədi. 44 günlük savaşın azad etdiyi xari-bülbülü təkcə şəhidliyin yox, həm də sülhün simvoluna çevirməyi bacarsaq, o bölgəmizə əmin-amanlıq və nizamın gətirilməsində dövlətimizin məramını özündə əks etdirən ən parlaq obraz olar.

Bir daha unutmayaq, qalib xalq kimi ilk seçkilərə elə qatılmalıyıq ki, 8 noyabrda məğlub etdiyimiz qüvvələr bir daha öz dərslərini alsınlar. Ona görə də özünü qələbənin sahibi hiss edən hər kəs-10 milyon 200 min insanın hamısı namizəddir.

Çünki seçkilərin bir hüquqi qalibi olacaq, lakin mənəvi, siyasi və dövlət ideallarının irəli aparılması mənasında millət paradının qalibi biz hamımız olacağıq. Burada məğlub yoxdur.

Gəlin, birlikdə ən böyük əsəri - Azərbaycanın yeni qalib yüz ilini yazaq!

Bir daha şürlarımızı unutmayaq - Qalib Gələcəyə HƏ, deyirik!

Ən böyük sərvət insandır!

Allah dövlətimzi, xalqımızı və ordumuzu qorusun!