“Tarixdə heç bir ABŞ Prezidenti rus diktatorunun qarşısında əyilməyib”
“Tramp Putini NATO müttəfiqlərimizdən bəzilərini işğal etməyə dəvət etdi. Onun sözlərinə görə, əgər müttəfiq müdafiəyə kifayət qədər pul xərcləməsə, o, Rusiyanı “istədiklərini etməyə” təşviq edəcək...Tariximizdə heç bir başqa Prezident rus diktatoruna boyun əyməyib”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden son bəyanatında deyib.
Bayden Donald Trampın ABŞ-nin NATO müttəfiqlərini qorumayacağı və Rusiyanı onları işğal etməyə təşviq edəcəyi barədə bəyanatını “beyinsiz” və “utancverici” adlandırıb.
ABŞ-nin hazırkı Prezidenti mətbuat üçün bəyanatında NATO öhdəliyini “müqəddəs” adlandırıb və qeyd edib ki, Tramp bunu alyansın “ABŞ-ni və bütün dünyanı qoruması” deyil, “yük” kimi görür.
Bayden onu da xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi (bu maddəyə görə, bir NATO üzvünə hücum bütün üzv ölkələrə qarşı hücum sayılır-red.) yalnız bir dəfə - ABŞ-yə qarşı 2001-ci il 11 sentyabr terror hücumu zamanı istifadə olunub: “Biz bunu heç vaxt unutmamalıyıq”.
Bayden deyib ki, Tramp NATO-ya şantaj aləti kimi yanaşır və əlavə edib: “Mən Prezident olduğum müddətdə Putin NATO müttəfiqinə hücum edərsə, Birləşmiş Ştatlar NATO ərazisinin hər qarışını müdafiə edəcək”.
Bu bəyanatından əvvəl Ukraynaya və digər müttəfiqlərə kömək üçün qanun layihəsi haqqında danışan Bayden Nümayəndələr Palatasının respublikaçı üzvlərinə müraciət edərək, deyib: “Ukraynanı dəstəkləyəcəksiniz, yoxsa Putini? Amerikanın tərəfdarısınız, yoxsa Trampın?”
Xatırladaq ki, NATO ölkələri 2014-cü ildə Rusiyanın Krımı ələ keçirib Donbassda müharibəyə başlamasından sonra hərbi xərcləri ÜDM-in iki faizinə çatdırmaq öhdəliyi götürüblər. Müttəfiqlər bu hədəfə 2030-cu ildə çatacaqlarına dair söz veriblər. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi NATO ölkələrini hərəkətə gətirdi və hazırda alyansın ilkin hesablamalarına görə, blokun 31 ölkəsindən 18-i bu standarta cavab verir.
ABŞ öz ÜDM-inin 3,5%-ni orduya xərcləyir və mütləq rəqəmlərlə onun hərbi xərcləri bütün digər NATO üzvlərinin cəmindən qat-qat çoxdur.
Trampın tənqidçiləri isə ardıcıl olaraq onun avropalıların ABŞ-yə “borclu olduqları” və “NATO-ya daha çox pul ödəməli olduqları” iddialarının yalan olduğunu vurğulayırlar.
Birincisi, hərbi xərclərin miqdarı hər bir ölkənin suveren qərarıdır və o, bu pulu öz silahlı qüvvələrinə xərcləyir, hansısa mücərrəd “NATO büdcəsinə” qatmır.
İkincisi, Birləşmiş Ştatlar hər il hərbiyə ayırdığı yüz milyardlarla dolları hərbi ehtiyaclara, ilk növbədə öz maraqlarına və mülahizələrinə əsaslanaraq xərcləyir - heç bir NATO müttəfiqi ABŞ-ni buna məcbur etmir.
Nəhayət, üçüncüsü, ABŞ-nin hərbi xərclərinin çox cüzi bir hissəsi birbaşa Avropadakı qoşunlara və NATO təlimlərinə gedir. Qalan vəsait ABŞ-nin dünyanın müxtəlif regionlarındakı hərbi varlığına, silahlanmasına və s. xərclənir. Ona görə də ABŞ-nin bütün hərbi büdcəsini NATO müttəfiqlərinin müdafiəsinə xərcləndiyini iddia etmək absurddur.
Bütün bunlar bir daha Trampın saxtakarlığının, ABŞ-nin strateji maraqlarını öz şəxsi siyasi maraqlarından aşağıda tutmasının, bunun üçün NATO kimi strateji bloku belə hədəfə almağa və hətta durmadan Rusiya kimi işğalçının “əlinə oynamağa” hazır olduğunun göstəricisidir.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər