Fevralın 13-də Xətai rayonunda baş verən məlum cinayət hadisəsi ölkədə və cəmiyyətdə şok effekti yaratdı. Söhbət 1997-ci il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qeyri-insani hisslərlə, amansızcasına və qəddarcasına qətlə yetirməsindən gedir.
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Ə. Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Məhkəmənin qərarı ilə Ə. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə araşdırması davam etsə də, onun indidən hansı cəzanı alacağını təxmin etmək çətin deyil. Cinayətin törədilmə şəklinə və irəli sürülən maddələrə əsasən, Əhmədovu yəqin ki, ömürlük həbs cəzası gözləyir.

Təəssüf hissi doğuran bu hadisə sözsüz ki, hələ uzun müddət cəmiyyətin yaddaşından silinməyəcək. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bu mövzu ətrafında qızğın müzakirələr başlayıb, xüsusən də cinayətkara hansı cəzanın veriləcəyi ilə bağlı fikir mübadilələri aparılır.
Əksər insanlar bu cür cinayət törədən şəxslərin ən ağır şəkildə cəzalandırılmalarını tələb edirlər. Hətta edam hökmünün tətbiqini təklif edənlər belə var. Bəzi şəxslər ömürlük həbs cəzası alan qatı cinayətkarların həbsxanadakı xərclərinin uzun müddət dövlət tərəfindən qarşılanmasının əleyhinədirlər. İnsanlar ödədikləri vergilərin bir ömür boyu bu cür cinayətkarlara xərclənməsini istəmədiklərini deyirlər. Həmçinin belə düşüncədə olan şəxslər ölüm cəzasının çəkindirici rol oynadığını, cəmiyyətdə ədalət hissi yaratdığını, cinayətlərin sayının azaldılmasına səbəb olduğunu iddia edirlər.
Bəs bu cür hallarda ölüm hökmünün tətbiqi mümkündürmü?
Məlumat üçün qeyd edək ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində 1998-ci ildə ölüm hökmü cəzası ləğv edilib. Dəyişikliyə əsasən, ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilib.

Bu barədə Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov “AzPolitika.info”-ya şərhində bildirib ki, cəza törədilmiş ictimai təhlükəli əmələ yəni, cinayətə adekvat olmalıdır:“Heç kimə sirr deyil ki, özünü demokratiyanın beşiyi adlandıran ABŞ-nin bir çox ştatlarında ölüm hökmü tətbiq edilir. Azərbaycan Avropa ailəsinə qoşulduqdan sonra bizə qarşı qoyulan öhdəliklərdən biri də ölüm hökmünün ləğv edilməsi idi. Nəticədə Azərbaycan höküməti də bu cəzanı ləğv etdi. Mən hüquqşünas kimi həmişə ölüm hökmünün ləğv edilməsinin əleyhinə olmuşam. Qəsdən adam öldürən şəxslərə qarşı ölüm hökmünün tətbiqini doğru hesab edirəm. Lakin əks fikirdə olan hüquqşünaslar da az deyil. Əlbəttə, bu məsələdə sosial sifariş rol oynaya bilər”.
Bu barədə vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, ölkəmizdə rastlaşdığımız zorakılıq cinayətlərini, xüsusilə qadın və uşaqlarla bağlı dəhşətli xəbərləri izlədikdə ölüm hökmünün geri qaytarılması məsələsi zaman-zaman gündəmə gəlir və müzakirə olunur.

Vəkil də qeyd edir ki, ölüm hökmünün qarşısının alınması ilə bağlı müzakirələr davam etsə də, 1998-ci il tarixli qanunla ölkəmizdə ölüm cəzası ilə bağlı müddəalar istisnalar saxlanılmaqla Konstitusiyadan çıxarılıb:“1998-ci il fevralın 10-da bu tarixi qərar qəbul edilib. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Dünyada ölüm hökmünə nəzər saldıqda bu cəzanın 58 ölkənin konstitusiyasında yer aldığını görürük. Konstitusiyalarında ölüm hökmünün tətbiq olunmadığı 32 ölkə var. Məsələn, Belarusiya ölüm hökmünün tətbiq edildiyi yeganə Avropa ölkəsidir”.
“Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Yəni istisna hal olaraq Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında 5 oktyabr 1999-cu il, № 704-IQD saylı AR Qanununa əsasən, müharibə dövründə hərbi xarakterli xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən şəxs barəsində müharibə vaxtı ölüm cəzasının tətbiqinə yol verilə bilər. Bu o deməkdir ki, heç bir halda Əhməd Əhmədov anlaqlı hesab edildiyi təqdirdə belə barəsində ölüm hökmü çıxarıla bilməz”,-deyə vəkil əlavə edib.
T. Abdullazadənin sözlərinə görə, təcrübə və statistik müşahidələr onu göstərir ki, cəzalar sərtləşdikcə cəmiyyətin fərdləri daha da qəddarlaşır və cinayətlərin sayında artım baş verir:“Bu zaman cinayətkarlarda bir növ “immunitet” yaranır. Cəzanın məqsədi islah etmək və cinayət törətmiş şəxsi yenidən cəmiyyətə qaytarmaqdır. Dövlət tərəfindən verilən cəzanın məqsədi heç bir halda qisas almaq olmamalıdır”.
E. Bəyməmmədli
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.


Şərhlər
Ölüm hökmü bərpa edilməlidir, çünki ömürlük cəza alanlar, azadlığa çıxanı görmüşük.
Ölüm hökmü bərpa edilsin. Ölümə - ölüm