Azərbaycanda hərbi qulluqçuların, xüsusilə də müharibə iştirakçılarının və qazilərimizin hər cür dövlət qayğısına layiq olduğuna heç kim şübhə etmir. Lakin təəssüf ki, bəzi hallarda onlara qarşı müəyyən dövlət qurumlarının süründürməçiliyi, biganə, ədalətsiz, hətta qanuna zidd davranışlarına rast gəlinir...
Azərbaycanda mənzil, daşınmaz əmlak sahibi olmayan kifayət qədər böyük sayda hərbçilərimiz var. Dövlət bu şəxslərə mənzil kirayəsi üçün əlavə vəsait ödəyir ki, onlar kirayə tutduqları mənzillərin kirayə haqqını ödəsinlər. Bu məbləğ ailə başçısı üçün paytaxtda 150 manat, ailənin digər üzvləri üçün isə həmin məbləğin 50 faizi miqdarında hesablanır. Regionlar üzrə bu vəsait fərqli məbləğdədir.
Əlbəttə ki, sözügedən məbləğ bir çox hallarda kirayə haqqını tam ödəməsə də, hərbçilərimiz üçün böyük dəstəkdir. Lakin həmin vəsaiti dövlətdən almaq üçün hərbçilər onların adına daşınmaz əmlakın olmadığına dair arayış təqdim etməlidirlər. Bu arayış “ASAN” xidmət mərkəzlərinin Daşınmaz Əmlak Şöbəsindən verilir və bu zaman hərbçilərimizdən hər ailə üzvünə görə 10 manat dəyərində rüsum tutulur. Yəni, məsələn, 5 nəfər ailə üzvü olan hərbçi həmin arayışa görə 50 manat rüsum ödəyir. Lakin “AzPolitika.info” ilə əlaqə saxlayan hərbçilər bu rüsumun qanunsuz olduğunu bildirirlər. Şikayətçilər hər il minlərlə, bəlkə də on minlərlə hərbçidən “rüsum” adı altında bu formada qanunsuz vəsaitlərin toplandığını deyirlər: “Bu arayışı almaq üçün bizdən rüsum ödəmək tələb olunur. Lakin qanunla həmin rüsumu əmlakı olanlar ödəməlidir. Biz mövcud qanun pozuntusuyla bağlı müvafiq qurumlara şikayət məktubu da ünvanlamışıq. Ancaq buna məhəl qoyan yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının 31 iyul 2023-cü il tarixli qərarının III bəndində göstərilib: “Daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar istisna olmaqla) əmlak sayı 10-a qədər olduqda 10 manat, əmlak sayı 10-dan artıq olduqda hər əlavə əmlak üçün 2 manat ödənməlidir”. Göründüyü kimi, burada söhbət konkret daşınmaz əmlakı olan şəxslərdən və onların əmlaklarının sayından gedir. Bunun heç bir əmlakı olmayan hərbçilərə şamil olunması nə dərəcədə doğrudur?
Şikayətçilər mövcud anlaşılmazlığın aydınlaşdırılmasını xahiş etdikləri üçün sözügedən məsələ ilə bağlı Əmlak Məsələri Dövlət Xidmətinin mətbuat xidməti ilə əlaqə yaratdıq.

Qurumdan bildirildi ki, həmin vəsait vətəndaşlardan xidmət haqqı kimi tələb olunur: “Tarif Şurasının qərarına əsasən, arayış verilən zaman 10 manat xidmət haqqı müəyyən olunub. Şəhid ailələri üçün isə bu məbləğ 5 manat olmalıdır. Əmlak olsa da, olmasa da rüsum ödənilməlidir”. Ancaq Tarif Şurasının qərarında söhbətin daşınmaz əmlakın hüquqi sahibindən” getdiyini, hərbçilərinsə əmlakının olmadığını desək də, qurumdan bildirdilər ki, istənilən halda rüsum ödənilməlidir...
Hər halda, müvafiq qurumlar bu anlaşılmaz vəziyyəti və qaranlıq qalan məqamları aydınlaşdırmağa çalışacaqlar. Ancaq bu məsələnin hüquqi tərəfilə yanaşı, bir də mənəvi tərəfi var. Bu rüsum elə də böyük məbləğ təşkil etməsə belə, bir dövlət qurumunun “dirəşərək” onu hərbçilərdən tələb etməsi acı təəssürat bağışlayır. Yəni, doğrudanmı Azərbaycan dövlətinin Azərbaycan torpaqlarını qoruyan və hazırda kirayələrdə yaşayan hərbçilərdən yığılan bu anlaşılmaz, hüquqi əsası şübhə doğuran “rüsuma” ehtiyacı var? Əlbəttə ki, yox. Belə olan halda, Prezident başda olmaqla, ölkə rəhbərliyi Ordumuzun, hərbçilərimizin sosial məsələlərinin həlli üçün addımlar atarkən bir dövlət qurumunun hərbçilərimizə “ödəməlisiniz” deyib dirəşməsi nəyə xidmət edir?
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial orqandır.
Növbəti 1.2-ci maddəyə müvafiq olaraq Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
Azərbaycan Respublikasının Konstitusiyasına gəldikdə bu Əsas Qanunda Tarif Şurası haqqında hansısa müddəa mövcud deyil. Bir o məlumdur ki, bedcəni Milli Məclis müəyyən edir. Daha sonra Əsasnamədə qeyd edilir ki, tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən orqandır.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 11-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.
Həmin Qanunun əsas anlayışlar adlanan 1-ci maddəsində qiymətləndirmə fəaliyyəti – bu Qanunla müəyyən edilmiş hallarda, habelə sifarişçinin müəyyən etdiyi məqsədlər üçün qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyət kim qiymətləndirilir.
1.1.2-ci maddə isə qiymətləndiricini bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs kimi başa düşür. 1.1.3-cü maddə isə qiymətləndirici təşkilat əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi kimi xarakterizə edilir.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərmanda tarif Şurası adlı hər hansı bir orqana rast gəlmədim. Bu ölü doğulmuş, bu millətin boğazına dolanmış orqanın haradan yaranması, hansı əsasla qiymətlərin başına olmazın oyununu açması hələ də müəmmalıdır.
Hüquq elmindən anlayışı olanlar bəlkə bu orqanın hansı mənsəbə xidmət etdiyini açıqlayardılar. “Azpolitika”dan geganə istəyim ondan ibarətdir ki, bu mövzunu açıq saxlasınlar, geniş müzakirə üçün imkan yaratsınlar.
Kirayə pulu azdır evlərin kirayə haqqı bahadır 150 manata Bakı şəhərində mənzil yoxdur.Kənd və qəsəbələrdə 50 manata da ev tapmaq olmur.Nazirlər kabineti mütləq bu məsələyə baxmalıdır.
Qanunlarda olan boşluqlar insanlara çox böyük çətinliklər yaradır.Birinə babası Gədəbəyin ucqar kəndində ev və ya torpaq bağışlayır və dərhal kirayə pulu kəsilir.Ya verilən paydan imtina etməlisən ya da başqasının adına vurmalısan ki bu da gələcəkdə böyük çətinliklər yaradır.ucqar bir dağ kəndində 4-5 sot torpaq varsa mütləq orda yaşamalısan bir də torpaq olmaq ev olmaq anlamına gəlmir.boş torpaqda yaşamaq olur.bu meşələrə mütləq baxmaq lazımdır mütləq.
Çox maraqlı yanaşmadır.Əvvala kirayə pulu çox azdır bu məsələyə baxmaq lazımdır.Arayışa qaldıqda bu absurddur çünki istənilən qurum hər hansı bir şəxs barəsində elektron informasiya sistemindən məlumat əldə edə bilər lakin işləmək istəmirlər hər şeyin asanını istəyirlər bürokratiya.məndən 21 adda sənəd tələb olundu.evim yoxdur ev verməmisən də məndən nə sənəd tələb edirsən.bu pulu verməmək üçün min bəhanə gətirərək bizi incidirlər.