O, NİYƏ BİRİNCİ BACISINI QƏTLƏ YETİRİB? - Əhmədi qatilə çevirən anasının arzusu

Ömər Xəyyamın 3 gün əvvəl törədilən cinayət hadisəsi ilə bağlı “Əhməd haradadır?” adlı yazısını təqdim edirik.

Çikatilo vardı. Ukraynalı müəllim. Təxminən, 75 nəfəri öldürmüşdü. İlk qurbanı da bacısına oxşayan eynəkli qız olmuşdu. Qızın 8 yaşı varmış.

Çikatilo məhkəmədəki çıxışında demişdi ki, mənim heç bir günahım yoxdur, qatil sizsiniz, qatil sinif yoldaşlarım, qohumlarımdır, qatil vecsiz atamdır.

Məşhur filmdəki səhnəni xatırlayıram: “Əhmədin anası ölməyib a!..”

Həmin hadisədən sonra hamı günahsız körpənin nakam taleyinə ağladı, Əhmədin qəddarlığına heyrətləndi. Sonra məlum oldu ki, Əhməd əvvəl də cinayət hadisəsi törədibmiş. Ya vəlvələdən, ya zəlzələdən haman cinayət hadisəsinə görə cəzalandırılmamış, üstəlik, valideynləri onu Rusiyaya göndəribmiş.

Hadisə yerində ifadə verən qohumları isə Əhmədin psixoloji problemlərinin olduğunu, ailəsindən ayrı yaşadığını və taksi sürücüsü işlədiyini qeyd ediblər.

Situasiyadan asılı olaraq, kimisə bıçaqlamaq olar. Affekt halında olarsan, əsəbləşərsən, özünü cilovlaya bilməzsən… Kimsə səni təhqir edər, alçaldar, sən də hövsələdən çıxarsan, haman adamı öldürərsən.

Sonra da həbs olunarsan, cəzanı çəkib azadlığa qovuşarsan.

Ancaq bacısını, bacısının beş yaşlı körpəsini, valideynlərini, qardaşını öldürən adam, əlbəttə, dəlidir. Travması ya doğuşdandır, ya da sonradan qazanılmış.

Yüzlərlə qatil qisas zəmnində, münaqişə zəmnində ailə üzvlərini qətlə yetirib, fəqət statistikaya əsasən, demək olar ki, qətlə yetirilən ailə üzvləri, adətən, bir evdə yaşayanlar olub.

Hadisədə diqqətimi çəkən əsas detal qatilin əvvəlcə bacısını, bacısının beş yaşlı körpəsini öldürməyi, müəyyən müddətdən sonra öz evlərinə gəlməyi və valideynlərini, qardaşını qətlə yetirməyi oldu.Yolda sakitləşməyib, üstəlik, həyətdə gözləyib ki, anası işdən gəlsin. Əhməd evlərinə gələnəcən, həyətdə anasını gözlədiyi müddətdə xeyli adamla rastlaşıb, yenə sakitləşməyib.

İlkin faktları incələsək, qətlin məqsədli şəkildə baş verdiyini demək olar.

Ancaq Leonid Kanevskinin real faktlar əsasında obrazlaşdırdığı istintaq işlərinin çoxunda oxşar hadisələr var və mən o faktlara əsasən deyirəm ki, qatil məhz psixoloji problemli, hətta kobud desək, dəli olub.

Məqsədli qətl olsa idi, başqa cür olardı.

Ağlı başında olan qatil birinci bacısını, onun uşağını öldürməzdi ki, psixoloji-mənəvi təsirlənməsin. Beş yaşlı uşağı ödürəndən sonra təsirlənmirsə, yol gəlirsə, yol gəlib anasının işdən gəlməyini gözləyirsə, mütləq-əl-vacib o, dəlidir!

Bəs yaxşı, bu yeriyən tabut necə olub ki, paytaxtda – bizim qonşuluğumuzda yaşayır, bizimlə eyni marketdən bazarlıq edir, bizimlə eyni liftə minir, üstəlik, taksi sürücüsü işləyir… Mən qızımı, sən ananı ona etibar edirsən…
Bir tərəfdən də şübhələnirəm.

Yaxşı, Əhmədə dəlilik diaqnozu qoyulubsa, təkbaşına ölkəni necə tərk edib? Niyə ruhi dispanserdə deyil? Niyə müalicə almırmış? Tutalım, valideyn məsuliyyətsizlik edib, bəs dispanserdəki həkimlər? Əhməd niyə ailəsindən ayrı yaşayırmış? Tutalım, valideyn məsuliyyətsizlik edib, onun üçün maşın alıb, bəs yaxşı, ağlı başında olmayan adama hansı ağılla sürücülük vəsiqəsi verilib?

Hə, bax, beləcə aydın olur ki, mənim qızımı, sənin ananı etibar etdiyin taksi sürücüsü kimi fəaliyyət göstərən Əhmədi özümüzün, uşaqlarımızın gələcəyini etibar etdiyimiz müəllim, məktəb direktoru olan anası “dəli” edib. Əlbəttə, valideynlər uşaqlarıyla necə rəftar edirlərsə, uşaqlar da oyuncaqlarıyla o cür rəftar edirlər.

Ola bilər ki, Əhmədin anası oğlunun dəliliyindən utanıb, rüşvətlə, “tapış”la məsələni həll edib. Daha doğrusu, özünün, ailəsinin faciəvi sonluğunu hazırlayıb.

Əhmədlər hər yerdədir - küçədə, məhəlləmizdə, işlədiyimiz yerlərdə… Şəxsiyyətin ikiləşməsi, komplusiv-absessiv pozuntu halı…

Sonra da haman Əhmədlər – bu yeriyən tabutlar onların dəliliyindən utanan valideynlərindən “qisas” alırlar – bir növ, onları udurlar, baltalayırlar.

Ənənəvi ailə institutunun boşluğuna yuvarlanan psixoloji problemli uşaqlar qatilə çevrilməmişdən əvvəl valideynləri tərəfindən öldürülürlər.

“Onların xoş günündə” əl qaldırmaq istəyən, “Nəvə-nəticə oynatmaq” istəyən valideynlər bir gün baltanın-bıçağın altında əllərini qaldırıb ölümə təslim olurlar, ölümlə əraf-əraf oynayırlar.

Tutalım, mənim qənaətim doğru deyil, Əhmədin heç psixoloji problemi də olmayıb, bəs yaxşı, dispenser onun haqqında arayışı hansı əsasla verib?

Suallar çoxdur. Tərs kimi, min sualın min cavabı var.

Həqiqət odur ki, bizim analarımız, bizim atalarımız bizə fərd kimi yox, mülk kimi baxırlar. Bizi nakam arzularının potensial gerçəkləşdiricisi kimi görürlər. Onlardan ötrü fərqi yoxdur, biz özümüz nə istəyirik, kim olmaq istəyirik… Onlardan ötrü fərqi yoxdur, onların yetişdiriyi “oyuncaq” cəmiyyət üçün təhlükəlidir, yoxsa yox… Yetər ki, vağzalı çalınsın, yetər ki, nəvə-nəticə görsünlər…

Əksəriyyəti üçün övladın ümdə vəzifəsi evlənmək, "ailə/uşaq sahibi" olmaq, xülasə, ömrün sonunacan ata-anaya xidmət etməkdir.

Bəli, valideynlər üçün övlad ikinəfərlik sərmayədir: qurban kəsir, qana buladığı şəhadət barmağını onun alnına – taleyinə sıxır, yaxud xınayla ovcuna ömrünün sərhədini çəkir, - beləcə onları öldürürlər. Uşaqlar ölür, əllər qalxır, dodaqlar "vağzalı" çalır.
“Əhməd”lərə görə utanmaq lazım deyil.

Övladınız xəstədirsə, onu həkimə aparın, lazımdırsa, ruhi dispanserə müraciət edin. Rüşvətlə, “tapış”la, diktəylə onları cəmiyyətə adaptasiya etməyə çalışmayın.

Bir insanın ölümü bəşəriyyətin ölümüdürsə, potensial qatillərin təcridi də onların potensialı qədər bəşəriyyətin xilasıdır. Motiv, səbəb hər nədirsə, ortada cinayət var, qatil var və ola bilər ki, bu qatil psixoloji-ruhi vəziyyətinə görə heç həbs də edilməyəcək, yaxud, tutalım, məlum olacaq ki, diaqnozu saxta imiş, onu həbs edəcəklər, fəqət indiki halda bu iki ehtimalın faydalı iş əmsalı sıfırdır.

Biz örnək götürməli, ailə institutunun prinsiplərinə əl gəzdirməli, genetik travmamızı müayinə-müalicə etməliyik.

Qayıdaq filmin adına: “Əhməd haradadır?”    (kulis.az)

635x100

Şərhlər

RR 2024-02-17 05:09:55

Men bileni her sheyin bashinda, korrupsiya durur)Surúcúlúk vesiqesi ve saire

Adam 2024-02-16 22:40:25

Bu oglan dəli olubsa, o necə ayrı yaşayıb? Hansı valideyn dəli uşağını ayrı yaşadar? Hansı dəli maşını sürə bilər? O dəlidirsə, evdə suya, qaza , işığa necə nəzaret edib??? Demək ki, o tam dəli olmayıb. Uşaqlıqdan , dogulanda qurbanlar kəsilib, qudurdulan, başlı-başlına buraxılan, sonradan da valideynlərinin öhdəsindən gələ bilmədikləri bir qudurğan olub. Yekəxana, yekəbaş, özündən razı, heç kimi saymayan ve s. Və bütün bu şeylər sonda arabir baş pozuntularına gətirib, çıxarıb. Tam mənada dəli birisi olmayıb. Dəli HEÇ VAXT ayrı evdə yaşaya , maşın sürə və özünü idarə edə bilməz!!

Anar 2024-02-16 16:40:32

Boş vəəmənasız yazıdır. Əhmədəbənzər başqa bir dəlinin yazdığı yazı. Guya, gənc insana azadlıq verilsə, o öz gələcəyi üçün doğru olanı seçməyə qadirdir? Bunu cəmiyyətin yalnız 1%i edə bilər. Çıxış yolu bi müddət artmamaqdır. Bütün dünya üzrə. Lazımsız yerə bu qədər çoxalmışıq. Buna da heç kim əməl etməyəcəyinə görə, belə qəddarlıqlar, bundan da betərləri yaşanacaq hələ...

dadaşyev 2024-02-16 15:38:44

Çox qəşəng yazıdır. Əlavə edim ki biz toyxanalarda nanay-nanay,dumbulu,laqqaçırıq mahnılarla yeyib içib şıllaq atmağa kökləndirilmiş və xoruz kimi dimdik gəzən qəbilə-tayfalar dəstəsiyik.Hər tayfanın da öz dədə-babasından qalma özünəməxsus şıllaqatma qaydaları var ki Allahdan çox o şıllaqatma üsuluna bağlıyıq, hətta kənardan baxanda təyin etmək olur ki bu hansı tayfanın şıllaqatma üsuludu. Lap qızışanda bəzilərimiz ayaqqabılarımızı çıxarıb ayaqyalın şıllaq atırıq; eşşəklərin ayaqqabısı olmur axı.Həmin o ayaqyalın şıllaqatanlara elə gəlir ki,eşşək aləminə nə qədər yaxın olduğunu göstərsə toy sahibinə o qədər yaxınlığını bildirmiş olar.Tərbiyəsizlik,əxlaqsızlıq da ayrı bəladı,hamısı bir yerdə belə cinayətlərə gətirib çıxarır.Çünki onsuz da əsrə uyğun olmayan beyinlərimiz yuyulmaq üzrədi artıq.

Bakıya Maştağadan yetim 2024-02-16 11:18:57

Cəmiyyətimizin ən çox yaramaz hərəkəti yüngül zarafatdan təhqirə və cinayətlə bitən nünasibətlərdir? AzSSRda işsizlik 20-33%di, hazırda 5%i aşmır! Ailə, uşaq və qadın Komitəsi, Sahə Polisi ilə dəqiq Ailə Uçotu və Məşğuliyyəti Nəzarəti aparırlar! Bəs, qram, kilo ilə yox, hər il tonlarla narkotika sifarişi hansı səbədən zərurətə çevrilib?

Son yazılar