TÜRKİYƏ-AZƏRBAYCAN UNİVERSİTETİNİN AÇILACAĞI VAXT MƏLUM OLDU - Detallar açıqlandı (Yenilənib)

“Növbəti tədris ilindən Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu həyata keçiriləcək”.

Bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı uzun müddət idi danışıqlar aparılırdı: “Nəhayət ki, iki ölkə arasında Memorandum imzalanması baş tutdu. Hər iki dövlət başçısının bununla bağlı iradəsi var. Bu, Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan-Türkiyə birliyinin daha da irəli aparılması və gələcəkdə gənc nəsillərin bu layihədən töhfə əldə etmələrinə kömək edəcək. Artıq bu ildən tələbə qəbulu həyata keçiriləcək”.

Nicat Məmmədlinin sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinə qəbul attestatla aparılmayacaq.

“Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə ali məktəblərə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Bu universitetə də attestatla qəbul mümkün olmayacaq. Biz çox keyfiyyətli təhsil modeli ortaya qoymaq istəyirik. Türkiyədə keyfiyyətli təhsil almaq istəyən tələbələrimizin bir hissəsi bu universitetdə oxuyacaq. Amma Türkiyəyə gedən bütün tələbələrimizin qarşısını alacaqmı, bunu deyə bilmərik”, - o əlavə edib.

Nicat Məmmədli bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin inzibati binasının Azərbaycanda olması nəzərdə tutulub.

Onun sözlərinə görə, bu universitetin maliyyələşdirilməsi Azərbaycan tərəfdən olacaq. Tədris dilinin həm ingilis, həm də türk dillərində aparılması nəzərdə tutulub. Hələlik mühəndislik və texnoloji ixtisaslara yer ayrılıb. Gələcəkdə digər ixtisaslar da olacaq.

N.Məmmədli əlavə edib ki, bu, ənənəvi universitet formasında olmayacaq. Sentyabrda dərslərin başlanacağı universitetdə həm Türkiyə, həm də Azərbaycanın digər universitetlərinin təhsil və tədqiqatının tamamilə yeni modeli tətbiq olunacaq.

Qeyd edək ki, fevralın 19-da Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

***

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq: "İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar