İKİ İL ƏRZİNDƏ ONUNCU DƏFƏ... – ABŞ kəşfiyyatı Ukraynaya necə dəstək verir?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns ötən həftə Kiyevə səfər edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, səfər rəsmi olaraq elan edilməyıb, bu barədə “The New York Times” bazar günü ABŞ və Ukraynanın kəşfiyyat xidmətləri arasında əməkdaşlığa həsr olunmuş böyük məqaləsində bəhs edib. Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü Börnsün səfərinin baş tutduğunu etiraf edib və qeyd edib ki, bu, “ABŞ-nin Ukraynanı dəstəkləmək öhdəliyinin davam edəcəyinə dair daha bir güclü siqnaldır”.

“New York Times” qəzetinin yaydığı xəbərdə iddia edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyanın bu ölkəyə genişmiqyaslı müdaxiləsindən sonra iki il ərzində 10-cu dəfə Ukraynaya səfər edib.

Qəzet ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin adı açıqlanmayan 200-dən çox indiki və keçmiş rəsmisi ilə söhbətlərə istinad edərək, Ukrayna ilə Mərkəzi Kəşfiyyat İdarəsinin sıx əməkdaşlığından bəhs edir. Məqalədə digər məsələlərlə yanaşı, MKİ-nin Ukraynadakı məxfi kəşfiyyat bazalarının avadanlığından istifadə etdiyi, Amerika kəşfiyyatçılarının Ukrayna xüsusi təyinatlılarının elit bölməsinin təlimində iştirak etdiyi qeyd olunur. O da bildirilir ki, Ukrayna hərbi kəşfiyyatının hazırkı rəhbəri Kirill Budanov MKİ-nin dəstəyi ilə Rusiyada işləyən Ukrayna məxfi agentlərinin hazırlanmasına razılıq verib.

Mərkəzi Kəşfiyyat İdarəsi ilə Ukrayna kəşfiyyat xidmətləri arasında tərəfdaşlıq əvvəllər məlum idi, lakin məqalədə bir sıra yeni məqamlar var. “The New York Times” qəzetinin yazdığına görə, tərəfdaşlıq 2014-cü ildə, Viktor Yanukoviçin Rusiyaya qaçmasından az sonra başlayıb. Amerika tərəfi məxfi əməkdaşlıqda bir sıra “qırmızı xətləri” qeyd edib ki, onlardan biri də tərəfdaşlığın ölümcül nəticələrə gətirib çıxarmaması ilə bağlıdır. Qəzet mövcud fikir ayrılıqlarından da yazır - xüsusən də MKİ Ukrayna xüsusi təyinatlılarının 2016-cı ildə ilhaq edilmiş Krıma hücumuna razılıq verməyib və guya bundan sonra Baş Kəşfiyyat İdarəsinin o vaxtkı rəhbəri Valeri Kondratyuk tutduğu vəzifədən istefa verməyə məcbur olub. Lakin sonrakı illərdə Donald Trampın prezidentliyi dövründə CIA-GUR əməkdaşlıq proqramının genişləndiyi, Ukraynada məxfi bazaların yaradıldığı, təlim proqramlarının genişləndirildiyi deyilir.

Əməkdaşlığın əsas sahəsi Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanması idi. MKİ-nin köməyi ilə Ukrayna kəşfiyyatının Rusiya sərhədi boyunca kəşfiyyat məlumatlarının toplanması üçün avadanlıqla təchiz edilmiş 12 əməliyyat bazası yaratdığı bildirilir. Bazaların fəaliyyətini qismən Mərkəzi Kəşfiyyat İdarəsi maliyyələşdirir, lakin onlar amerikalılar deyil, Ukrayna hərbçiləri tərəfindən idarə olunur. Britaniyanın Mi-6 və Avropa ölkələrinin bir sıra kəşfiyyat xidmətlərinin Rusiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanması proqramına qoşulduğu bildirilir.

2022-ci ilin fevralında Rusiyanın işğalından sonra əməkdaşlıq yeni səviyyəyə qalxdı, çünki əvvəllər mövcud məhdudiyyətlər aradan qaldırıldı. ABŞ administrasiyası kəşfiyyat orqanlarının Rusiya qüvvələrinə qarşı Ukrayna ərazilərində əməliyyatların planlaşdırılmasında iştirakını təsdiqlədi. İddia olunur ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarından ibarət kiçik bir qrup Ukraynada qalıb və onlar hər gün ukraynalı həmkarlarına məlumat ötürüblər. Xüsusilə onların Prezident Volodimir Zelenskiyə qarşı sui-qəsdin qarşısını almağa kömək etdiyi deyilir. Sonradan Ukrayna kəşfiyyatının Rusiya hərbi hədəflərinə hücumların planlaşdırılmasında ABŞ kəşfiyyatçılarının məsləhətçi kimi iştirak etməyə başladığı iddia edilir.

Qəzet yazır ki, son vaxtlar Ukrayna nümayəndələri amerikalı həmkarlarından ABŞ-nin yardımdan imtina edib-etməyəcəyini soruşurlar, çünki Konqres bu il Ukraynaya dəstək üçün maliyyə vəsaitini hələ təsdiq etməyib. Börnsün səfəri ABŞ-nin əməkdaşlıqdan imtina etmədiyini nümayiş etdirmək məqsədi daşıyırdı.

Rəsmi Kiyev və Vaşinqton məqalənin məzmununu şərh etməyiblər. Moskva əvvəllər də dəfələrlə bəyan edib ki, ABŞ Ukrayna kəşfiyyat xidmətlərinə birbaşa nəzarət edir. “New York Times” məqaləsində genişmiqyaslı əməkdaşlıqdan bəhs edilir, lakin Ukrayna kəşfiyyat xidmətlərinin MKİ-yə tabeliyindən deyil.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar