“RUSİYA ANLAMALIDIR Kİ, HEGEMONLUQ DÖVRÜ KEÇİB” – “Qərb Azərbaycana qarşı koalisiya yaradarsa, birinci Rusiya qoşular”

Zərdüşt Əlizadə: "Qərb bu gün Ukraynanın taleyini hərraca qoyub"

Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində Azərbaycanlə Ermənistan arasında baş tutan yeni sülh danışıqlarının perspektivləri, Rusiya-Ermənistan münasibətləri, eləcə də regionda və dünyada baş verən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, ötən həftə Berlində Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları yenidən start götürdü, razılaşma var ki, nazirlər davamlı görüşlər keçirəcək. Azərbaycanın şərtləri var: Ermənistanın ərazi iddiaları yer almış hüquqi məsələlərin həlli, Zəngəzur dəhlizinin statusu və s. yerinə yetirilməlidir. Təbii ki, Ermənistanın da öz şərtləri var. Sizcə, Qərb platformasında danışıqların yenidən bərpa olunması, perspektivə ümidverici gözləntilər yaradırmı?

- Əgər erməni tərəfi təkrar danışıqlara başlayırsa, deməli, bu danışıqlardan əvvəl baş vermiş hadisələri qəbul edir. Bildiyiniz kimi, bu danışıqların bərpasından əvvəl – ötən ilin sentyabr ayında bir günlük antiterror əməliyyatı baş verib. Dünyanın gözü qarşısında ermənilərə bir çırtma vurmadan, ağır söz demədən problem öz həllini tapdı. Hər şeylərini götürüb mindilər avtomobillərinə və köçüb getdilər Ermənistana. Bu, Azərbaycan tərəfinə yeni imkanlar yaratdı. Biz artıq ermənilərə “qalın, sadə Azərbaycan vətəndaşı kimi yaşayın” demək əvəzinə dedik ki, “qayıdın, Azərbaycan vətəndaşı kimi yaşayın”. İndi isə deyirik ki, “icazə verin, Qərbi Azərbaycan sakinləri də öz torpaqlarına qayıtsınlar”. Danışıqlar özü-özlüyündə onu göstərir ki, nə Ermənistan, nə də Azərbaycan təkrar hərbi münaqişədə tərəf olmaq istəmirlər.

- Amma münaqişənin bitməsini istəməyən, şərti olaraq vasitəçi adlandırılan bəzi Qərb ölkələrinin rəhbərləri iddia edirlər ki, guya Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır...

- Birincisi, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. İkincisi, Azərbaycan Ermənistanla müharibə aparmaq istəmir. İstənilən sadə azərbaycanlı çox gözəl bilir ki, bu, Qərbin sevimli adətidir. Qərb bir dövləti o biri dövlətin üzərinə “qısqırdır”, sonra da təbliğata başlayır ki, “bu məzlum, yazıq xalq təcavüzkar bir ölkənin qurbanıdır”. Daha sonra o “təcavüzkar” ölkəyə qarşı koalisiya yaradır və beynəlxalq təşkilatlar vasitəsilə qərarlar çıxarıb, həmin ölkəyə sanksiyalar tətbiq edir və sair. Azərbaycan əleyhinə də belə bir koalisiya yaradarlarsa, o koalisiyaya ən birinci qoşulan ölkə hazırda yaxşı münasibətlərimizin olduğu Rusiya olar. Rusiya Qərblə uzlaşmaq, hər hansı bir məsələdə ortaq məxrəcə gəlmək üçün yollar axtarır. Rusiyanın Qərblə ortaq məxrəci Azərbaycan əleyhinə belə bir koalisiyaya qoşulmaq olar. Düşünürəm ki, bu bizə lazım deyil. 

- Bəs 8 kəndin qaytarılması məsələsi necə olacaq?

- Burda da çoxlu suallar var. Təsəvvür edin ki, bu kəndlər qayıdır, həmin kəndlər, ərazilər bərpa olunur, sonra həmin kəndin sakinlərini köçürülür və s. Maraqlıdır, bu zaman bu anklavların sakinləri Ermənistanın içində necə yaşayacaqlar?

- Axı kəndlərin dördü anklav deyil.

- Bəli, amma həm də dördü anklavdı. Bu kəndlərin sakinləri Azərbaycanla necə iqtisadi, siyasi, insani əlaqələr saxlayacaqlar? Bu, necə olacaq? Burada çoxlu suallar var. Ermənistanı narahat edən əsas məsələ odur ki, bu kəndləri Azərbaycana qaytarsa, Gürcüstana gediş-gəlişdə problemlər baş verə bilər. Çünki Gürcüstana gedən yol anklav kəndlərdən keçir və bu yol Azərbaycanın nəzarətində olacaq. Başa düşə bilmirəm ki, bu, ermənilərin gediş-gəlişinə necə təsir edə bilər. Onsuz da Ermənistan pis gündədir. Bir şeyi də nəzərə almaq lazımdır ki, əgər Azərbaycan ilə Ermənistan arasında hər hansı bir razılaşma əldə edilsə, elə həmin gün Ermənistanla Türkiyə arasındakı bütün problemlər aradan qalxacaq. Çünki bu ölkələrin münasibələrini tənzimləyən sənədlər çoxdan hazırdır.

- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var və Bakı tələb edir ki, bunları dəyişmək lazımdır. İrəvan sülh istəyirsə, niyə bu tələbi yerinə yetirmir?

- Bütün dünyaya bildirilir ki, Ermənistan təcavüzkar dövlətdir, çünki qonşu dövlətin ərazisinə qarşı iddia irəli sürür. Bunu sübut etmək üçün istəyirik ki, Ermənistan məcbur qalıb konstitusiyasından bu müddəaları çıxarsın. Hesab edirəm ki, bu, informasiya müharibəsi baxımından çox xeyirli bir addımdır. Belə bir deyim vardı: Qarabağ münaqişəsi “qulpsuz çemodandır”. Dəstəyi yoxdur deyə onu daşımaq da çətindir. Amma adam atmaq istəmir ki, heyifdir... Bu gün Ermənistan həmin “çemodan”ı çoxdan atıb. Ermənistan hakimiyyətində və cəmiyyətində elə qüvvələr ki, onların bütün ruzisi bu “çemodan”la bağlı olan ərazi iddialarından, sərsəm fikirlərdən çıxırdı. İndi onların mövqeləri xeyli zəifləyib və bu, bizim üçün yaxşı bir haldır.

- Rusiya ilə Ermənistan arasında gərginlik müşahidə olunur. Xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumunda bildirdi ki, Ermənistan KTMT ilə bağlı konkret bir qərar verməlidir. Siz bu gərginliyin nə ilə nəticələnəcəyini gözləyirsiz?

- Rusiya ilə Ermənistanın tarixi münasibətləri var. Bu gün Rusiyada 1 milyon erməni rus pasportu ilə, yüz minlərlə erməni də pasportsuz yaşayır. Qarabağdakı hadisələrdən sonra da Rusiyaya 10 min erməni getdi. Onlar bir müddət Ermənistanda yaşadılar, sonra gördülər ki, orada heç kimə lazım deyillər. Onların bir çoxunun qohum-əqrabaları Rusiyada yaşayır. Bütün bu sıx əlaqələrin fonunda münasibətləri bir anda silib atmaq mümkün görünmür.

- Rusiya Paşinyan hakimiyyətinə qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər?

- Paşinyan Ermənistan cəmiyyətini sürətlə dəyişir. Vaxtilə “Qarabağı ölsək də vermərik” deyən ermənilərin sayı kifayət qədər çox idi. İndi deyirlər ki, “təki bu məsələ qurtarsın, Qarabağ problemindən azad olaq”. Belə deyənlərin göstəricisi 70 faizdir. Ermənistan iki dövlət arasındakı anormal asılılıqdan qurtulmaq istəyir, amma faydalılığı təmin edən münasibətləri saxlamaq istəyir. Rusiya da başa düşməlidir ki, əvvəlki hegemonluq dövrü artıq keçib. Dediyim kimi, Rusiyanın Ermənistanla olan güclü iqtisadi dayaqları bir fərmanla dəyişə bilməz. Belə şəraitdə birdən-birə Rusiyadan ayrılmaq mümkün deyil. Amma Paşinyan çalışır ki, Rusiyadan asılılğı azaltsın.

- Bəs Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin gələcəyini necə görürsünüz?

- Avropa İttifaqının özü qalacaq-qalmayacaq, bunun özü sual altındadır. Avropa Birliyində dərin problemlər, ziddiyətlər var. 7-8 dövlət uzun illərdir Avropa Birliyinə qoşulmaq üçün növbədə dayanıb. İndi də Ermənistan düşüb ortaya. Ermənistana da dedilər ki, “get növbəyə dur, səndən əvvəl sırada gözləyənlər var”.

- Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatını necə qiymətləndirsiniz?

- Bu gün Ukrayna rəhbərliyi bütün səhvləri edir. Ukrayna Azərbaycan kimi ağıllı addım ata bilmir. Ukrayna çalışmalıdır ki, atəşkəsə nail olsun və vəziyyəti öz xeyrinə dəyişə biləcəyi zamanı gözləsin. Bu zaman həm də Ukraynadakı qırğınlar dayanacaq. Hər şey Ukraynanın verəcəyi qərardan asılıdır. Bu gün “Ukrayna” deyəndə hər kəsin ağlına korrupsiya gəlir. Bu korrupsiyanı aradan qaldırıb, sənayeni gücləndirmək lazımdır. Qərb bu gün Ukraynanın taleyini hərraca qoyub. Qərbin yeganə məqsədi odur ki, Rusiya ilə Ukrayna arasında dərin nifaq salsın və onlar bir də barışmasınlar. Azərbaycan-Ermənistan qarşıdurmasında da bu cür davranırdılar. Qərb guya bilmirdi ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib? Əlbəttə, çox gözəl bilirdi. Sadəcə ona lazım idi ki, bu iki xalq düşmən olsunlar və gələcəkdə Qərbin qapısına dayanıb, ondan yardım, imdad diləsinlər.

E.Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar