Xalid Kərimli: “Bizdə kişilər daha ağır və riskli işlərdə çalışırlar. Həm işim, iş rejimim rahat olsun, həm də çox maaş alım deyə bir anlayış yoxdur”

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da kişi və qadınların orta aylıq əmək haqlarında fərqliliklər mövcuddur. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycanda bu fərq özünü daha kəskin şəkildə biruzə verir.

Dünya miyasında kişilər ortalama olaraq qadınlardan təxminən 20 faiz daha çox məvacib alırlar. Bizdə isə bu göstərici 54 faiz nisbətindədir. Maraqlıdır ki, ölkəmizdə sözügedən maaş fərqi ildən-ilə daha da artır. Belə ki, 2018-ci ildə qadınların orta aylıq əmək haqqı 360,8 manat, kişilərdə isə 670,2 manat, 2019-cu ildə qadınlarda 443,4 manat, kişilərdə 764,8 manat, 2020-ci ildə qadınlarda 525,6 manat, kişilərdə 830,2 manat, 2021-ci ildə qadınlarda 552,2 manat, kişilərdə 851,7 manat, 2022-ci ildə isə qadınlarda 558 manat, kişilərdə 962,7 manat təşkil edib.

Qeyd edək ki, ölkədə qadınların bütün iqtisadi fəaliyyət növləri üzrə orta aylıq əmək haqları kişilərə nəzərən daha aşağıdır. Ən böyük məvacib fərqi isə peşə, elmi və texniki fəaliyyət (103%) maliyyə və sığorta (73%), emal sənayesi (60%) kimi fəaliyyət növlərində qeydə alınıb.

Fərqi daha aydın görmək üçün Dövlət Statistika Komitəsinin 2022-ci ilə aid iqtisadi fəaliyyət növləri və cins üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqq göstəricilərini təqdim edirik:

İqtisadi fəaliyyət növləri Qadınlar Kişilər
Kənd təsərrüfatı 444,4  536,5
Mədənçıxarma sənayesi 2533,9 3339,4
Emal sənayesi 524,7 851
Su təchizatı 516 718,8
Tikinti 727,7 1029
Ticarət 500,9 599,2
Nəqliyyat 831 1182,8
İctimai iaşə                               564,8          706,7    
İnformasiya və rabitə 1149 1425,4
Maliyyə, sığorta 1413,6 2434,4
Daşınmaz əmlak  616,5 865,7
Peşə fəaliyyəti 899,3 1819,5
İnzibati xidmət 405,8 522,9
Dövlət idarəetməsi 1077            1261,7
Təhsil 601,4 711,3
Səhiyyə/sosial 640,6 901,6
İstirahət/əyləncə 549,3 741,4
Digər sahələr 665,9 1077

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi gender fərqinə görə əmək haqqının fərqləndirilməsini qadağan edir. Əmək haqqı şəxsin dövlət və özəl sektorda çalışmasından asılı olaraq müəyyənləşir.

Məsələn, dövlət sektorunda eyni vəzifədə çalışan qadın və kişinin maaşı gördüşü işdən asılı olmayaraq aidiyyatı qurum tərəfindən müəyyən edilir. Özəl sektorda isə əmək haqqının müəyyən edilməsi prinsipləri bir qədər fərqlidir. Burada məhsuldarlığa əsaslanan əmək haqqı yanaşmasına daha çox üstünlük verilir. Eyni zamanda qərar qəbul edilməsində tələb və təklif hər zaman öndə tutulur.

Maraqlıdır ki, son vaxtlar yerli KİV-lərdə yayılan məlumata görə, bəzi qurumlar bu fərqin gələcəkdə aradan qaldırılacağını, qadın və kişilərin orta aylıq nominaı əmək haqlarının bərabərləşdiriləcəyini iddia edirlər.

Bu mövzuyla bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda cinslər üzrə orta aylıq nominal əmək haqqının yüksək olması ölkədəki ailə strukturu ilə əlaqədardır: “Azərbaycan ailəsində qadın ev işləri, kişi isə çöl işləri ilə məşğul olur. Azərbaycan ailəsinin bu quruluşunu nəzərə almadan, gəlirlərini Qərblə müqayisə etmək doğru deyil. Bizim ailələrdə uşaqların sayı Qərb ailələri ilə müqayisədə daha çoxdur. Qadın uşaq dünyaya gətirən zaman təbii olaraq işləmir. Yəni belə bir fərqi formalaşdıran amil məhz qadının ailədəki mövqeyi ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda qadınların təhsil almalarına o qədər də şərait yaradılmır. Həmçinin uşaqlar da qadınların iş kariyeralarına təsir göstərir. Bu kimi məsələlərə görə də, belə bir təbii fərq ortaya çıxır”.

Ekspert qeyd edir ki, qanunvericilikdə qadın kişidən az maaş almalıdır deyə bir anlayış yoxdur: “Maaşlar iş rejiminə, işin çətiniliyinə və riskinə görə müəyyən olunur. Bizdə kişilər daha ağır və riskli işlərdə çalışırlar. Qadınlar isə yüngül işlərlə məşğul olurlar. Ağır və riskli iş təbii ki, daha çox gəlir deməkdir. Həm işim, iş rejimim rahat olsun, həm də çox maaş alım deyə bir anlayış yoxdur.

Açığı bu sahədə müəyyən işlərin həyata keçiriləcəyini və sözügedən fərqin aradan qaldırılacağına inanmıram. Bunlar boş-boş danışan, məntiqli açıqlamaları olmayan, havayı qrant yeyənlərin fikirləridir. Qadın və kişilərin məvaciblərindəki fərqdənsə, cəmiyyət ölkədə orta aylıq əməkhaqqının artırılmasında maraqlı olmalııdır. Bu gün orta aylıq əmək haqqı məbləği Gürcüstanda belə bizdən yüksəkdir”.

Onu da qeyd edək ki, hazırda dünyada qadınlar və kişilər arasında ən az maaş fərqi Belçika (4%) və Lüksemburqdaır (4%).

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusunda hazırlanmışdır.