UKRAYNA RUSİYANIN “YARALI” YERİNİ TAPIB – Yeni hədəflər + SİYAHI

Rusiyanın neft emalı Ukrayna PUA-larının girovluğunda

Ukrayna Rusiyanın “yaralı” yerlərini tapıb, cəzalandırmaqda davam edir. İşğalçı dövlətin əsas valyuta gəlir mənbələrinin təminatçısı olan neft-qaz sektorunu hədəf alan Ukrayna tərəfi artıq ciddi nəticələr əldə etməkdədir. Son olaraq bu gün cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda olan Kaluqadakı neft emalı zavoduna edilən PUA hücumu, bundan öncə isə bir neçə gün ərzində üç böyük zavoda endirilən zərbələr göstərdi ki, Ukrayna tapdığı zəif nöqtəni vurmaqda, özü də daha intensiv şəkildə vurmaqda davam edəcək.

Artıq Ukraynanın PUA zərbələri Rusiyanın yanacaq bazarında ciddi təlatümlər yaratmağa nail olub. İndi demək olar ki, bu bazarda qiymətlərin dinamikasının Ukaryna PUA-ları müəyyən edir.

PUA hücumu nəticəsində baş verənlərin xronologiyasına baxaq:

9 yanvar - Oryoldakı neft anbarında partlayış.

19 yanvar - Bryansk vilayətinin Klintsı şəhərində neft bazasında partlayış.

Həmin gün Yaroslavldakı “Slavneft-YANOS” zavodunda partlayış baş verib, bu müəssisənin emal gücü ildə 15 milyon ton neft təşkil edir.

21 yanvar - Leninqrad vilayətində ildə 7 milyon qaz kondensatı emal edən Novatek-Ust-Luqa yanacaq kompleksinə zərbə endirilib.

24 yanvar - Tuapse neft emalı zavodunun dəniz terminalına zərbə. Müəssisənin gücü ildə 12 milyon tondur.

3 fevral - "Lukoyl"un Volqoqrad neft emalı zavodunda partlayış, ildə 14,8 milyon ton neft.

5 fevral - Yaroslavldakı Slavneft-YANOS neft emalı zavoduna daha bir zərbə.

3 mart - Feodosiyadakı dəniz neft terminalında partlayış.

4 mart – Sankt-Peterburq neft terminalında partlayış.

12 mart - Oryoldakı neft bazasına yeni zərbə. Həmin gün Nijni Novqorod yaxınlığındakı Kstovoda, Rusiyanın ümumi neft həcminin 5,8%-ni emal edən “Lukoyl NORSİ” zavodunda partlayış.

13 mart - Rosneft-in Ryazan neft emalı zavoduna zərbə - ildə 17,1 milyon ton neft. Həmin gün Novoşaxtinsk neft emalı zavoduna zərbə - ildə 5,6 mln ton neft.

15 mart – Kaluqa Neft-kimya zavoduna endirilən zərbə.

Artıq ötən ilin mart ayı ilə müqayisədə rəsmi statistikaya görə, Rusiyada neft emalı 4% azalıb. Reallıqda bu rəqəm yəqin ki, daha böyükdür. Ən azından ona görə ki, benzinin birja qiymətləri ilin əvvəli ilə müqayisədə 24-26% artıb. Bu artım isə təbii ki, yanacaq doldurma məntəqələrində də özünü göstərir.

“Bloomberg”-in hesablamalarına görə, təkcə Ryazan, Nijni Novqorod və Novoşaxtinski neft emalı zavodları Rusiyanın neft emalı gücünün təxminən 12%-ni təşkil edir. Bu müəssisələrdə məhv edilmiş avadanlıqları tez bir zamanda işə salmaq olmur, bəzilərini isə ümumiyyətlə, dəyişdirmək və ya təmir etmək çətindir, çünki yerli avadanlıqlar yoxdur, xaricdən gətirilənlər isə sanksiya altındadır.

Bu zavodların hamısını hava hücumundan müdafiə vasitələri ilə etibarlı şəkildə müdafiə etmək də mümkün deyil. Bunun mümkün olduğu yerlərdə isə həmin vasitələri cəbhədən çıxarıb gətirmək lazımdır.

Hazırda Rusiyada 30-a yaxın böyük və həcmi 300-500 min ton olan 80-ə yaxın kiçik neft emalı zavodu var. Onların əksəriyyəti Rusiyanın Avropa hissəsində, Ukraynanın uzaqmənzilli dronlarının çata biləcəyi ərazilərdə yerləşir. Bu isə o deməkdir ki, Ukrayna PUA-larının “zavod ovu” davam edəcək.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar