Bu mollaların əlindən lap zarə gəlmişik....
Hindistanda 72 yaşlı məşhur bir din xadimi yeniyetmə qızın bədənindən cini qovmaq üçün onu zorlayıb...
Heç uzağa getməyək, bizdə də belələri az deyil. Məsələn, Masallıda molla 21 yaşlı ruhi xəstə olan qıza da elə o cür münasibət göstərmişdi. Amma o bunu cini qovmaq üçün deyil, kef üçün etmişdi. Ölkənin digər bölgələrində də belə iyrənc olaylara ara-sıra rast gəlinir. Bu ənənə ta qədimdən, şeyx Nəsrullahdan bizlərə miras qalıb. İndi söhbət açacağım molla qadınları zorlamır, sadəcə soyundurub-geyindirir.
Bu “əldəqayırma” molla, doğulduğu rayonu ermənilər ələ keçirdikdən sonra Bakıya sığınıb. Gələn gündən “ağa” ləqəbiylə mollalığa, baxıcılığa başlayıb. Yas mərasimlərinə çağrılır, mollalıq edib Qurani-Kərimdən ayələr, surələr oxuyur.
“Ya ağa-seyid, cəddə qurban” deyib səhərin gözü açılmamış qapısının kəndarını millət kəsdirərmiş. Cahil insanların hesabına Bakı kəndlərində villaya, Yasamaldakı 9 mərtəbələrin elə 9-cu mərtəbəsində evə sahiblənir, lövbərini də orada salır. Şəhər mühiti gözünü açdıqdan sonra deyir ki, “ bəs, mən sadəcə qadınlara baxacağam, onları müalicə edəcəyəm, bağlı yollarını açacağam”.
Qəbul vaxtlarını axşam saat 9-a salan “molla ağa” evli-subay zənən xeylağı olan müştəriləriylə əməllicə əylənərmiş. Müalicə üsuluna gəlincə, ya onun üçün ceyran göbəyi tapıb gətirməlisən, ya da o özü bildiyi üsulla müalicəsini edəcək. Yəni ona üz tutan qadınları əvvəlcə lüt soyundurur, sonra 2 metrəlik ağ kəfənliyə bürüyür, daha sonra onları kəfəndən çıxarır və deyir ki, apar bunu müsəlman qəbiristanlığında bir qəbirin ayaq tərəfində basdır. Arvad soyundurub- kəfən geyindirən bu vələdizna Yasamalda yaşadığı üçün müştəriləri də Yasamal qəbiristanlığındakı ölülərin ayaqlarına gedər, geyinib-soyunduqları kəfənliyi orada basdırarlar. Əgər ordakı qəbirlərin ayaq tərəfini qazsalar, yüzlərlə kəfənlik ortaya çıxacaq. Əlqərəz, bu “ağa”nın yanına gələn qadınların bəzisini ərləri gətirirmiş. Kişi aşağıda maşında gözlədiyi üçün 9-cu mərtəbədə baş verən soyundurma-geyindirmə prosesindən bixəbər olarmış...
Xanım tanışlarımdan biri deyir ki, atası onu bir gün bu “ağa”nın yanına aparıb. “Ağa” xəlvətə salıb qıza deyir ki, çalış yanıma atansız gəl. Qız da şübhələndiyi üçün nə atasına getməyə imkan verir, nə də özü o şarlatanın məkanına ayaq basır. Bu mollamı, zollamıdır, hər nədirsə, onun yanına keçmiş baş nazirlərdən birinin qızıl alverçisi olan qayınanası da pənah gətirirmiş... Niyə, bax onu nə mən bilə bildim, nə də o kişinin evində baş verən hadisələrdən məni agah edən mənbəm.
...Bu ölkədə bir kefli İsgəndər tapılmır ki, bu “əldəqayırma” mollaları, baxıçıları rüsvayi-cahan etsin. Bu cür hadisələr barədə eşidəndə düşünürəm, görəsən niyə mollaların əksəriyyəti belə .... olur?

Şərhlər