Menu

““Crocus”-a hücum edənlərə ölüm hökmü verilə bilməz” - “Bunlar vicdansız spekulyasiyalardır”

27.03.2024, 12:54
““Crocus”-a hücum edənlərə ölüm hökmü verilə bilməz” - “Bunlar vicdansız spekulyasiyalardır”

Son günlər Rusiyada məlum səbəblərdən ölüm hökmünün bərpası mövzusunda diskussiyalar xeyli qızışıb. Xüsusilə də Rusiya Dumasındakı partiyalar və spiker Vyaçeslav Volodinin özü ölüm hökmünün bərpasını dəstəkləyən bəyanatlar veriblər. 

Volodin hətta qeyd edib ki, bunun üçün sadəcə, Konstitusiya Məhkəməsinin qərarı kifayətdir. Lakin Rusiya rəhbərliyində onun kimi düşünməyən təcrübəli hüquqşünaslar da var...

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas bu cür bəyantların qanunla uzlaşmadığını bildirib və deyib ki, “Crocus”-a hücuma görə həbs edilənlərə ölüm hökmünün tətbiqi qanuna uyğun deyil. Onun dediyinə görə, Rusiyanın mövcud qanunları ölüm hökmünə heç bir moratorium olmasa belə, terrorizmlə bağlı maddələrlə təqsirli bilinənlər üçün ölüm cəzasının tətbiqinə icazə vermir.

Senator özünün teleqram kanalında ölüm hökmü ilə bağlı müzakirələrin getdikcə artdığını qeyd edib. Lakin onun fikrincə, bu müzakirələrdə iştirak edənlərin terrorçuların və pedofillərin edam edilə biləcəklərini, bunun üçün sadəcə, Konstitusiya Məhkəməsinin qərar verməsinin kifayət etdiyini bildirmələri doğru yanaşma deyil. O, Rusiya Konstitusiyasına və digər qanunlara istinad edərək qeyd edir ki, xüsusilə ağır cinayətlərə görə ölüm hökmü ilə bağlı qərarı yalnız andlılar kollegiyasının iştirakı ilə məhkəmə çıxara bilər. Eyni zamanda, Klişas yazır ki, terror aktları və yetkinlik yaşına çatmayanlara qarşı seksual xarakterli zorakılıq cinayətləri qanunla andlılar məhkəməsi tərəfindən mühakimə oluna bilməz. Bu cinayətlərə görə nəzərdə tutulan ən yüksək cəza isə ömürlük həbsdir. Belə ki, mövcud qanunvericiliyə görə, moratorium olmadığı halda belə, yalnız beş cinayət maddəsi üzrə cinayətlər ölüm cəzası ilə cəzalandırıla bilərdi.

Lakin senator həmin maddələri açıqlamayıb: “Yuxarıda deyilənləri nəzərə alaraq, hörmətli “analitiklər” və hüquqşünaslar, xüsusən də ağır cinayətin törədildiyi “Crocus”da baş vermiş faciəli hadisələrdən sonra Konstitusiya Məhkəməsini “ədalətli qisas”a maneə kimi göstərməyiniz vicdansız spekulyasiyalardır”.

Qeyd edək ki, Rusiyada ölüm cəzasına moratorium 1997-ci ildə tətbiq edilib. Sonuncu ölüm hökmü isə 1996-cı ildə icra olunub. 2022-ci ildə ölüm hökmünün bərpası ilə bağlı müntəzəm müzakirələr fonunda Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib ki, bu cəzanın qaytarılması yalnız Konstitusiyaya dəyişiklik edildikdən sonra mümkündür. A.Klişasın dedikləri də bunu təsdiqləmiş olur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol