Son vaxtlar bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də boşanma hallarının sayının sürətlə artdığını müşahidə edirik. Açıqlanan son statistik rəqəmlərə görə, təkcə mart ayında ölkədə 1729 boşanma halı qeydə alınıb. Ötən ay ailə həyatı quran cütlüklərin sayı 3657 olub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb. Ötən ay üzrə təqdim olunan statistikadan belə nəticəyə gələ bilərik ki, ölkədə hər 3 evlilikdən biri boşanma ilə yekunlaşıb...Təbii ki, burada bu il Ramazan ayının mart ayının düşməsinin də təsiri olub. 

Ancaq qeyd edək ki, Azərbaycanda hər il əvvəlki illə müqayisədə boşanmların sayında ciddi artımın olduğunu görürük. Son illər isə bu artım tendensiyası daha da sürətlənib və nəzarətdən çıxıb.

Məsələn, 2010-cu ildə boşanan şəxslərin rəsmi sayı 9061 nəfər idisə, 2023-cü ildə bu say 20 minə yaxındır. Yəni, son 10 il ərzində boşananların sayında 2 dəfədən çox artım baş verib. Başqa bir statistik məlumata görə, 2013-2023-cü illər ərzində ümumilikdə 163 min boşanma faktı qeyd alınıb.

Aparılan təhlillərə görə, Azərbaycanda ailə bağlarının qopmasının əsas səbəbi kimi, tərəflər arasında sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin (valideynlər, yaxın qohum-əqrəba) ailəyə etdiyi müdaxilələr göstərilir.

Statistikaya görə, Azərbaycanda ailələr daha çox 5 və 5-9 illik nikahdan sonra boşanırlar. 10 ildən artıq müddətdə evli qalan cütlər arasında boşanma hallarına daha az rast gəlinir. Belə qənaətə gəlmək olar ki, birgə yaşama müddəti artdıqca, ailəni möhkəmləndirən səbəblər və ya faktorlar çoxalır, bağlar daha da möhkəmlənir. Bu səbəbdən də yuxarı yaş qrupunda boşanma halları azalır. Yaş aralığına baxsaq görərik ki, ən çox boşanma halları 18-24 və 25-29 yaşlarda baş verir.

Beynəlxalq araşdırmalara görə isə dünya miqyasında boşanmaların ən çox yayılmış 10 səbəbi var:

1. Sevginin olmaması

Boşanma üçün müraciətin ən çox yayılmış səbəbi cütlər arasında sevgi arzusunun bitməsi göstərilir. Dünya miyqasında boşanan şəxslərin 47%-i aralarındakı sevginin bitdiyini və bunun onların ayrılmasına səbəb olduğunu bildirir.

2. Ünsiyyət problemləri

Boşanma hallarının 44%-i isə ünsiyyət problemi ilə bağlıdır. Xüsusilə cütlüklərin bütün problemlərini, xoşbəxtliklərini və istəklərini bir-birləri ilə danışaraq, bir-birlərini anlamağa çalışaraq həll etmələri xoşbəxt münasibətin əsas sirri kimi göstərilir.

3. Qarşılıqlı hörmətin və ya etibarın itməsi

Boşanmaların üçüncü ən populyar səbəbi cütlər arasında hörmətin olmaması və etibarın itirməsidir.

4. Ortaq dil tapa bilməmək

Sağlam bir münasibətdə cütlər bir-birləri ilə harmoniyada böyüyür və dəyişirlər. Araşdırmada qeyd olunur ki, boşanmaların dördüncü ən çox görülən səbəbi cütlüklərin ortaq dil tapa bilməmələri olub.

5. Aldatma

Ən geniş yayılmış boşanma səbəblərindəndir. Aldatmaq mövzusunda qəbahət aldadan tərəfdə olmasına baxmayaraq aldadılan adamın özünü dəyərsiz hiss etməsinə yol açır. Bu, mütləq boşanma səbəbi hesab olunur.

6. Ortaq nöqtələrin olmaması

Günümüzdə rast gəlinən boşanma səbəblərindən biri də tərəflər arasında ortaq nöqtələrin olmamasıdır. Tərəflərin uzun zaman eyni mühitdə baş-başa olması bir-birlərini və bir-birinin tələblərini başa düşmələri üçün vacibdir.

7. Ailədə şiddət

Boşanma statistikasına nəzər saldıqda şiddət qadınlar tərəfindən ən çox rast gəlinən boşanma səbəbidir.

8. Maddi sıxıntılar

Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi halların evliliyə böyük təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.

9. Övladın olmaması

Uşaq arzulanan ailədə uşaq sahibi olmamaq bir müddət sonra münasibətlərdə rahatlığın olmamasına, cütlüklərin bir-birinə xor baxmasına, sevgi və hörmətin aradan qalxmasına yol açaraq boşanmaya səbəb olur.

10. Alkoqol, qumar, psixoloji preoblemlər

Tərəflərdən birinin yaşadığı böhran və psixoloji problemlər də evliliyin bitirilməsinə səbəb ola bilər. Bura – narkotik maddədən istifadə, alkoqol, qumar və bu qəbildən olan digər səbəblər daxildir.

Qeyd edək ki, boşanma halları dinlər üzrə də müxtəliflik təşkil edir. Hazırda xristian dininə mənsub olan şəxslər arasında boşanma faktları daha yüksək həddədir. Xristianlarda boşanma göstəricisi - 37%, buddistlərdə - 30%, yəhudilərdə - 28%, müsəlmanlarda - 20%-dir.

Ölkələr üzrə baxsaq hazırda İnkişaf Etmiş Ölkələrdə boşanma halları İnkişaf Etməkdə olan Ölkələrlə müqayisədə daha çoxdur. Maraq üçün bəzi ölkələrdə boşanma göstəricisi aşağıdakı kimidir:

- Lüksemburq 87%

- İspaniya 65%

- Fransa 55%

- Rusiya 51%

- ABŞ 46%

- Almaniya 44%

- Böyük Britaniya 42%

- Yeni Zelandiya 42%

- Avstraliya 38%

- Kanada 38%

- Hindistan 1%

- Çili 3%

- Kolumbiya 9%

- Meksika 15%

- Türkiyə 22%

- İran 22%

Elvin

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusunda hazırlanmışdır.