Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin rayonun Uzuntala kəndinin sakinləri ilə görüşündə etdiyi diqqətsizliklə bağlı məsələyə aidiyyəti qurum reaksiya verib.

İcra hakimiyyətinin şöbə müdiri Elsevər Qumuxov bildirib ki, həmin kənddə qapalı məkan olmadığından səyyar görüş açıq havada keçirilib: "Hava şəraiti qeyri-sabit idi. Həmin kənddə ibtidai siniflər üçün nəzərdə tutulmuş məktəb var. İclasda həmin məktəbin stulları yerləşdirilib".

"Qurum rəhbərlərinə stul tapıldı, vətəndaşlara tapılmadı?"- sualına isə sözügedən şəxs təkidlə "vətəndaşlara da stul verilib" cavabını verib.

Ətraflı Baku TV-nin süjetində:

***

2010-cu ildən Qax rayonuna başçılıq edən Musa Şəkiliyevin rayonun kəndlərinin birində sakinlərlə keçirdiyi görüş sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

“AzPolitika” xəbər verir ki, sözügedən görüşə dair fotoda icra başçısı və digər rəhbər şəxslər kölgədə, rahat yerdə əyləşdiyi halda, kənd cammatı günün altında oturub.

Ağsaqqal adamların günün altında saatlarla başçının və digərlərinin çıxışlarına qulaq asması bir yana, onlar böyük ehtimalla kəndin uşaq bağçasına aid olan, uşaqlar üçün nəzərədə tutulan kiçik stullara əyləşmək məcburiyyətində qalıblar.

Sosial şəbəkələrdə bu mənzərə icra başçısının yerli əhaliyə qarşı saymazlığı və hörmətsizliyi kimi qiymətləndirilib. Ancaq icra hakimiyyəti orqanlarının əhaliyə münasibətdə törətdikləri digər ciddi qanunsuzluq və özbaşınalıqları nəzərə alsaq, bu mənzərə onların yanında “toya getməlidir”.

“AzPolitika.info”