"Axı biz istehsalçı ölkə deyilik, heç ÜTT-nin də üzvü deyilik, niyə Fransa, İtaliya və s. ölkələrin şirkətlərinin maraqlarını müdafiə etməliyik ki?! Bizə qalıb bu?!"
Son zamanlar Azərbaycanda sahibkarlıq subyektlərinə, xüsusilə də kiçik sahibkarlığa qarşı təzyiqlər, qadağalar, yoxlamalar kəskin çoxalıb. Kiçik sahibkarlar daha çox gömrük və vergi orqanlarından şikayət edirlər.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı paylaşım edib.
Həmin yazını təqdim edirik:
“Elə bil ölkədə problem az idi, biri də yarandı – kiçik-orta sahibkarların boğulması prosesinə bir məsələ də əlavə olundu.
Keçən il Gömrük Komitəsi açıqlama yaydı: "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir. Komitədən açıqladılar ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.
Yəni, keçən ilin sentyabrında dedilər ki, saxta brend adlarla malları ölkəyə, güya, buraxmayacaqlar – amma buraxdılar, təbii ki, iş adamlarından əlavə pul almaqla bu işi gördülər, önların belənə əlavə ödəniş yüklədilər. Sonra bununla da iş bitmədi - əlaqədar dövlət-hökumət orqanları pərakənda satış mağazalarına reydlər təşkil etdilər, məsələn, "Armani”, "Gucci”, "Lacoste” və s. adlarla satışda olan məhsullara əl qoydular, sahibkarları cinayət məsuliyyəti ilə hədələyib yenə pul yığdılar.
Yaxşı, Bakıda, ölkədə bu mallar satılırsa, deməli bunu ölkəyə Gömrük Komitəsi buraxıb da, bu qədər mal gizli gələ bilməz. Deməli, gömrük pul alıb buraxır, sonra başqa orqanlar gəlib tutur, onlar da bir daha iş adamlarını soyurlar. Belə də zülm olar?! Axı biz istehsalçı ölkə deyilik, heç ÜTT-nin də üzvü deyilik, niyə Fransa, İtaliya və s. ölkələrin şirkətlərinin maraqlarını müdafiə etməliyik ki?! Bizə qalıb bu?! Dünyanın hər yerində kontrafakt məhsullar satılır. Bundan bizim hansı şirkətimizə ziyan dəyir ki? Bu, sadəcə kiçik və orta sahibkarlara əlavə yükdür. Həmin şəxslərə problem yaranır, cərimələnirlər. Bunun heç bir mənası və iqtisadiyyata müsbət təsiri yoxdur.
Öna görə də düşünürəm ki, bu məsələdə daha yumşaq davranmaq lazımdır. Mən dünyada onlarla ölkədə olmuşam, dünyada elə ölkə yoxdur ki, küçədə saxta mal satılan yer olmasın. Bizim və ümumilikdə azərbaycanlıların ən çox getdiyi ölkə məhz Türkiyədir. Bu ölkənin yeraltı keçidlərindən tutmuş, küçələrində satılan saxta məhsullara qədər hər yerdə bu cür mallar satılır. Türkiyədə əlaqəli orqanlar bunu görmürlərmi? Görürlər! Az qazananlar üçün, kiçik sahibkarlar üçün şərait yaradırlar. Ümumən, bu məsələyə bizim ölkədə bu qədər ciddi yanaşılmasını anlaya bilmirəm – istehsalımız yox, ÜTT-yə üzv deyilik, nə əl qatıblar özlərinə?! Deməli məqsəd korrupsiyadır.
Tutaq ki, Azərbaycanda "Channel" markasının saxta çantası satılır. Bunu bizim dövlət orqanları aşkarlayır, insanları ya rəsmi cərimələyir, ya da pul alıb buraxır. Bunun "Channel"-ə heç bir aidiyyatı yoxdur, bu şirkətdən bizə belə bir tələb də yoxdur. Bir sözlə, insanlara işləmək üçün şərait yaradılmalıdır. Əgər bu qanunu hərfi mənada tətbiq etsələr, “Sədərək”, “Binə” və böyük ticarət mərkəzlərinin hamısı, ölkədə minlərlə kiçik dükanlar bağlanmalıdır, onminlərlə insan işsiz, bir parça çörəksiz qalmalıdır, olmaz belə. Bəyəm 20 manata “Channel” alan bilmirmi ki, bu əsl firma malı deyil – bilir, burada istehlakçıların aldadılması da yoxdur ki, onların hüquqlarının qorunmasını bəhanə etsinlər.
Nə isə, kiçik-orta sahiblarlağa qarşı hərtərəfli “səlib yürüşü” var, onlar sıradan çıxarılır, bu isə ölkədə əsl sabitliyə təhdiddir – bunu anlamırlar..."
“AzPolitika.info”

Şərhlər
Burada təəcüblü heç nə yoxdur!
Həqiqətən də çoox unikal millətik. Qanunlara sayqısızlıq bizim canımızda, qanımızdadır. Sonra da deyirik Milli Məclis yaxşı işləmir. Bir savadsız hüquqşünas kimi tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanda qəbul olunmuş qanunlar bəlkə də Avropa qanunlarından daha üstün və proqressivdir. Sadəcə olaraq birincisi, vətəndaşlarımız rüşvət verməyə, ikincisi, məmurlatımız və hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almağa meyllidir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu vaxtı ilə layihə şəklində olanda bütün ekspertizalardan keçirilmiş, Avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu qanunun bütün müddəalarına əməl edilsə inandırım Sizi bəlkə də Sinqapur, Honkonq, Finlandiya kimi dövlətlərlə bir səviyyədə yer alardıq. Bir halda ki, sürücülük vəsiqələri pula satılır (adam tanıyıram ki, ruhi xəstədir, lakin sürücülük vəsiqəsinə malikdir), texniki baxış keçirilmədiyi halda nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair arayış verilir, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə ağıla sığmayan məbləğdə rüşvət tələb edilir, sağlam, çağırış yaşlı vətəndaşımızı “xəstə” edirik, səhiyyə nazirimiz məhkumluq həyatı yaşamış vətəndşımıza vəzifə verir, məmur öz qohumlarına rəhbərlik etdiyi idarədə vəzifələr paylayır, Gömrük orqanımız biyabırçı gündədir, dövlətin əmlakının axırına çıxmış məmurun müsadirə olunmuş əmlakının geri qaytarılması barədə məhkəmələrimiz qərar qəbul edilir, korrupsiya ilə mübarizə aparan vəzifəli şəxsi kürəkəni üçü şərait yaradır ki, ASAN xidmətin binalarını məhz o tiksin. Siyahını davam etsəm Azpolitikanın saytında yazı verməyə yer qalmaz. Bir sözlə Azərbaycanda korrupsiya ilə mübarizə “0” dərəcəsindədir. Nə qədər ki, Korrupsiyaya qarşı mübarizə idarəsi Prezidentin tabeçiliyinə verilməyib, günümüz bundan da qara olacaq. Bizim hər şeyimiz var: neftimiz, qzımız, qızılımız, bir ağlımızdan başqa. Başımıza nə gəlirsə ağlımızın ucbatından gəlir.
DGK ne vaxt duz ishleyib ki
Gömrük bir tərəfdən karaupsiya o tərəfdən amma maşını addan ada keçirmək 80 manat xərci ola ola 300 manat alırlar heç bunu deyən yazan yoxdur .
Addan ada keçirmək nədi ki, ASAN xidmətə keçirmirlər çünki dəvət özü haqq alır buna görə belə deyirlər