Kimlər pul ödəyəcək, kimlər güzəşt alacaq ?
Azərbaycanda frilanserlərin və rəqəmsal səyyahların vergi orqanında qeydiyyata alınmasını nəzərdə tutan yeni qanun dəyişikliyi müzakirələrə səbəb olub. Dəyişikliyə əsasən, müəyyən şərtləri yerinə yetirən şəxslər həm rəsmi fəaliyyət göstərə, həm də vergi güzəştlərindən yararlana biləcəklər. Məqsəd rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləmək və bu sahədə çalışanları hüquqi çərçivəyə cəlb etməkdir. Bununla yanaşı, yeni qaydaların praktikada necə tətbiq ediləcəyi və kimləri əhatə edəcəyi maraq doğurur.
Yeni vergi qeydiyyatı sistemi Azərbaycanda frilanser fəaliyyətinin inkişafına və rəqəmsal iqtisadiyyata hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, ilk növbədə frilanserləri qeydiyyata almaqdan əvvəl dövlət vergi inzibatçılığını müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırmalıdır.

Onun sözlərinə görə, Azərbaycanda frilanserlərin və rəqəmsal səyyahların vergi qeydiyyatına cəlb edilməsi ideya olaraq müsbət addımdır: “Rəqəmsal iqtisadiyyatın sürətlə inkişaf etdiyi dövrdə bu fəaliyyət növlərinin hüquqi status qazanması həm şəffaflığın artmasına, həm də bu sahədə çalışan insanların sosial təminat sisteminə qoşulmasına şərait yarada bilər. Amma əsas problem qanunun qəbul edilməsində deyil, onun tətbiq ediləcəyi mühitdədir. Təcrübə göstərir ki, Azərbaycanda vergi inzibatçılığı uzun illərdir daha çox nəzarət və cərimə funksiyası ilə tanınır, xidmət və tərəfdaşlıq prinsipi isə arxa planda qalır. Belə şəraitdə yeni qeydiyyat sistemi bir çox frilanser tərəfindən imkan kimi deyil, əlavə inzibati yük və risk kimi qəbul edilə bilər. Bu gün minlərlə Azərbaycan vətəndaşı xarici platformalar vasitəsilə proqramlaşdırma, qrafik dizayn, tərcümə, rəqəmsal marketinq, konsultasiya və digər xidmətlər göstərir. Onların əsas gözləntisi sadə, aydın və proqnozlaşdırıla bilən vergi sistemidir. Əgər qeydiyyat prosedurları mürəkkəb olacaq, tez-tez əlavə izahatlar tələb ediləcək, bank əməliyyatları əsassız şəkildə araşdırılacaq və müxtəlif dövlət qurumları arasında koordinasiya zəif qalacaqsa, insanlar yenə də qeyri-rəsmi fəaliyyətə üstünlük verəcəklər”.
A.İbrahimov qeyd edib ki, rəqəmsal iqtisadiyyatda ən böyük kapital insanın biliyi və kompüteridir. Bu sahəyə ənənəvi sahibkarlıq məntiqi ilə yanaşmaq düzgün nəticə verməyəcək: “Dövlət ilk növbədə etimad yaratmalıdır. Könüllü qeydiyyatın genişlənməsi təkcə vergi dərəcələrindən deyil, vergi inzibatçılığına olan etimaddan asılıdır. Bundan başqa, vergi güzəştləri yalnız kağız üzərində qalmamalıdır. Frilanser qeydiyyata düşdükdən sonra hər ay müxtəlif hesabatlar vermək, mühasibat xidmətlərinə əlavə vəsait xərcləmək, sosial ödənişlər etmək və uzun bürokratik prosedurlarla üzləşmək məcburiyyətində qalacaqsa, bu, rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə kölgə iqtisadiyyatını stimullaşdıracaq.
Yeni qaydaların digər mümkün nəticəsi xidmət qiymətlərinin artması ola bilər. Çünki rəsmi fəaliyyət göstərən frilanserlərin vergi öhdəlikləri, sosial ödənişləri, mühasibat xərcləri və digər inzibati məsrəfləri yaranacaq. İqtisadi baxımdan bu əlavə xərclərin müəyyən hissəsinin xidmətlərin qiymətinə daxil edilməsi gözləniləndir. Xüsusilə kiçik həcmli sifarişlərlə çalışan mütəxəssislər üçün fəaliyyət xərclərinin artması proqramlaşdırma, qrafik dizayn, tərcümə, rəqəmsal marketinq, kontent istehsalı və digər rəqəmsal xidmətlərin bahalaşmasına səbəb ola bilər. Bu isə həmin xidmətlərdən istifadə edən sahibkarların və şirkətlərin xərclərini artıracaq”.

Ekspert əlavə edib ki, qiymət artımı qaçılmaz nəticə kimi təqdim edilməməlidir. Bu, vergi və inzibati yükün həcmindən, tətbiq mexanizmindən, güzəştlərin effektivliyindən və bazardakı rəqabətdən asılı olacaq: “Əgər vergi inzibatçılığı sadələşdirilməz, hesabat yükü minimuma endirilməz və real stimullar yaradılmazsa, bu dəyişiklik rəqəmsal iqtisadiyyatın inkişafından daha çox xidmətlərin bahalaşmasına və bəzi mütəxəssislərin yenidən qeyri-rəsmi fəaliyyətə qayıtmasına gətirib çıxara bilər.
Mən hesab edirəm ki, məqsəd daha çox vergi ödəyicisini qeydiyyata almaq deyil, daha çox etibarlı vergi ödəyicisi qazanmaq olmalıdır. Bunun üçün vergi inzibatçılığı cərimə mərkəzli yanaşmadan xidmət mərkəzli yanaşmaya keçməli, hesabatlılıq maksimum sadələşdirilməli, rəqəmsal platformalarla inteqrasiya təmin edilməli və qanunvericilik sabit olmalıdır.
Əks halda, yaxşı niyyətlə hazırlanmış bu dəyişiklik də əvvəlkilər kimi kağız üzərində qalacaq və Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində region ölkələri ilə rəqabətdə geri qalmaq riski ilə üz-üzə qalacaq”.
Oğuz Ayvaz
“AzPolitika.info”

Şərhlər