Məlum olduğu kimi, 2022-ci ilin mayında ABŞ prezidenti Co Bayden Ukrayna üçün “Lend-liz” qanununu imzalasa da, praktikada bu qanun heç vaxt tətbiq edilmədi. Əvəzində, müxtəlif bəhanələrlə Konqresdə Ukraynaya hərbi yardım paketi ləngidilərək, işğala məruz qalan ölkə daha da çətin duruma salındı. Hansı ki, “Lend-liz” tətbiq edilsəydi, Konqresdən icazə almadan Ukraynaya daha çevik və daha böyük miqdarda yardımlar edilə bilərdi.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo və amerikalı lobbiçi Devid Urban maraqlı iddia ilə çıxış ediblər.
Onlar bildiriblər ki, Donald Tramp seçkidə qalib gələrsə, Ukrayna üçün 500 milyard dollar məbləğində “Lend-Liz” proqramı hazırlaya və Ukrayna Silahlı Qüvvələrinə verilən silahların növü və modifikasiyası ilə bağlı bütün məhdudiyyətləri aradan qaldıra bilər.
Pompeo və Urban “The Wall Street Journal” üçün köşə yazısında Donald Trampın prezidentliyi ilə bağlı proqnozlarını təqdim ediblər. Onların fikrincə, Tramp Amerikanın müdafiə sənayesini inkişaf etdirərkən Ukraynanı dəstəkləməyə davam edəcək.
Onlar iddia edirlər ki, Baydenin qəbul etdiyi, lakin tətbiq etmədiyi “Lend-Liz” proqramı Ukraynaya Amerikadan silah almaq üçün lazım olan qədər borc pul almağa imkan verəcək və Amerika vergi ödəyicilərinin yükünü azaldacaq.
Müəlliflər qeyd edirlər ki, Trampın Ukraynanı təslim olmağa razı salmaq niyyətinə dair heç bir sübut yoxdur. Əksinə, prezidentliyi dövründə bu ölkəyə “Javelin” raketlərinin tədarükünə qoyulan qadağanı məhz Tramp aradan qaldırıb.
Yazıda deyilir: “Müharibə Baydenin zəifliyindən başlasa da, Tramp güc vasitəsilə sülhü bərpa edə bilər”.
Donald Trampın mümkün addımları arasında yazı müəllifləri həmçinin, ABŞ-nin enerji potensialının inkişaf etdirilməsini, İrana qarşı birgə iş üçün Səudiyyə Ərəbistanı və İsraillə əlaqələrin bərpasını, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini, hərbi xərclərin həcminin artırılmasını da önə çəkirlər. Onlar NATO üzvü olan ölkələrin hərbi xərcləri ÜDM-in 3%-nə qədər çatdıracaqlarını xüsusi vurğulayıblar.
Beləliklə, sabiq dövlət katibinin də dediyi kimi, Trampın prezidentliyi müxtəlif sürprizlər gətirə və hipotetik olaraq, bəlkə də hazırkı qeyri-müəyyənliyə, müharibələrə son qoya bilər. Bunun üçünsə ilk öncə onun seçkidə qalib gəlməsi lazımdır ki, bu da bir o qədər asan görünmür...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Amerika xalqı Trampı seçməyəcək. Bu Rusiyanın arzusudur.