“Ermənistanın Naxçıvan istiqamətində iki dəfə ard-arda atəşkəsi pozmasını belə izah etmək olar ki, ya bu, baş nazir Nikol Paşinyanın ona ötürülən hiyləgər planının tərkib hissəsidir, ya da bunu Ermənistan ordusunda Azərbaycanla sülh istəməyən təxribatçılar həyata keçirir".
"AzPolitika" xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirib.
Ekspert Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulması ilə bağlı sərt bəyanatın qəbul edilməsinin tərəfdarıdır:
"Birinci variantda Paşinyan Azərbaycanla sülh imzalanmaması üçün süni gərginlik yaradıb yeni ağalarından birinin - Fransanın əmrini yerinə yetirə bilər. Paris oyundankənar vəziyyətdə qaldığına görə Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, çünki bu halda İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesi başlayacaq.
İkinci variantda Ermənistan ordusundakı, Paşinyanın da qeyd etdiyi kimi, "5-ci kolon" atəşkəsi pozmaqla gərginliyin artmasına çalışır. Bizim üçün bu variantlardan hansının gerçək olduğunun fərqi yoxdur. Ermənistana Nikol Paşinyan cavabdehdir və o bilməlidir ki, atəşkəsin intensiv pozulmasının onun və ölkəsi üçün ağır nəticəsi olacaq. O, Fransanın deyil, ölkəsinin maraqlarından çıxış etmədiyi və ordusunda qayda-qanun yaratmadığı halda Azərbaycan Ordusunun növbəti zərbəsi ilə üzləşəcək. Hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyinin birgə sərt bəyanatı yayımlanmalı və atəşkəsin pozulmasına görə Ermənistanın hansı durumla üzləşəcəyi İrəvana aydın izah edilməlidir".

Şərhlər
Kasıb uşaqlarını yenə öldürəcəklər