Menu

“Ermənistan İran və Türkiyə ilə sərhədlərinə özü nəzarət edəcək” – “Bu keçid çox vaxt aparacaq...”

10.10.2024, 12:10
“Ermənistan İran və Türkiyə ilə sərhədlərinə özü nəzarət edəcək” – “Bu keçid çox vaxt aparacaq...”

“Biz nəzarət-buraxılış məntəqələrimizin hərəkətini tam şəkildə idarə edirik”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Rusiya sərhədçilərini gələn il yanvarın 1-də Zəngəzurda – Ermənistanla İran arasındakı Aqarak keçid məntəqəsindən, ötən ilin avqustunda isə İrəvandakı Zvartnots aeroportundan çıxarmaqla suverenliyinin komponentlərini artırır.

Xatırladaq ki, Moskvada Putinlə Paşinyan arasında baş tutan ikitərəfli görüşdən sonra məlum olub ki, 3 aydan sonra Meğri sərhəd-keçid məntəqəsindəki rus hərbçiləri erməni sərhədçiləri əvəz edəcək. Ermənistan - İran və Ermənistan - Türkiyə dövlət sərhədlərinin mühafizəsini isə Ermənistan sərhəd qoşunları ilə birlikdə Rusiya sərhədçiləri həyata keçirəcək.

“"Zvartnots"un hansı fəaliyyətin nəticəsində reallığa çevrildiyini xatırlayırsınız? Heç kim inanmırdı, lakin Ermənistanın hakimiyyət orqanları nəzarət-buraxılış məntəqələrində suverenliyimizin təmin olunması üçün ilk addımı məhz “Zvartnots” hava limanında atıblar. Növbəti addımı da gördünüz, artıq qərar verilib, yanvarın 1-dən İranla sərhəddə nəzarət-buraxılış məntəqəsini bizim Sərhəd Qoşunlarının bölmələri idarə etməlidir”, - Köçəryan bildirib.

Parlamentin müdafiə komitəsinin sədri Rusiya sərhəd qoşunlarının Aqarak keçid məntəqəsində erməni sərhədçiləri ilə əvəzlənməsi qərarından əlavə, Ermənistan sərhədçilərinin İranla və Türkiyə ilə dövlət sərhədində Rusiya sərhədçiləri ilə birgə xidmət etməsini daha vacib sayır. Andranik Köçəryanın sözlərinə görə, Ermənistan və Rusiya sərhədçilərinin nisbəti barədə danışmaq hələ tezdir.

“Rusiya sərhəd qoşunlarından Ermənistan sərhədçilərinə bu keçid bizdən çox vaxt aparacaq, çünki onun formalaşması prosesi peşəkar nöqteyi-nəzərdən və ehtiyacların gücləndirilməsi baxımından zamanla həyata keçiriləcək”, - o qeyd edib.

“Deyə bilərikmi ki, Ermənistan müəyyən müddətdən sonra həm Türkiyə, həm də İranla dövlət sərhədlərini tam müstəqil şəkildə qorumağı qarşısına məqsəd qoyub. Dövlət sərhədi ilə bağlı dövlətlərarası müqavilələr var və bu müqavilələrin müddəti bitənə qədər qüvvədə olmalıdır və bundan sonra biz özümüz sərhəd mühafizə xidmətini həyata keçirməyə hazır olmalıyıq”, - Köçəryan deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol