Menu

Rusiya hərbi sənayesi üçün alman avadanlıqları - Almaniya müəssisələri sanksiyaları necə pozur?

11.10.2024, 10:16
Rusiya hərbi sənayesi üçün alman avadanlıqları - Almaniya müəssisələri sanksiyaları necə pozur?

Almaniyanın sənaye avadanlıqları Avropa sanksiyalarından yan keçərək Rusiyaya çatmaqda davam edir. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropada fəaliyyət göstərən SWR şəbəkəsinin araşdırmaçı jurnalistləri aşkarlayıb və nəticələri Almaniyanın ARD telekanalına təqdim ediblər.

Qeyd olunur ki, sanksiyalara görə hərbi məqsədlər üçün istifadə oluna bilən malların idxalı qadağandır, ona görə də Rusiya bunları mümkün qədər ölkə daxilində istehsal etməyə çalışır. Buna isə alman mexanika mühəndislərinin yaradıb istehsal etdiyi məhsullar kömək edir.

SWR-də mövcud olan Rusiya gömrük məlumatlarına görə, 2023-cü ilin dekabr ayının sonuna qədər Almaniya istehsalçılarına aid 300-dən çox yük partiyası Rusiyaya çatdırılıb. Bunlar adətən böyük sənaye maşınlarıdır. Bu kompüterlə idarə olunan maşınlar, məsələn, polad kəsə, təbəqə metal bükə və ya metal hissələri avtomatik qaynaq edə bilər.

Jurnalistlər qeyd edirlər ki, belə maşınlar olmadan avtomobil və ya təyyarələr üçün hissələrin və ya döyüş sursatlarının istehsalı demək olar ki, mümkün deyil. Onların istehsalında Almaniya liderdir və onun Rusiya bazarındakı payı 30%-ə çatır.

Rusiyanın “Parsek”, “KamAZ”, “NIR” və “İndustrial Solutions” şirkətləri rus hərbi sənayesini təyyarə və raketlər üçün mühərriklər, ehtiyat hissələri ilə təmin edir. Bütün bu müəssisələr keçən il də gəlməkdə davam edən alman avadanlıqlarından istifadə edirlər. Rusiya böyük ehtimalla bu il də belə maşınlar alır.

Jurnalistlərin əlaqə saxladıqları alman istehsalçılar iddia edirlər ki, bunun günahkarı alman şirkətlərinin xəbəri olmadan sanksiya rejimini pozan vasitəçilərdir.

Ekspertlər qeyri-qanuni ixracın dayandırılmasının mümkünlüyünü sanksiyaların gücləndirilməsində və onlara əməl olunmasına nəzarətdə görürlər. Onlar qeyd edirlər ki, şirkətlər həqiqətən məhsullarının hara getdiyini bəlkə də bilmirlər, lakin istəsələr, asanlıqla öyrənib müvafiq tədbirlər görə bilərlər.

Beləliklə, Qərbin apardığı ikiüzlü siyasətin daha bir sübutu Almaniyanın timsalında özünü göstərir. Odur ki, özləri sanksiya tətbiq edib, özləri də onu pozan dövlətlərin Ukraynanın qələbəsində maraqlı olduğunu düşünmək sadəlövhlük olardı.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol