(Elm və Təhsil Nazirliyindən və Dövlət Statistika Komitəsindən verilən açıqlamalar yazının sonuna əlavə edilib)
Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərdə nə qədər əcnəbi tələbə təhsil alır? İki aidiyyatı dövlət qurumunun bununla bağlı bir-birindən kəskin fərqlənən açıqlamaları var.
Belə ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov deyib ki, Azərbaycanda 2024-2025-ci tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.

"Siyahıda TOP 10-luqda 4 min 338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandan gələn tələbələrdir", - o dekabrın 11-də "Elm və ali təhsilin beynəlmiləlləşməsi” forumunda çıxışında qeyd edib. Elə həmin tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bəyan edib ki, Azərbaycanda ali təhsil alan əcnəbi tələbələrin sayının 20 minə çatdırılması qarşıya məqsəd qoyulub.

Dövlət Statistika Komitəsindən isə bildirilib ki, Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6680 vətəndaşı təhsil alıb. Onların 891-i MDB ölkələrinin, 5789-u isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq, Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşları üstünlük təşkil edirlər.
Göründüyü kimi, rəsmi rəqəmlərdə böyük fərq var. Bu ziddiyət nə ilə bağlıdır, Dövlət Statistika Komitəsinin, yoxsa Elm və Təhsil Nazirliyinin rəqəmləri həqiqəti əks etdirir?
Məsələni araşdırmaq üçün əvvəlcə ali təhsil müəssisələri ilə əlaqə saxlayıb, hazırda təhsil alan əcnəbi tələbələrin sayını öyrənməyə çalışdıq.
Bakı Dövlət Universitetindən bildirildi ki, təhsil ocağında 500-dən artıq əcnəbi tələbə təhsil alır.
“Bu il UNEC-ə qəbul olan 205 əcnəbi vətəndaşdan 170 nəfəri bakalavriatura, 32 nəfəri magistratura, 3 nəfəri isə doktorantura üzrə təhsil alır. Tələbələrin 161 nəfəri qeyri-dövlət xətti ilə, 6 nəfəri Hökümətlərarası Saziş çərçivəsində, 5 nəfəri Heydər Əliyev adına Dövlət Qrantı ilə, 32 nəfəri isə DİM vasitəsilə qəbul olub” - Azərbayan Dövlət İqitsad Universiteti - UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Məmmədova bildirib.
“Hazırda UNEC-də Çin, ABŞ, Rusiya, Türkiyə, İsrail, İndoneziya, Malaziya, Hindistan, Estoniya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və digər ölkələrdən 500-ə yaxın əcnəbi tələbə təhsil alır”, - o qeyd edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Taleh Mirzəyev isə dedi ki, universitetdə 2024/2025-ci tədris ilində müxtəlif ixtisaslar üzrə təhsil alan əcnəbi tələbələrin ümumi sayı 97 nəfər təşkil edir. Onun sözlərinə görə, ADPU-da təhsil alan əcnəbi tələbələr əsasən Türkiyə, Gürcüstan, Rusiya, Çin, Pakistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Əfqanıstan vətəndaşlarıdır.
Xəzər Universitetinin Media və ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli isə 31 ölkədən 131 əcnəbi tələbələnin olduğunu bildirdi.
Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev ali məktəbdə 25 ölkədən 125 tələbənin təhsil aldığını açıqladı.
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı “AzPolitika”-ya 12 ölkədən 81 əcnəbi tələbələrinin olduğunu açıqladı.
Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova isə bildirdi ki, ölkədə ən çox əcnəbi bu təhsil müəssisəsində təhsil alır. Onun sözlərinə görə, ATU-nun 45 ölkədən 2485 tələbəsi var.
Azərbayan Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov isə “AzPolitika”-ya açıqlamasında 28 ölkədən 300-dən artıq tələbənin təhsil aldığını bildirdi.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsi təhsil alan əcnəbilərin sayına görə üçüncü sırada dayanır. “Universitetimizdə 500-dən artıq xarici ölkə vətəndaşı təhsil alır”, - o qeyd edib.
ADA-nın İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və Rəqəmsal məzmun üzrə meneceri Şəbnəm Məhərrəmova “AzPolitika”-ya bildirib ki, akademiyada 219 ənəbi təhsil alır.

Mövzu ilə bağlı keçmiş millət vəkili, elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis Etibar Əliyev “AzPolitika”-ya şərhində bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatını daha inandırıcı sayır. O, hesab edir ki, dövlət qurumu belə ciddi məsələlərdə yanlışlığa yol verə bilməz: “Bu, həm də miqrasiya məsələsidir. Ümumiyyətlə, Azərbaycanda xarici tələbələrin sayının azalmasında müəyyən tendensiya müşahidə olunur. Xarici tələbələri, əsasən də inkişaf etmiş ölkələrdən olanları universitetin reytinqi, yataqxana şəraiti, təhsilin keyfiyyəti maraqlandırır. Bu gün biz informasiya cəmiyyətində yaşadığımız üçün bu reytinqlər hər kəsə açıqdı. İstənilən şəxs təhsil almaq istədiyi universitetlə tanışlıq əldə etmək imkanına sahibdir. Bu gün əsasən İrandan, Türkiyədən, postsovet, eləcə də Afrika ölkələrindən olan vətəndaşların bizim universitetlərdə təhsil almaq meyilləri daha güclüdür”.
Təhsil eksperti Kamran Əsədov isə əksinə, hesab edir ki, DSK səhv məlumat verib, Azərbaycanda 11-minə yaxın əcənəbi təhsil alır.

Qeyd edək ki, sözügedən anlaşılmaz vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə də müraciət etdik.
Elm və Təhsil Nazirliyindən “AzPolitika”-nın sorğusuna cavab olaraq o d bildirilib ki, Azərbaycanda təhsil alan beynəlxalq tələbələrə dair ictimaiyyətə təqdim olunan statistika Elm və Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Ali və Orta İxtisas Təhsili Alt Sistemində mövcud olan məlumata əsaslanır.
“2024-2025-ci tədris ili üzrə sözügedən bazaya uyğun olaraq, ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan beynəlxalq tələbələrin sayı təqribən 11 minə yaxındır”, - açıqlamada qeyd olunur.

Dövlət Statistika Komitəsindən da qeyd olunan anlaşılmazlıqla bağlı "AzPolitika.info"-ya açıqlama göndərilib. Həmin açıqlamada bildirilir: "Məqalədə aparılan müqayisədə Dövlət Statistika Komitəsinin 2023/2024-cü tədris ilinin əvvəlinə olan məlumatlarına istinad edildiyi halda Elm və Təhsil Nazirliyinin 2024/2025-ci tədris ilinin məlumatları qeyd edilib.
Bununla yanaşı, Dövlət Statistika Komitəsi tərəfindən yayılan ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsində təhsil alan xarici tələbələrin sayına dair məlumatlardan istifadə edilib. Ölkədə təhsil alan əcnəbilərin ümumi sayı hesablanarkən isə ali təhsil müəssisələrinin hazırlıq şöbələrində, doktoranturada və orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbilərin sayının da nəzərə alınması zəruridir (həmin məlumatlar da yayımlanır).
Bundan əlavə, müvafiq sahə üzrə Dövlət Statistika Komitəsi tərəfindən toplanılan rəsmi statistika hesabatları tədris ilinin əvvəlindəki vəziyyəti özündə ehtiva edir. Hesabat dövrü bitdikdən sonra da təhsil müəssisələri tərəfindən tələbə qəbulu həyata keçirilə bilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları”na əsasən Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Bu sistem üzrə məlumatlar isə öz növbəsində hər zaman dəyişə bilər.
Məlumat üçün bildiririk ki, bəzi ali təhsil müəssisələrində hələ də hazırlıq şöbələrinə qəbul davam edir və buna görə də bir sıra hallarda fərqlərin olması mümkündür."
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunanlar iki dövlət qurumunun rəqəmləri arasındakı fərqi azaltsa da, tam aradan qaldıra bilməz. Yenə də ortada böyük fərq qalacaq...
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Ölkədə doğru hesabat.sayım aparanqurum varmı ki. kiminsə rəqəmlərinə inam olsun?Yalan üzərində qurulan hesabatlar kimə gərəkdir?Oənların rəqəmləri- kimi hansı rqəm qane edir-prinsipinə xismət edir.İstətsən inkişaf .istərsən tənəzzül göstərirlər.Baxır yxarılara hansı cür mlumat sərf edir.Fakta baxan var?Hamısı şəxsi marağını güdür.
içləç