Etibar ƏLİYEV,
Elm və təhsil mütəxəssisi, sabiq millət vəkili
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğunu bildirib. Mənim fikrimcə, Nicat müəllimin bu fikri geniş dəstək almalıdır. O qeyd edib ki, bu mərhələ Sovet elmindən bizə miras qalmış bir ənənədir: “Sovet elmi də bunu daha çox alman təhsil sistemindən götürüb. 1819-cu ildən sonra Rusiyanın bir neçə universitetində elmlər doktoru pilləsi təsdiqlənib və istifadə olunmağa başlayıb.”
Nazir müşaviri tarixə ekskurs edərkən bir sıra yanlışlıqlara yol verib. Gəlin Rusiya elminin formalaşma mərhələlərinə diqqət yetirək. Hər bir ölkənin ali təhsil sisteminin formalaşması müəyyən hadisə və tarixlə bağlıdır. Rusiyada universitet deyil, Sankt-Peterburqda Akademiyanın təsis edilməsi mühüm bir tarixi hadisədir. Akademiyanın layihəsi imperator I Pyotr tərəfindən hazırlanıb və bu qurum 1725-ci ildə yaradılıb.

I Pyotr bu layihənin həyata keçirilməsi üçün Almaniya və Hollandiya universitetlərində olmuş, layihənin hazırlanması üçün oradakı professorlardan məsləhətlər almışdı. Peterburq Akademiyasının dünyadakı digər elmi strukturlardan əsas fərqi ondan ibarət idi ki, Akademiya yaradılarkən Rusiyada nə universitet, nə də ibtidai və orta təhsil sistemi mövcud idi. Yuxarıdan verilmiş qərar əsasında bu akademiya yaradıldı. Onun yaradılması haqqında qərarı isə imperatriçə Yekaterina imzalamışdı.
Bu elmi təsisat sırf tədqiqatlar üçün yaradılmışdı. İlk vaxtlar akademik vəzifələrə xaricdən alimlər dəvət olunurdu. Bu işdə Leonard Eyler, Danil Bernulli, Amper, Qey-Lyüssak, Höte, Kondorse, Laqranj və Didronun böyük rolu olmuşdur. 1750-ci ildə Akademiyanın müxbir üzv statusu təsis edildi. Akademiyanın üzvləri məktəb islahatları, yeni təhsil müəssisələrinin açılması layihələri üzərində işləməklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olurdular. Onların əsas vəzifələri sırasına dərsliklərin yazılması və tərcüməsi, elmi-populyar ədəbiyyatların tərcüməsi, elmi-populyar jurnalların nəşri də daxil idi. Akademiyanın təşəbbüsü ilə kitab köşkləri və kitabxanalar yaradılmışdı.
Pyotrun xarici ölkələrə təhsil almağa göndərdiyi səkkiz tələbə geri qayıtdı ki, onlardan biri də M.V. Lomonosov idi. Beləliklə, universitet yaratmaq zərurəti meydana çıxdı. Əsas çətinlik tələbə çatışmazlığında idi. İlk tam formatlı universitet 1755-ci ildə yaradıldı. Universitetdə üç fakültə mövcud idi: hüquq, tibb və fəlsəfə. Universitet professor çatışmazlığından əziyyət çəkirdi. Əksər professorlar xaricdən dəvət olunurdu və müxtəlif fənləri tədris edirdilər. Universitetin əsas problemi tələbə sayının azlığı idi. Hətta bu mövzu ilə bağlı belə bir lətifə yaranmışdı: "Tələbə sayı o qədər az idi ki, professorlar formada qalmaq üçün bir-birlərinə mühazirə oxuyurdular."
1803, 1804 və 1805-ci illərdə Vilnoda, Xarkovda və Kazanda universitetlər təsis olundu. İlk universitet nizamnaməsi isə 1804-cü ildə I Aleksandr tərəfindən imzalanmışdı. Bəli, Humboldt modelindən istifadə olunmuşdu, lakin hələ də elmi dərəcələrin verilmə qaydaları müəyyən edilməmişdi. Universitetlərin əsas missiyası dövlət qulluğu üçün savadlı kadrlar yetişdirmək idi.
Beləliklə, müəllim vəzifələrinin iyerarxiyası belə idi: privat-dosentlər – lektorlar – yüksək ixtisaslı ekstraordinar professorlar – ordinar professorlar.
XIX əsrin ikinci yarısında universitetlərdə tələbə sayı 100 nəfərdən 3000 nəfərə qədər artdı. Belə bir şəraitdə elmi dərəcələrin verilməsindən danışmaq çətin idi. 1917-ci ildə Rusiyada 124 ali məktəbdən 65-i dövlət, 59-u isə qeyri-dövlət məktəbləri idi. Humboldt modeli isə yaşayırdı. Təhsil akademik elmlə sıx əlaqədə idi. 1914-cü ildə Akademiyanın 38 həqiqi üzvündən 33-ü ali məktəb professoru idi.
Sankt-Peterburq Universitetinin professorları (elmlər doktorları deyil!) İvan Pavlov 1904-cü ildə və İlya Meçnikov 1908-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüblər. Pavlovun bioqrafiyasında tibb üzrə elmlər doktoru dissertasiyası müdafiə etdiyi qeyd olunur. Ancaq Sovet dövründə tibb üzrə elmlər doktoru olan alimlərdən heç biri bu sahədə Nobel mükafatına layiq görülməmişdir.
Bəs Eynşteyn necə? Ona "Molekulların yeni ölçülərinin təyinatı" adlı məqaləsinə görə doktorluq dərəcəsi verilmişdi. Lev Landauya da bir məqaləsinə görə elmlər doktoru dərəcəsi verilmişdi. Əslində mərhum Azad Mirzəcanzadə də bu modeli Azərbaycanda tətbiq etmək istəmişdi, lakin buna nail ola bilmədi.
Azərbaycanda elmin ekzotik xüsusiyyətləri nədən ibarətdir? Nüfuzlu ensiklopediyalardan bəzi alimlərin bioqrafiyasına nəzər salaq:
Albert Eynşteyn – nəzəriyyəçi fizik, müasir fizikanın banilərindən biri, foton anlayışını elmə gətirmiş, fotoeffekt qanununu kəşf etmişdir. Xüsusi və ümumi nisbilik nəzəriyyələrinin müəllifi, kvant statistikasının yaradıcısıdır. 1921-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Verner Heyzenberq – alman nəzəriyyəçi fiziki. Kvant mexanikasının matrisa variantını təklif etmiş, qeyri-müəyyənlik prinsipini kəşf etmişdir. 1932-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Frensis Krik – ingilis biofiziki və genetiki. Uotsonla birlikdə DNT-nin struktur modelini kəşf etmiş, molekulyar genetikanın əsasını qoymuşdur. 1962-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı almışdır.
Yusif Məmmədəliyev – sovet kimyaçısı, akademik, AMEA-nın prezidenti (1947–1949), Kommunist Partiyasının üzvü (1943-cü ildən). Təbii qaz və neftin emalı sahəsində tədqiqatlar aparmışdır. 1958-ci ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Həsən Abdullayev – sovet alimi, AMEA-nın həqiqi üzvü, prezidenti (1970–1983), Kommunist Partiyasının üzvü (1942-ci ildən). Əsas tədqiqat sahəsi yarımkeçiricilər fizikası olmuşdur. 1970–1984-cü illərdə SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Eldar Salayev – sovet fiziki, akademik, AMEA-nın prezidenti (1983–1997), Kommunist Partiyasının üzvü (1963-cü ildən). Tədqiqat sahələri: yarımkeçiricilər fizikası, qeyri-xətti optika, yarımkeçiricilər elektronikası. 1984-cü ildə SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Bəs bizim alimlər?
Bəli, Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almadan professor adını, professor olmadan isə akademik seçilmək mümkün deyil. Bizim model tamamilə fərqlidir. Bir riyaziyyatçı alim 27 yaşında elmlər doktoru olduğunu fəxrlə bəyan edirdi. Daha sonra universitetlərdən birinə rektor təyin edildi və həmin universiteti çox pis vəziyyətə saldı.
Bəli, doktorluq dərəcəsi bir çoxları üçün vəzifəyə can atmaq üçün əsas motivasiyaya çevrilib. Bu günün sualı belədir: “Doktorluq müdafiə etmisənmi?” Bu, əsl məzhəkədir! Hazırda müdafiə olunan doktorluq dissertasiyalarının mövzuları bir çox hallarda magistr dissertasiyalarından fərqlənmir.
Əvvəlcə Elmlər Doktoru dərəcəsi, daha sonra isə Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri (magistr və PhD) müasir Qərb modelinə uyğun olaraq universitetlər verməlidir.

Şərhlər
İndi elmimiz çox acınacaqlı gündədi. İndiki zamanda riyaziyyatçıların ən yaxşıları yaşı 55-60-70 olanlardan qalıblar. Gənc riyaziyyatçılar tək tükdü. Get gede daha da azalırlar. Əsil riyaziyyat sahəsində öz yaratdıqları nəzəriyyə, kəşfl və əsərləri ilə dünya elminə yeniliklər gətirən azərbaycanlı riyaziyyatçıları Zahid Xəlilov,Mirabbas Qasımov,Məcid Rəsulov və s. kimileri artıq yetişmeyecek. Çox təəsüf olsun.
Azərbaycanda yeni intellektual cəmiyyət formalaşıb. İntellektual cəmiyyətin innovasiyalardan istifadəsi, savadlı və intellektual cəmiyyətin yetişməsi, insanların milli, siyasi şüurunun yüksək olması, ictimai təfəkkürdə elmə, təhsilə önəmin artması, qabaqcıl bilik və bacarıqlara yiyələnən şəxslərin məşğulluğunun təmin olunması, onların potensialından geniş istifadə kimi xüsusiyyətləri Azərbaycan cəmiyyətində özünü qabarıq göstərir.
Maraqlı araşdırmadır.
Son 5 ilin hesabatı əsasında stimullaşma olmalıdır. Dərəcə söhbətində 90 faiz başqasının köməyi də ola bilər,rüşvət faktoru da hələ ölməyib,əmək məhsuldarlığı,hər bir uğurlu iş stimullaşmalıdır. Elə adam var ki,dərəcə alıb yerində sayır,mətləbi dəqiq bilənlər də susur,lakin öz əməyini satmaq fikrinə düşsə,yol açıqdır.Usta öz əməyini sata bilər,lakin əməyin özü qiymətsiz və dəyərsiz qalmaz.məhsuldar iş göz qabağındadır, sahibi satsa da,dövləti aldatmaq faktoru yaşamayacaq.
Bu günkü elmin vəziyyəti o qədər acınacaqlıdır ki, elmlər doktorluğu pilləsi ləğv edilərsə yerində nə qalacağını təsəvvür etmək belə çətindir. Bu günün fərqli sahələr üzrə fəlsəfə doktorlarının səviyyəsi tam məsuliyyətimlə deyirəm: orta məktəb şagirdinin səviyyəsindən yüksək deyil. Onlar az müddətdən sonra öyrəndikləri əllaməliklərlə professor olub, millətin boğazında yetişməmiş armuda dönəcəklər.
Elmimizdə olan nöqsanların, problemlərin həlli "ləğv" etmək, "birləşdirmək" tədbirləri yox, tanınmış alimləri cəlb etməklə - səmərəli islahatlar aparmaqla həll edilə bilər. Məqalədə verilən təklif isə zərərlidir, alimə yaraşan deyil. Təəssüflə.
“Elmi dərəcələri ... universitetlər verməlidir”.
Hansı universitetlərdən danışırsız? ”Məllim” korpusu yerli, dost, qohum-qonşularla doldurulmuş? Mübaliğəsiz, indikindən belə gülməli “doxtur”lar peyda olacq
O vaxtlar Azərbaycanda universitetlər yox idi. Bir universitet var idi.
Dokturatura ilə əlaqədar olan fikirlər tam doğrudur.Mən dəfələrlə Prezident Administrasiyasına bu fikirlərlə dəfələrlə müraciət edib öz təkliflərimi vermişəm.Ancaq təəsüflər olsun hələ də köhnə mövcud çökmüş elmi mexanizm mövcuddur.Biz daha da yüksək səviyyədə elmi sahəni görmək istəyirik.
Elm ocaqlarina Dovlet maraqli sifarishler verilmeli, elm adamlari Dovlet ehemiyyetli keshfler etmeli ve Dovletde bu shexslerde maddi maraq yaratmali, herbir elm adami layiqli ishine gore maddi qiymetlendirilmelidir! Yoxsa, oturub 30-40 il elmler namizedi, doktorluga gore elave alib yuxulamamalidir.