Etibar ƏLİYEV

9 iyun belnlxalq Dostlar Günüdür. Bu barədə nə yazmaq olar? İnternet yaranmamışdan əvvəl böyük yazıçılar, şairlər və alimlər məktublaşardılar. Həmin məktublar və nadir hallarda baş tutan görüşlər indinin özündə də maraqla oxunur. 

İki böyük şair - Rayner Maria Rilke (1875 -1926) və Boris Pasternak (1890-1960) möhkəm dost olublar və onların məktublaşmaları ədəbiyyat hadisəsidir. Görüşləri isə təsadüfən baş tutub. Pasternak yazır: “Rilke Moskvaya səyahətə gəlmişdi. Onunla təsadüfən Moskva ilə Tula arasındakı stansiyada görüşdük. Mən ailəmlə Cənuba gedirdim. Stansiyada vaqondan düşən kimi Rilkeni gördüm. Sevincək görüşdükdən sonra onun hara yollandığınını soruşdum. Sən demə o, Tolstoyu görmək üçün Yasnaya Polyanaya gedirmiş. Hiss etdim ki, Rilke çox narahatdır və səbəb Tolstoyu tapa bilməyəcəyi ilə bağlı idi. Xoşbəxtlikdən böyük şairə köməyim dəydi. Bizimlə qonşu vaqonda gedən Tolstoyun yaxın dostu yazıçının evində olması barədə teleqram almışdı.” Bəli, teleqram... 

Açıqcalar vasitəsilə dostlarımızla məktublaşmalarımız yaddan çıxarmı? İndiki gənclik bunlardan xəbərsidir. Bu nəhəng şəxsiyyətlərin dövründə internet olsa idi təsadüfən görüşə bilməyəcəkdilər. Ancaq 100-lərə belə nəhəng şəxsiyyətlər indi yetişə bilərdimi? Məncə yox!

Facebookda 1000-lərlə insanın üzünü görmədən dostlaşırıq! Tez–tez küsüşənlər olur. Nəyin üstündə olduğunu hamımız bilirik. Niyə “bəyənmə”din, niyə şərh yazmadın, niyə mənim dostumu tənqid etdin və s. Beləliklə, efemer dostluq sferasında yaşayırıq. Məncə nə vaxtsa yenidən kağız yaddaşa qayıdacağıq. Məktublaşma və teleqram dövrünə... 

Massachusetts professoru Şerri Törkl yazır: “Dostluq beyin dalğalarında, insan genomunda, ürək-damar və immun sistemində öz inikasını tapıb. Tənhalıq insan sağlamlığına mənfi təsir göstərir və ölüm riskini artırır. Texnologiyalar, xüsusilə sosial şəbəkələr bizi gündəlik məşğul edərək distant və məzmunsuz əlaqələr hesabına dərin əlaqələrdən məhrum edib. "Dost" və "bəyənirəm" sözləri son 20 ildə öz mənasını itirib. Bizim əsas ünsiyyətimiz yazılı formaya keçib. Bu gün biz fikir dağınıqlığından əziyyət çəkirik. Bizim diqqətimiz və şüurumuz haradasa başqa yerdə yerləşib.” 

Professor haqlıdır: “Dost” və “bəyənirəm” sözləri mənasını itirir və itirməkdə davam edir.

Dostlar gününüz mübarək!