Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, N.Pənahov bu təyinata qədər Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
"AzPolitika" xatırladır ki, N.Pənahov 6 dekabr 1971-ci ildə anadan olub.
O, 1988-ci ildə Bakı şəhəri 31 saylı orta məktəbi bitirib və Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olu. 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.
1993–1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildə kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiri işləyib.
2003-cü ildə "Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. N.Pənahov 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını alıb.
O, 2014-cü ildə "Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə sahib olub. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb.
Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.
N.Pənahov Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.
07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Şərhlər
Stamoyologiya fakültəsinin tələbələrinə tibbin idarə edilməsi fənni tədris edilmir və ənənəvi olaraq onların tibb sahəsində rəhbər vəzifəyə təyin olunmalarına birmənalı münasibət olmayıb