"Dövlət İmtahan Mərkəzinin rəhbəri səviyyəsində səsləndirilən qeyri-peşəkar və cinsiyyətçi bənzətmələr təəssüf ki, Azərbaycanda dövlət idarəçiliyinin və xüsusən təhsil sahəsində ictimai məsuliyyətin hansı vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Məleykə Abbaszadənin "inəyin taleyi" ilə bağlı ifadəsi təkcə uğursuz metafora deyil, həm də təhsili idarə edən şəxslərin cəmiyyətə verdiyi simvolik mesajın necə qəbuledilməz ola biləcəyini göstərən nümunədir".
"AzPolitika" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin ictimai qınağa səbəb olan fikirlərinə münasibətində deyib.
Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrinin etirazla qarşıladığı bu fikir illərlə qadın hüquqları uğrunda mübarizə aparan şəxslər və maarifləndirmə işini bir anda kölgə altına salır: "Çünki bu cür açıqlamalar ictimai şüura, gender bərabərliyinə və qadın əməyinə dəyər baxımından zərərli nümunə yaradır. Azərbaycan Respublikasının "Gender bərabərliyinin təminatları haqqında" Qanununun 3.0.2-ci maddəsinə görə, dövlət qadın və kişilər arasında sosial, iqtisadi və mədəni sahələrdə bərabər hüquqların təmin olunması üçün məsuliyyət daşıyır. Amma yüksək vəzifəli bir qadın çıxışında qadın obrazını məzmunsuz, bioloji təhqirə yaxın şəkildə təqdim edirsə, bu həm qanunun ruhuna, həm də təhsil idarəçiliyində etik dəyərlərə ziddir. Ən acınacaqlısı isə odur ki, bu fikirlər rəsmi mətbuat konfransında, media qarşısında, ictimaiyyətə yönəlik bir platformada səsləndirilir və bu çıxış təhsili idarə edən qurumun imicini kökündən sarsıdır".
Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin son illərdə şəffaflıq, hesabatlılıq və ictimai etimad baxımından ciddi tənqid olunduğunu vurğulayıb: "2023-cü ilin apelyasiya statistikalarına əsasən, buraxılış və qəbul imtahanlarında ümumi şikayətlərin sayı 48 mindən çox olub. Bu şikayətlərin əhəmiyyətli hissəsi qiymətləndirmə zamanı obyektivliyin pozulması, test suallarının mübahisəli olması və texniki qüsurlarla bağlıdır. Belə bir vəziyyətdə qurumun rəhbərinin əsas gündəmi sarkazm və uğursuz zarafatlarla müşayiət olunursa, bu, həm ictimai narazılığı artırır, həm də idarəetmənin ciddiliyini və peşəkarlığını sual altına salır".
Kamran Əsədov əlavə edib ki, dünya təcrübəsində belə hallarda dövlət rəsmiləri ictimai tənqiddən dərs çıxarır, açıq üzrxahlıq edir, hətta bəzi hallarda vəzifədən geri çəkilirlər: "Məsələn, Kanadada və Skandinav ölkələrində oxşar hallar yaşandıqda həmin şəxslərin ya ictimai şəkildə üzr istəməsi, ya da istefa verməsi presedent olub. Çünki bu, təkcə şəxsi mövqenin yox, həm də dövlətin təmsil olunma mədəniyyətinin göstəricisidir. Azərbaycanda isə bu məsələlər ya "şəxsi fikir” adı ilə pərdələnir, ya da ironiyaya çevrilərək cəmiyyətin reaksiyası görməzlikdən gəlir”.
Ekspertin fikirincə, Elm və Təhsil Nazirliyi və DİM arasında koordinasiya zəifdir, ictimaiyyətlə münasibət formal xarakter daşıyır: "Nə rəsmi şəxslərin etik davranışlarına nəzarət edən qurumlar aktivdir, nə də bu cür açıqlamaların nəticələrini dəyərləndirən ictimai şuralar yaradılıb. Təhsil sahəsində idarəetmə yalnız texniki məsələlərlə deyil, həm də simvolik və ideoloji çərçivələrlə ölçülməlidir. Bu cür açıqlamalar isə o çərçivələri dağıdır, təhsilin və dövlətçiliyin hörmətini zəiflədir. Nəticə etibarilə, yalnız təhsilin məzmununa deyil, onun necə və kim tərəfindən təmsil olunmasına da diqqət yetirilməlidir. Dövlət İmtahan Mərkəzinin rəhbəri tərəfindən səsləndirilmiş bu cür ifadələr sistemdə dərinləşmiş qeyri-ciddilik, kobud kommunikasiya və ictimai məsuliyyətsizlik problemini bir daha ortaya çıxarır. Rəsmi mövqe sərgiləməli və ictimaiyyətin təhsilə inamını qorumaq üçün ciddi tədbirlər görməlidir. Əks halda, bu tip çıxışlar təhsilin mahiyyətini və dövlətin nüfuzunu gözdən salmaqda davam edəcək".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dünən mətbuat konfransı zamanı çıxışında bir açıqlaması ilə diqqət çəkib. Baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala sədrin cavabı belə olub:"İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər".

Şərhlər
Kim iki kəlmə mediada söz danışdı olur təhsil eksperti. Kamranın işi 200 manata ixtisas seçimi eləməkdən ibarətdir.
Sağılan inək.... "Bəlkə də sağılan inəyin taleyi daha ağırdır" ...
Yoox, söhbət inəkdən-zaddan getmir. Xanım bilir nə deyir...
Artıq sağılmaqdan keçib. Dərisi soyulan inəklər deməliydi.. Nə isə
Rena xanim) sen kimsen ???
Sizin də işiniz gücünüz qurtarıb, indi elə edəcəksininz ki, inəklərin sağılmasına qadağa qoyacaqlar. Ondan sonra qatığı da tanışlıqla alacağıq.
Məleykənin , band... üzvləri tapşırıqlara əsasən çoxu burda imiş ki...
Məleykə xanım böyük iş görür. Şəffaf imtahan keçirilir. Xırda söhbətlərlə böyük işlərə xələl gətirməyək.
Nədən bəzi adamlarda belə bir fikir formalaşıb ki, yüksək çinli şəxslər daim ciddilik nümayiş etdirməli, sxematik ifadalərlə danışmalıdır. Bunu biz belə düşünürük və ruslardan öyrənmişik. Hələ başımızda ilişib qalıb. Avropada isə bu cür düşüncə sahiblərinə haqlı olaraq gülürlər. Məleykə xanımın metaforası kimlərəsə uğursuz görünə bilər. Ancaq o auditoriyaya kiçicik bir səmimiyyət səgilədi. Belə səmimi məqamları kontekstdən çıxarmaq fürsətgirlikdir.
DİM -ə elə şərait yaradıblar ki sanki o bir güc strukturudur....Təklir
f edirəm ki Dovlət imtahan komisiyası bu qurumdan ayrılsın. əzəli günlərdəki kimi...
meleyke nece il otiracaq orda ?
Əziz Azpolitika siz bir araşdırma aprın görün bu Dövlət İmtahan Mərkəzi hansı meyarlar əsasən təkrar imtahanlara rusumları tətbiq . Özü də ki bu rüsum 50 manat təşkil edir. Siz bir onların tərtib etdiyi suallara baxın. Çox bərbad vəziyyətdədir. İmtahanlara salınan suallar hec orta məktəb dərsliklərində yoxdur. suallar həddən ziyadə çətindir. Cap olunan Sual kitabçalarının qiyməti 2-3 manat olduğu halda bir abituriyentin imtahana giriş rusumu 50 manatdan aşağı deyil. Bu qiymətləri müəyyən qurum tənzimləməlidir.
derebeylik
Kamran Əsədov deyəsən Məleykə xanım Abbaszadədən yanıqlıdır. Bir sözün quyruğundan tutub ucuzluğa getmək, ciddi problemlərdən uzaqlaşmaq nə vəd edir ki.Gender bərabərliyi haqda ağızdolusu danışanlar bu bərabərliyin hansı səviyyədə olduğundan məlumatsızdırlar? Adamın ürəyi bulanır.
Bu da bizim alimimizin necə deyərlər, əndrabadi cavabı:..""İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər"....Məleykə xanım yorulub, ona istirahət lazımdır...
Salam. Kamran Əsədov nə vaxtdan təhsil eksperti olub? DİM -dən hər hansı açıqlama olan kimi, yeri gəldi-gəlmədi münasibət bildirir.