Hər bir xalqın olduğu kimi, bizim də oyun havalarımız, yəni rəqslərimiz var. Təbii ki, heç də hər kəs bu rəqslərin hamısını oynaya bilmir. Hərənin sümüyünə düşən öz havası var və bir kəs digərinin “havası”nı oynaya bilməz. Əvvəllər toylarımız mağarlarda olardı. Toyu isə sərfayı deyilən bir nəfər idarə edərdi (bəzi yerlərdə ona toybəyi də deyərdilər). Kimsə rəqs etmək istəyəndə oynayacağı havanı ona deyərdi .O isə qonaqların sifarişini musiqiçilərə çatdırardı. Kəndimizdəki Məşədi də belə sərfayılardan biri idi. Bazburutlu olduğuna görə ona “zorba Məşədi” deyirdilər. Kənddə elə bir toy olmazdı ki, Məşədi orada sərfayılıq eləməsin. Bu səbəbdən də o, kimin hansı havaya oynadığını yaxşı bilirdi. Onun babası və atası da sərfayı olmuşdular.
Bir dəfə toyların birində qonşumuz Məmməd içkili vəziyyətdə ona yaxınlaşıb "Papaq" oynayacağını dedi. Məşədi ona "Səni atan da, baban da ağır hava oynayıblar. Elə sən də həmişə "İnnabı", "Mirzeyi" oynamısan" deyə cavab verdi.
O isə "Mən bu gündən havamı dəyişirəm" - deyərək musiqiçilərin qarşısında dayandı.
Məşədi üzünü musiqiçilərə tutub “Alə, bunun üçün bir "Papaq" verin gəlsin", deyə üzünü turşutdu.
Məmməd bir-iki dəfə atılıb-düşdükdən sonra köklü ağac kimi yerə yıxıldı. Məşədi onu yerdən qaldıraraq - Sənə demədimmi siz ancaq "Mirzeyi "oynaya bilirsiniz. Papaq sizlik deyil? - dedi.
Məmməd "Məşədi, bağışla məni .Bir də qələt eləyib havamı dəyişmərəm" - deyib mağardan çıxdı.
Bu söhbəti xatırlamaqda məqsədim yalnız köhnə adətlərimizi yada salmaq deyil, həm də “oyun havası”nı dəyişmək istəyənlərə bir neçə kəlmə deməkdir. Son zamanlar bizdə də havasını dəyişib başqa havalara oynamaq istəyənlər çoxalıb. Bir qisim insan rus, bəziləri Avropa, digərləri İran, türk, Amerika və s havası oynamaq istəyirlər. İstəsinlər, özləri bilərlər. Amma hərdən bir neçə il bundan əvvəl ərəblərin öz havalarını dəyişib Amerika-Avropa havasını oynamaqlarına da baxsınlar. Hələ də oynayırlar. Müsəlmanlar Misirdə, Liviyada, Suriyada indi də atəş səsləri altında rəqslərini davam etdirirlər. Heç uzağa getməyək. Elə götürək Ukraynanı. Qışda, 40 dərəcə şaxtada Kliçko onlara necə də Avropa havası oynadırdı?! Axırı nə oldu? Krımı şabaş verdilər getdi Rusiyaya. Hələ də oyun davam eləyir. Hanı Kliçkolar, nəbilim kimlər, kimlər? Üstəlik meydanlarda qan tökülməkdədir. Elə bilirsiz ki, Amerika, Avropa Ukraynaya görə Rusiya ilə müharibə edəcək?! Yox! Əslində Rusiyaya qarşı sanksiyalar elə onların özünə də ziyandır.
Gəlin öz havalarımızı oynayaq. Xarici havaları oynayanda ehtiyatlı olmaq lazımdır. Axı bizim öz havalarımıza nə olub ki? Məsələn bizim "Cəngi"miz var, "Yallı"mız var. İndiki halda heç inanmıram ki, onları da oynaya bilək. Əgər belədirsə gəlin heç olmasa 93-dən bəri oynadığımız havanı oynayaq - "Uzundərə"ni deyirəm…
Belə baxanda "Uzundərə" oynamaq özgə havasına oynamaqdan yaxşıdır.


Şərhlər