Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu vasitəsilə qəbul etməsi təkcə texniki nailiyyət deyil, eyni zamanda siyasi və geosiyasi əhəmiyyətə malik proses kimi qiymətləndirilir.

Politoloq Elxan Şahinoğlunun fikrincə, bu hadisə həm enerji təhlükəsizliyi baxımından, həm də Moskvanın təsir dairəsindən çıxmağa çalışan ölkələrin qarşılıqlı dəstəyinin ifadəsidir.

Ekspert hesab edir ki, Azərbaycan qazının Ukraynaya çatdırılması müharibə nəticəsində Rusiya qazından tamamilə imtina etmiş Kiyev üçün həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu, Bakı ilə Kiyev arasında siyasi əlaqələrin dərinləşməsi üçün də yeni imkanlar yaradır: “Ukrayna üçün Azərbaycan qazı enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Eyni zamanda bu, Bakı ilə Kiyev arasında strateji əməkdaşlığın gücləndirilməsi deməkdir.”

Elxan Şahinoğlu qeyd edib ki, “Naftogaz Group”un SOCAR-ın Ukraynadakı törəmə şirkəti ilə imzaladığı müqavilə çərçivəsində ilk sınaq partiyası qaz artıq Transbalkan marşrutu ilə – Bolqarıstan və Rumıniya üzərindən – Ukraynaya çatdırılıb. 

Politoloqun sözlərinə görə, bu marşrut əvvəllər Rusiya qazı üçün istifadə olunub və Kreml Azərbaycan qazının həmin xəttlə nəqlini narahatlıqla izləyir: “Rusiya Ukraynanı yalnız hərbi deyil, həm də enerji təzyiqləri ilə diz çökdürmək istəyirdi. Lakin bu plan baş tutmadı.”

Politoloq əlavə edib ki, Azərbaycanın Ukraynaya qaz nəql etməsi Qərb ölkələrinin maraqlarına da tam cavab verir. Onun fikrincə, bu addım Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırır və Qərbdə ölkəmizə qarşı aparılan siyasi kampaniyaların qarşısının alınmasına da dəstək ola bilər: “Azərbaycan bu addımı ilə Ukraynanın Rusiya qarşısındakı dirənişini dəstəklədiyini nümayiş etdirdi. Bu, ABŞ və Avropa üçün praktik əhəmiyyətə malik dəstəkdir və Azərbaycanın öz maraqlarını qorumaq imkanlarını da genişləndirir.”

Politoloq xatırladıb ki, Prezident İlham Əliyevin bir ukraynalı jurnalistin sualına cavab olaraq "işğalla barışmayın" çağırışı Qərb mediasında geniş rezonans doğurub. 

Elxan Şahinoğlu bu bəyanatı Cənubi Qafqaz ölkələrinin, xüsusən də Azərbaycanın Rusiyanın imperialist siyasətindən narazılığının ifadəsi kimi dəyərləndirib:“İlham Əliyevin bu mövqeyindən sonra Mərkəzi Asiya ölkələrinin də Rusiya ilə münasibətlərində öz milli təhlükəsizlik maraqlarını ön plana çıxarmaları gözləniləndir.”

Politoloq onu da vurğulayıb ki, Ukrayna yalnız enerji sahəsində deyil, sanksiyalar istiqamətində də yeni addımlar atır. Belə ki, Prezident Volodimir Zelenskinin imzaladığı fərmanla Ukrayna artıq Rusiya ilə yanaşı Çin, BƏƏ və İrana qarşı da sanksiyalar tətbiq edib. Bu sanksiyalar Avropa İttifaqının 18-ci paketinə uyğunlaşdırılıb və əsasən kölgə donanması, ikili təyinatlı məhsullar və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli şirkətləri əhatə edir.

Şahinoğlu bildirib ki, Çinin bu qərara etirazı var. Pekin narazılığını açıq şəkildə ifadə etsə də, Kiyev bu addımı ilə Vaşinqtonun mövqeyinə uyğun hərəkət etdiyini nümayiş etdirmək istəyir: “ABŞ Konqresi Rusiyadan neft alan ölkələrə qarşı sanksiya layihəsi hazırlayır. Ən çox neft alan isə Çindir. Ukrayna bu qərarı öncədən elan etməklə, Vaşinqtonun mövqeyindən geri çəkilməyəcəyini göstərdi. Bu, Pekinin əsas narahatlığıdır.”

Rasim Əliyev
"AzPolitika.info"