Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilib.
“AzPolitika” “Şərq Qapısı”na istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Sərəncam imzalayıb.
R.Xudiyev ötən ilin mayında bu vəzifəyə təyin edilmişdi.
Qeyd edək ki, Rəşad Xəlil oğlu Xudiyev 21 oktyabr 1977-ci ildə Naxçıvan şəhərində anadan olub. 1984–1994-cü illərdə Naxçıvan şəhəri 7 nömrəli orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə əyani, 2007–2010-cu illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə qiyabi təhsil alıb.
Rəşad Xudiyev əmək fəaliyyətinə 1998-ci ildə Babək rayonu Nehrəm kənd 1 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. Daha sonra Babək qəsəbə və Çeşməbasar kənd orta məktəblərində pedaqoji fəaliyyətini davam etdirib. 2003-cü ildə Babək Rayon Təhsil Şöbəsində metodist vəzifəsinə təyin olunub. 2005–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində aparıcı məsləhətçi, 2007-ci ilin may ayından isə həmin qurumda Aparat rəhbəri vəzifəsində çalışıb. 2017-ci il martın 1-dən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsində böyük məsləhətçi, həmin ilin avqust ayından isə baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib.
Rəşad Xudiyev 29 noyabr 2017-ci ildə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini təyin edilib.
23 aprel 2018-ci ildə NMR Mədəniyyət və Turizm Nazirliyinin əsasında NMR Mədəniyyət Nazirliyi və NMR Turizm Departamenti yaradılıb.Daha sonra o, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunub və 18 mart 2019-cu ilə qədər bu vəzifədə çalışıb.
2019–2021-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri, həmçinin 2020–2021-ci illərdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru olub. 2021–2024-cü illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
27 may 2024-cü ilin may ayında o, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin olunub. Bu gün həmin vəzifədən azad edilib.
Yeni Azərbaycan Partiyasının üzüdür.
Ailəlidir, üç övladı var.
"AzPolitika.info"

Şərhlər